Məhkəmə qərarları › İş №2(107)-922/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-922/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-922/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi və Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Şəki rayon 2 saylı Notariat Kontoruna qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan torpaq sahələrinin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-36/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-36/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-36/2020 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən onun mülkiyyətində olan ünvan 1, mənzil 46 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Rəsmiləşdirmə aparılarkən o, iştirak etməmiş, nə kredit, nə də ipoteka müqaviləsindən xəbəri olmuşdur. Şəki rayon 2 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş ipoteka müqaviləsi iradəsini əks etdirmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnamə çıxararkən tək ekspert rəyinə istinad etmiş, onun həmin vaxt xəstəxanada yatmağını nəzərə almamışdır. O, notariusa gedərək heç bir sənədə imza etməmişdir. Hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməli, faiz və cərimə borcu tamamilə azaldılmalır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı hazırki tələblə iddia verməklə süni maneələr yaradır. Məhkəmə prosesinə gələnə qədər də iddiaçı tərəfin bankla razılıq əldə etməsinə dair ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, həmin teleqram da işin süni şəkildə yubadılmasına xidmət edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətindən göründüyü kimi Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: xx xxxx 2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqaviləsi əsasında Cavabdeh2 QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Şəki rayon 2 saylı Notariat kontorunda bağlanmış xx xxxx 2014-cü il tarixli, 07M000000442 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı ona məxsus mənzili xx xxxx 2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsi üzrə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzildir. Cavabdeh1 xx xxxx 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən atası İddiaçı məxsus Şəki rayonu, Qoxmuq kəndində xüsusi mülkiyyətdə olan 0.0915 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. X4 xx xxxx 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən atası İddiaçı məxsus Şəki rayonu, Qoxmuq kəndində xüsusi mülkiyyətdə olan 0.0915 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. X2 xx xxxx 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, 08 iyul2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən əri İddiaçı məxsus Şəki rayonu, Qoxmuq kəndində xüsusi mülkiyyətdə olan 0.0915 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. X1 xx xxxx 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli, 07L000006465 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən qayınatası İddiaçı məxsus Şəki rayonu, Qoxmuq kəndində xüsusi mülkiyyətdə olan 0.0915 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 22538 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş İddiaçı adından olan ərizədə “İmza:” qrafasındakı imza; Cavabdeh2 QSCnin Şəki filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 07M000000442 nömrəli ipoteka müqaviləsində “5.2 İpoteka verən:” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı adından olan ərizədə “İmza:” qrafasındakı imzada; Cavabdeh2 QSC-nin Şəki filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 07M000000442 nömrəli ipoteka müqaviləsində “5.2 İpoteka verən:” qrafasındakı imzada – İddiaçı tərəfindən qəsdən dəyişdirilməklə imza olunma faktı aşkar olunmadı. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Həmin Məcəllənin 339.3. maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3. maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). Beləliklə də yuxarıda sadalanan normalardan da göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, xaraktercə şəxsə təsir göstərə bilən və onun şəxsən özünə və digər ailə üzvlərinə, onların əmlaklarına real xətər yetirən zorakılıq hərəkətləri və onlara real təhlükə yarada biləcək hədələr məcburetmə və ya aldatma üsulları sayılırlar. Bunlardan birinin tədbiq edilməsi ilə bağlanılmış əqd mübahisə edilə bilər. Məhkəmə kollegiyasının iclasında isə mübahisə predmeti olan müqavilələrin hədə-qorxu, aldatma, görünüş nəticəsində, yəni real təhlükə yarada biləcək hədələrlə bağlanması sübut olunmur. Əksinə qeyd olunan müqavilələrin tərəflərin könüllü iradəsi əsasında bağlanması iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçıla cavabdeh Bank arasında öz razılıqları və şəxsi iradə ifadələri əsasında qeyd olunan müqavilə bağlanmış, iddiaçı da həmin müqaviləyə şəxsən özü imza etmişdir. Mübahisənin bu halı iş üzrə təyin edilmiş ekspert rəyi ilə sübut olunur. Bundan əlavə müqavilə rəsmiləşdirilən zaman tərəflər, o cümlədən də iddiaçı müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrinə uyğun hərəkət etmişlər. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər, o cümlədən də iddiaçı aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və gələcəkdə doğura biləcək risk dairəsini əvvəlcədən bilirdilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla apelyasiya şikayəti vermək xatirinə və işi süni şəkildə yubatmaq məqsədilə verilən bir şikayətdir. Çünki apelyasiya şikayətində göstərilən dəlillə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və buna dair təsdiqedici rəy də almışdır. İkincisi apelyasiya şikayətinin formallığı özünü həm də orada göstərir ki, şikayətin “xahiş edirəm” hissəsində faiz və cərimə hissəsinin ləğv edilməsi xahiş olunmuşdur. Halbuki iddianın predmeti əqdin etibarsızlığından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnaməninləğviüçünhüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-36/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar