Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-917/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, iddiaçı X4 və Cavabdeh iştirakı ilə, iddiaçı X1 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı aliment tələbinə dair mülki işi üzrə Göyçay Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 13 aprel 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Ayan adlı uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Ayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Hazırda cavabdehlə ayrılmışlar. Cavabdeh azyaşlı uşağın tələbatlarını ödəmir, maddi durumu ilə maraqlanmır. Göyçay Rayon Məhkəməsinin (bundan sonra- Rayon Məhkəməsi) 2(046)-421/2024 nömrəli iş üzrə qəbul etdiyi 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, azyaşlı X5 iddiaçının yanında qalır, cavabdeh iddiaçıya könüllü olaraq aliment ödəmir. Cavabdeh iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında olmadığını bildirir. Məhkəmə hesab edir ki, tərəflərin gəlirini nəzərə alaraq azyaşlı uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələlərinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı və cavabdeh uzun müddətdir ayrı yaşayır, lakin maddi imkanı olmadığına görə cavabdeh yenidən ailə həyatı qurmamışdır. Alimentin məbləği 200 manat məbləğində müəyyən edilərsə qətnamənin icrası çətinləşəcəkdir. İddiaçı ilə nikah bağladıqdan indiyə qədər cavabdeh heç bir yerdə işləmir. İddiaçı 360 manat pensiya alır, cavabdehin isə heç bir gəliri yoxdur. Deməli, iddiaçı kifayət qədər maddi gəlirə malik olmaqla uşağı normal saxlamaq imkanına malikdir. Cavabdeh heç bir yerdə işləmir, heç bir əmlakı yoxdur, atasının təsərrüfatında yaşayır. Cavabdehin xəstəlikdən əziyyət çəkməsi, heç bir yerdə işləməməsi, heç bir gəlirinin olmaması, maddi cəhətdən əziyyət çəkməyi nəzərə alınmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının iddiası qismən təmin edilsə də, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, iş üzrə tərəflərin bildirdiklərindən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflər 13 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu münasibətlərdən onların bir uşağı anadan olmuşdur: xx.xx.2018-ci il təvəllüdlü Ayan. Tərəflərin münasibətləri pozulmuş, tərəflər ayrılmışlar və Ayan anasının(iddiaçının) yanında qalır. İş üzrə tərəflərin arasında mübahisə doğuran hal iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan Ayanın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğidir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o işləmir, əmlakı və ya başqa gəlirləri yoxdur, xəstəlikdən əziyyət çəkir, iddiaçının uşağı saxlamaq üçün kifayət qədər imkanı var. Məhkəmə bununla bağlı bildirir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa aliment məhkəmə qaydasında tutulur. Aliment sabit pul məbləğində tutulursa sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşağın saxlanması üçün onun maddi ehtiyaclarının ödənilməsi öhdəliyi isə hazırki halda atanın üzərinə düşmüşdür. Başqa sözlə, aliment ödəməyə borclu olan tərəf indiki halda cavabdehdir. Lakin cavabdeh öz üzərinə düşən vəzifədən yayınaraq, iddiaçını yəni ananı həmin vəzifəyə ortaq etmək niyyəti ilə çıxış edir. Məhkəmənin fikrincə cavabdehin bu mövqeyi ədalət prinsipi baxımından düzgün deyildir. İşləyib-işləməmək barədə qərar cavabdehin verəcəyi şəxsi qərardır və ananın gəlirinin olması isə cavabdehi öz valideynlik vəzifələrinin icrasından azad edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, maddi vəziyyətinin hansı səviyyədə olmasından asılı olmayaraq, cavabdeh uşağını saxlamağa borcludur və cavabdehin xəstə olması dа onu uşağa görə alimenti ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2024cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-917/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-917/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver