Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-911/2025 04.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(075)-2083/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tаrixli, e-2(075)-2083/2025 nömrəli qərardadı ilə (hakim Pərvanə Məmmədova) İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(075)-2083/2025 saylı qərardadından narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun faktiki olaraq himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - 08 may 2015-ci il təvəllüdlü X2 və 23 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sonrakı artımlarda nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi 05 avqust 2025-ci il tarixdə Şəki Rayon Məhkəməsində 2(075)-2083/2025 nömrə ilə icraata götürülmüşdür. Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(075)-2083/2025 nömrəli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Buna əsas kimi tərəfindən ərazi aidiyyətinin pozulduğu göstərilmişdir. Bildirir ki, o, Ağdam rayonunda qeydiyyatda olsa da, faktiki olaraq, ünvan 1 ünvanında yaşayır. Hətta, uşaqları da onunla birlikdə eyni ünvanda yaşayırlar. Bununla bağlı verilmiş arayışı da iddia ərizəsinə əlavə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. O da faktiki olaraq ünvan 1 ünvanında yaşadığından və iddia tələbin alimentin alınması ilə bağlı olduğundan hazırki tələblə Şəki Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 36.3- cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Buna görə də Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(075)-2083/2025 nömrəli qərardadından narazıdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(075)-2083/2025 nömrəli qərardadının ləğv edilməsi və tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tаrixli, e-2(075)-2083/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPMnin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Türman kəndində qeydiyyatdadır. İddiaçı ünvanı isə Laçın rayonu, Daşlı kəndidir. Göründüyü kimi iddiaçı MPM-in 35.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinə, öz seçimi ilə MPM-in 36.3-cü mddəsinə əsasən Laçın Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən isə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Bu normalara əsasən Azərbaycan Respublikasında yaşayan şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı, bundan ötrü müvafiq icra hakimiyyəti orqanlarına müraciət edərək rəsmi qaydada qeydiyyata götürülməlidirlər. Qanunun tələbi və məqsədi baxımından, yaşayış yeri üzrə qeydiyyata alınma halı yoxdursa, həmin yer yaşayış yeri kimi hesab edilə bilməz. Habelə, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən, yəni rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) ünvan onun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Hazırki işdən isə görünür ki, iş üzrə İddiaçı Laçın rayonunun Daşlı kəndində, cavabdeh isə Bərdə rayonunun Çəmənli kəndində qeydiyyatdadırlar. Buna görə də iddiaçı aidiyyəti üzrə həmin ərazi üzrə (Laçın və yaxud Bərdə) rayon məhkəmələrinə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Tərəflər arasındakı mübahisəyə daha əvvəl Şəki Rayon Məhkəməsində baxılması faktı isə məhkəmə aidiyyətinin hazırkı iş üzrə dəyişməsinə əsas ola bilməz. MPM-in 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(075)-2083/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402.2- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tаrixli, e-2(075)-2083/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-911/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-911/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver