Məhkəmə qərarları › İş №2(107)-924/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-924/2025

04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-924/2025 04.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)- 2079/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı 04 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - 19 noyabr 2016-cı il təvəllüdlü X3, 18 noyabr 2017-ci il təvəllüdlü X4 və 06 oktyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)-2079/2025 nömrəli qərardadı ilə İddiaçı həmin “aliment tutulması” tələbinə dair iddia ərizəsi “ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalı deyil” əsası ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1 və 36.3-cü maddələrinə istinad olunmaqla, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmış (hakim Kamran Musayev) və məhkəmə tərəfindən həmin qərardad həm iddiaçı, həm də cavabdehin Laçın rayonunun Daşlı kəndində qeydiyyatda olmaları və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun normaları ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin qərardaddan narazı qalan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək, “aliment tutulması” tələbi barədə iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar qəbul olunmuş Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)-2079/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və həmin şikayətini onunla əsaslandırmışdır ki, o, Laçın rayonu Daşlı kəndində qeydiyyatda olsa da, faktiki olaraq uşaqları ilə birlikdə Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsi, ev 60 ünvanında yaşayır. O, bununla bağlı verilmiş arayışı da iddia ərizəsinə əlavə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar - iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Buna görə də, o, faktiki olaraq Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsi, ev 60 ünvanında yaşadığından və iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, hazırki tələblə Şəki Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən “alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar” iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Ona görə də, Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(075)-2079/2025 nömrəli qərardadından narazıdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-2079/2025 nömrəli mülki iş üzrə qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş həmin şikayət təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)- 2079/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılaraq, şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə əsasən işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)-2079/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə - apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e- 2(075)-2079/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən İddiaçı “aliment tutulması” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasına dair qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)- 2079/2025 nömrəli qərardadı tam ləğv edilərək, İddiaçı “aliment tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinin tərəflərin iştirakı ilə çəkişmə prinsipinə riayət edilməklə, birinci instansiya məhkəməsində yenidən müzakirəsi məqsədilə iş materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, e-2(075)-2079/2025 nömrəli iş materiallarında və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(075)-1071/2019 nömrəli qətnaməsi ilə Laçın rayonunun Daşlı kəndində rəsmi qeydiyyatda olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” barədə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 10 mart 2017-ci il tarixdə Şəki şəhər İHB-nin Yeni Çələbixan məcburi köçkünlər qəsəbə İcra Nümayəndəliyində bağlanmış 04 nömrəli nikahın pozulması və tərəflərin birgə nikahdan olan uşaqların, yəni 19 noyabr 2016-cı il təvəllüdlü X3 və 18 noyabr 2017-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Eləcə də, hazırkı iddia ərizəsinə Laçın rayonundan məcburi köçkün olan İddiaçı ünvan 1 ünvanında yaşaması barədə 27 mart 2019-cu il tarixli arayış da əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar - iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində şəxsin yaşayış yerinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35 və 36-cı maddələrində iddianın xarakterindən asılı olaraq ərazi aidiyyəti üzrə işə baxan məhkəmələr fərqli meyarlarla müəyyən edilmişdir. Yəni, 35.1-ci maddədə “qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu” təsbit edilsə də, iddiaçının seçməsinə görə aidiyyətin müəyyən olunduğu 36.3-cü maddəsində isə “alimentin alınması ... haqqında iddiaların” iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verə bilməsi təsbit olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “şəxsin yaşayış yeri” anlayışından isə görünür ki, “şəxsin yaşayış yeri” yalnız “şəxsin rəsmi qeydiyyat ünvanı” ilə məhdudlaşmır və “şəxsin yaşayış yeri” daha geniş əhatəli olmaqla, “şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri” başa düşülür. Həmçinin, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsinin nizamlandığı “Ərazi aidiyyəti” adlanan 4-cü fəslində ümumi norma olaraq təsbit olunmuş 35.1-ci maddəyə əsasən “qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi” müəyyən olunduğu halda, həmin Məcəllənin 36.3-cü maddəsinin tələblərinə görə “alimentin alınması ... haqqında iddialar” - iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində işlərin ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmələrin müəyyən edilməsi zamanı “rəsmi qeydə alınma” (maddə 35.1) və yaxud, iddiaçının özünün “yaşadığı yer” (maddə 36.3) meyarlarından istifadə edilmişdir. Odur ki, hüquq normasının qrammatik (yəni, qanunvericinin işlətdiyi sözə fikir verilməli və dilin qrammatik bölməsi və sözlərin məna uyğunluğu müqayisə edilməli) və məntiqi (yəni, maddənin anlamı, onun digər maddələr qarşısındakı vəziyyəti və s. təsbit edilməli) təfsir metodlarına əsasən müəyyən etmək mümkündür ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi norma olaraq 35.1-ci maddədə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı cavabdehin “rəsmi qeydiyyat” ünvanına istinad olunsa da, həmin Məcəllənin 36.3-cü maddəsində “iddiaçının özünün yaşadığı yer” ünvanına istinad olunmaqla “alimentin alınması ... haqqında iddiaların” iddiaçının özünün yaşadığı ünvanın yerləşdiyi ərazinin aid olduğu birinci instansiya məhkəməsinə müraciət etmək hüququ da tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarında göstərmişdir ki, Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki-Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə, işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki-prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Göründüyü kimi, “alimentin alınması” haqqında iddialar üzrə məhkəmə iclasında iştirak etməli olan iddiaçının “rəsmi qeydiyyat yeri” üzrə deyil, faktiki yaşadığı yer üzrə baxılmalı olması imkanını da müəyyən edən Qanunvericiliyin məqsədi - himayəsində azyaşlı uşaqları olan iddiaçının həmin iddia tələbi üzrə keçirilən məhkəmə iclasında iştirak imkanının artırılması və onun məhkəmə iclasında iştirak etməsinə müvafiq şəraitin yaradılmasıdır. Eyni zamanda, hazırkı şikayətin dəlilləri ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia ərizəsinin və məlum qərardaddan verilmiş şikayətin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Laçın rayonu Daşlı kəndində qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq hal-hazırda da uşaqları ilə birlikdə məcburi köçkün kimi “ünvan 2 ünvanında, yəni Şəki rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi və şikayətini əsaslandırdığı sənədlər təxminən 6 il əvvəlki vəziyyəti, yəni 2019-cu ilə aid vəziyyəti müəyyən edir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçının hal-hazırda da məcburi köçkün kimi Şəki rayonu ərazisində yaşamasını müəyyən etmək üçün iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə - çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa və hazırkı iddia ərizəsi üzrə Mülki-Prosessual Məcəllənin 36.3-cü maddəsinin əlamətlərinin mövcud olub-olmamasını müəyyən edə bilərdi. Qeyd etmək lazımdır ki, hazırkı vəziyyəti əks etdirən “məcburi köçkün kimi məskunlaşma” barədə rəsmi arayış - yaşayış yeri üzrə rəsmi qeydiyyatı deyil, iş üzrə iddiaçının məcburi köçkün kimi faktiki yaşadığı yeri müəyyən edən sənəddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Beləliklə də, işin yuxarıda qeyd olunan konkret hallarına əsasən birinci instansiya məhkəməsinin hakimi - iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə baxa və işin ərazi aidiyyətini tərəflərin iştirakı ilə müəyyən edə bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)-2079/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İddiaçı “aliment tutulması” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasına dair qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(075)- 2079/2025 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinin çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində yenidən müzakirəsi məqsədilə e-2(075)-2079/2025 nömrəli mülki iş materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar