Məhkəmə qərarları › İş №2(107)-899/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-899/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-899/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddiasına dair Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(014)-515/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 iyun 2008-ci ildə anadan olmuş X3, 25 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 24 oktyabr 2014-cü ildə anadan olmuş X4 adlı üç uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün cavabdehdən onun xeyrinə 170 manat,cəmi 510 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(014)-515/2021 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddiа qismən təmin edilmiş, Cavabdeh 07 yanvar 2021-ci il tarixdən başlayaraq 07 iyun 2008-ci ildə anadan olmuş X3, 25 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 24 oktyabr 2014-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutlması, qətnamənin alimentin ödənilməsi hissədə dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin faktiki halları: İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o cavabdehlə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşdur, birgə nikahlarından 07 iyun 2008-ci ildə anadan olmuş X3, 25 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 24 oktyabr 2014-cü ildə anadan olmuş X4 adlı üç uşaqları vardır. Xasiyyətlərinin uyğun olmaması səbəbindən rəsmi olaraq ayrılmışlar. Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşaqlar onun himayəsində saxlanılmışdır. Ayrıldıqları vaxtdan etibarən cavabdeh uşaqlara maddi yardım etmir. Heç bir yerdə işləmir, alimentə ehtiyacı vardır. Cavabdeh isə usta işləyir, həmçinin pensiya alır. Yəni cavabdeh tələb edilən alimenti ödəmək iqtidarındadır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, maddi durumu zəif olduğu üçün, heç bir yerdə işləmədiyi üçün, həmçinin gözü xəstə olduğu üçün tələb olunan ailimenti ödəmək iqtidarında deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh oğlu apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Məhkəmənin qətnaməsi ilə razı deyil, hesab edir ki, məhkəmənin alimentin məbləği haqqında gəldiyi nəticə əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki. uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdeh usta işləyir və pensiya alır, yəni maddi imkanı yaxşıdır. Cavabdehin uşağın saxlanılmasına kömək etmək borcu olduğu halda bunu etmir. Lakin, iddiaçı iddia ərizəsində göstərdiyi halları, yəni onun maddi vəziyyətinin yaxşı olmasını, işləməyini, pensiya almağını, özünün işləməməsinı, maddi vəziyyətinin ağır olmasını, uşağın saxlanılması üçün çətinliklərin nədən ibarət olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yəni tərəflərin maddi və ailə vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bildirir ki, o işləmir və xəstə olsa da, hər hansı formada pensiya almır. İşsiz kimi Məşğulluq Xidmətində qeydiyyatdadır. Nurcan və Səid adlı uşaqları sağlamlıq imkanları məhdud olduqlarına görə müavinət alırlar. O "Boyunun aşağı ön səthinin Lipoması” və ST- Localis: VOO-O.l k/ilə, sph-4.0-cyl-1.75 ak 0.8. VOS=0.1 k/ilə sph-4.0-cyl- 1.25 ak 0.5, yəni “OU-Miirəkkəb miopik astiqmatizm” xəstəliklərindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar bir çox ağır işlərdə işləyə bilmir. Xəstə anası ilə birlikdə olur və ailənin yeganə qazanc yeri anasının aylıq aldığı pensiya və hərdən özünün yüngül iş taparaq günəmuzd işlərdən gələn gəliridir. Göründüyü kimi onun maddi və ailə vəziyyəti olduqca ağırdır. O, bir valideyn kimi ayrı yaşayan uşaqlarına baxmağa borcludur və onların saxlanılması üçün valideyn məsuliyyətini yaxşı dərk edir. Lakin, onun sağlamlığı uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdə alimentin ödənilməsinə olduqca çətinlik yaradır. Belə ki, yuxarıda onun fiziki sağlamlığı daimi işləyərək həmin məbləğdə alimenti ödəməyinə imkan vermir. O, belə bir vəziyyətdə hər ay hər uşağa yalnız 60 manat olmaqla 180 manat aliment ödəməyə gücü çatmasını və həmin faktları, məhkəməyə təqdim etməkdə məqsədi aliment ödəməkdən yayınmaq olmadığını məhkəmə zamanı bildirmişdir. O xəstə olmağını və həmin xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, həmin faktlar işə baxan məhkəmə tərəfindən ətraflı və obyektiv araşdırılmamış, yalnız uşaqlarından ayrı yaşayan valideynin uşaqlarını saxlamağın onun borcu olmasını əsas göstərməklə məlum qətnaməsini qəbul etmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı “Aliment tələbi haqqında” 2(014)-515/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddianın qismən- Cavabdeh 07 iyun 2008-ci ildə anadan olmuş X3, 25 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 24 oktyabr 2014-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat alimentin tutulmasına dair yeni qətnamə qəbul etməyinizi xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar:: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(014)- 515/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nikah Ağdaş rayon Qeydiyyat şöbəsində Ağdaş RİHBin Qülbəndə kənd İƏD üzrə Nümayəndəliyində Qülbəndə kəndində 17 iyul 2007-ci ildə qeyd edilmiş, onların birgə nikahından 07 iyun 2008-ci ildə təvəllüdlü X3, 25 sentyabr 2009-cu ildə təvəllüdlü X2 və 24 oktyabr 2014-cü ildə təvəllüdlü X4 anadan olmuşdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə AM-in) 75.4, 78.1, 78.1, 84.2.1, 86 və 100.2-ci maddələrinə istinad edən birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, öyrənilən işin mübahisələndirilməyən hallarından bəlli olur ki, Cavabdeh ilə İddiaçı arasında nikah 17 iyul 2007-ci tarixdə Ağdaş RİHBin Qülbəndə kənd İƏD üzrə Nümayəndəliyində Qülbəndə kəndində qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 07 iyun 2008-ci il təvəllüdlü X3, 25 sentyabr 2009-cu il təvəllüdlü X2 və 24 oktyabr 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Azyaşlı uşaqlar iddiaçının yanındadır. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş alimentlin məbləği ilə bağlı məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Əksər valideynlər üzərlərinə düşən bu vəzifəni sevə-sevə yerinə yetirsələrdə, çox nadir hallarda üzərlərinə düşən bu müqqədəs öhdəliyi lazımı qaydada icra etməyən valideynlərə də rast gəlinir. Hazırkı işdə də belə bir vəziyyət yaranmışdır. Belə ki, sözün əsl mənasında uşaqları saxlamaq üçün daha çox üstün imkanlara malik olan ata valideynlik vəzifələrini tam şəkildə icra etməkdən yayınır. AM-in 75-ci maddəsi məhkəməyə belə valideynlərin öz vəzifələrini icra etməyə məcbur etmək səlahiyyəti vermişdir. Ona görə də məhkəmə kollegiyası bu səlahiyyətindən istifadə edərək, hazırkı mübahisəyə müdaxilə etmək qənaətindədir. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-n 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin alimentlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. Çünki, öyrənilən işdən aydın olur ki, iddiaçı ana cavabdeh atadan fərqli olaraq heç bir yerdə işləmir, eləcə də tərəflərin birgə nikahlarından 07 iyun 2008-ci il təvəllüdlü X3, 25 sentyabr 2009-cu il təvəllüdlü X2 və 24 oktyabr 2014-cü il təvəllüdlü X4 azyaşlıdırlar, bu halda iddiaçı ananın faktiki olaraq işləmək imkanını məhdudlaşdır. Göstərilənləri nəzərə alan məhkəmə kolegiyası hesab edir ki, uşaqların saxlanılması üçün alimenti hər ay hər uşaq üçün 100 (yüz ) manat məbləğində olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən etməkdə birinci insyansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunun İ hissəsinə əsasən ölkə üzrə yaşayış minimumunun həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, cavabdeh-ananın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsi nəzərə alınmaqla, alimentin tələb olunan məbləğini, yəni yetkinlik yaşına çatmayan uşaqlar üçün hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində olmaqla, cəmi 300 (üç yüz ) manat həddində müəyyən edilməsi daha ədalətlidir. Çünki, faktiki olaraq belə halda həmin məbləğlə yaşayış minimumu arasındakı fərq də az olur. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, tərəflərin birgə izdivacından doğulmuş uşaqlar az yaşlıdır. Bu uşaqlar iddiaçı-ananın himayəsindədir. Belə olan halda isə iddiaçıana istəsə də faktiki olaraq öz ehtiyaclarını qarşılamaq məqsədi ilə öz işləmək imkanını gerçəkləşdirə bilmir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(014)-515/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(014)-515/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar