Məhkəmə qərarları › İş №2(107)-94/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-94/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-94/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X9 və qeyrilərinə qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi, vicdanlı sahib) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsindən İddiaçı, Cavabdeh3 və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində əkilmiş ağaclara görə ümumilikdə cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 47000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ona qarşı iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə müraciət edərək onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin, apellyasiya şikayəti ilə bağlı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının və Ali məhkəmənin Mülki Kollegiyasının məhkəmə aktları ilə idda tələbi təmin edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması icra və probasiya şöbəsi tərəfindən təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə məlum olmuşdur ki, o, həmin torpaq sahəsini öz torpaq sahəsi bilərək ona külli miqdarda sərmayə qoymuş, orada qoz ağacları, fındıq topaları və digər ağac növləri əkmişdir. Hazırda həmin ağacların bir qismi gələn ildə bar verəcəkdir. Onun hüquqi savadsızlığı və düzgün məsləhət ala bilməməsi səbəbindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyindən məhkəmələr yalnız mülkiyyət hüququna əsaslanaraq torpaq sahəsinin ondan alınması qərarlarını qəbul etmişlər. Lakin bu heç də o anlama gəlmir ki, o, çəkdiyi xərcləri cavabdehlərdən geri tələb etməsin. Ona maraqlıdır ki, ötən bu illər ərzində cavabdehlər susmuş, torpaqların münbit məhsuldar olması zamanı gözləmiş, yalnız məhsuldarlıq artdıqdan sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bəllidir ki, Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin müddəalarına görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə eyni yenidən araşdırılmır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in HDQHDƏDR-dən RX 103850 seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasının 23 noyabr 2017-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2018-ci il tarixli, 1368 saylı ekspert rəyi müəyyən edilmişdir ki, iddiaçıların birgə mülkiyyətində olan 1.34 ha torpaq sahəsi cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətidir. Bu torpaq sahəsində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçıların paylı mülkiyyətinə verilmişdir. O, mülkiyyət hüququ haqqında çıxarışa əsasən maneəsiz mübahisəli torpaq sahəsindən istifadə etmişdir. Xüsusi ilə qeyd edir ki, cavabdehlər ona iddia qaldırdıqları günədək pretenziya bildirməmişlər. Belə olan halda o, həmin torpaq sahəsində əkdiyi ağacların dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin qeyd edir ki, bu halda vicdanlılıq nəzərə alınmalıdır. Həmin mübahisəli torpaq sahəsində o, 300 ədəddən çox fındıq topası və qoz ağacları əkmişdir. Həmin ağaclardan başqa meşə ağacları da əkmişdir ki, hazırda onlar 10 illik ağaclar olmaqla qiymətli növlərə aiddir. Torpaq sahəsində kultivasiya və drenajlar çəkdirməsinə baxmayaraq qanuni qüvvəsini almış qətnamədə Torpaq Məcəlləsinin 111-ci maddəsi tətbiq edildiyindən həmin xərcləri istəmir. Belə ki, bu qanunla yolverilməzdir. Hesab edir ki, cavabdehlərdən ümumilikdə ağaclara görə 47.000 manat məbləğində pul alınaraq ona verilməlidir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsi ilə (hakim T. Həsənov) iddia qismən təmin edilmiş, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi olaraq 4638 (dörd min altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunu özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədir. Bu torpaq sahəsində cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Həmin çıxarışa əsasən məlum torpaq sahəsi cavabdehlərin paylı mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçı tərəfindən zəbt edildiyi üçün cavabdehlərin iddiası əsasında İddiaçı X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin torpaq sahəsində olan meyvə ağaclarını İddiaçı əkmişdir. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. İddiaçı həmin torpaq sahəsində əkilmiş ağaclara görə ümumilikdə cavabdehlərdən müştərək qaydada 47000 manatın alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mübahisəli torpaq sahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan meyvə ağaclarını İddiaçı əkmişdir. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. Qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı 20 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün 15 ədəd qoz ağacı (hər birinin qiyməti 25 manat olmaqla), 116 ədəd akasiya ağacı (hər birinin qiyməti 3 manat olmaqla), 21 ədəd qabaq ağacı (hər birinin qiyməti 15 manat olmaqla), 26 ədəd qızılağac (hər birinin qiyməti 10 manat olmaqla), 82 ədəd fındıq ağacı (hər birinin qiyməti 40 manat olmaqla), 2 ədəd gər ağacı (hər birinin qiyməti 10 manat olmaqla), 4 ədəd söyüd ağacı (hər birinin qiyməti 10 manat olmaqla) əkmiş və nəticədə 4638 manat vəsait sərf etmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, 20 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağacların əkilməsi və 4638 manat vəsait sərf edilməsinin əsassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin bu hallarını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 20 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 15 ədəd qoz ağacı (hər birinin qiyməti 25 manat olmaqla), 116 ədəd akasiya ağacı (hər birinin qiyməti 3 manat olmaqla), 21 ədəd qabaq ağacı (hər birinin qiyməti 15 manat olmaqla), 26 ədəd qızılağac (hər birinin qiyməti 10 manat olmaqla), 82 ədəd fındıq ağacı (hər birinin qiyməti 40 manat olmaqla), 2 ədəd gər ağacı (hər birinin qiyməti 10 manat olmaqla), 4 ədəd söyüd ağacının (hər birinin qiyməti 10 manat olmaqla) əkilməsi və nəticədə 4638 manat vəsaitin sərf edilməsi ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Məhkəmə iclasında iddiaçı həqiqətən cavabdehlərdən ona dəymiş zərərin əvəzi olaraq ona 4638 manatdan çox, yəni 47000 manat ziyan dəyməsini sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əgər iddiaçı tərəf öz xərci hesabına əkibbecərdiyi ağaclardan bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Cavabdehlərin mülkiyyətində olan 1,34 ha olan torpaq sahəsinə iddiaçı tərəfindən 4638 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci, 21.1-ci, 21.2-ci, 152.1-152.4, 157.2 və 157.4-cü, 560.1-ci, 1090.1.-ci, 1090.2.-ci, 1091.2.-ci, 1092.-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələri, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, “Avşar Türkiyəyə qarşı” AİHMnin qərarı, “Cavabdeh4anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılarkən Zaqatala rayon Mosul kəndində yerləşən 1.34 ha torpaq sahəsinin onun 20 il müddətində istifadəsində olması sübut olunmuşdur. Məhkəmənin hazırki qənaətinə gəlməyinin əsasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin rəyi təşkil etmişdir. Lakin, o, həmin rəylə razılaşmır və qeyd edir ki, qoyulan qiymət çox ucuzdur. Odur ki, o, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, məhkəmənin hazırki qənaətinə gəlməyinin əsasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin rəyi təşkil etmişdir. Lakin, RX 103850 seriyalı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 1.34 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində maksimum 40 ədəd cavan fındıq ağacı vardır. Həmin ərazidə başqa ağac yoxdur. Yerdə qalan fındıq kolları isə tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyi müddətdə, yəni 2018-2019-cu illərdə əkilmişdir ki, onların bəziləri bitmiş, bəziləri isə qurumuşdur. Bütün bunlara baxmayaraq, işə baxan Zaqatala Rayon Məhkəməsi iddiaçının iddia etdiyi ağacların yerləşdiyi ərazinin RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş 1.34 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yerləşib-yerləşməməsini müəyyən etmək məqsədi ilə müvafiq olaraq mütəxəssis və ya ekspert rəyi almamışdır. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iş üzrə İddiaçı qarşısında öhdəlik götürməmişdir ki, sonuncu ümumi paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir iş görsün və sonra da görülən işin xərcini ödəsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 385.2-ci,m 386.1-ci maddələrinin tələblərindən göründüyü kimi, iş üzrə İddiaçı yalnız belə bir öhdəlik götürdüyü təqdirdə cavabdehlərdən görülən işlərin xərclərini tələb edə bilərdi. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericilyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, o, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin iddianın təmin edildiyi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyası iclasında iştirak edərək, 23 ildir həmin torpaq sahəsində əkin işləri ilə məşğul olduğunu, uzun illərdir əziyyət çəkdiyini apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin iddianın təmin edildiyi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər- X9, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Cavadehlər isə qətnamənin əsaslılığını qismən mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin iddianın təmin edildiyi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçı tərəfin apellyasiya şikayətini iddianın təmin edilməyən hissəsində, cavabdehlərin apellyasiya şikayətlərini isə iddianın təmin edilən hissəsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mülki məcəllənin 157-ci maddəsinə istinad etmək əvəzinə Mülki Məcəllənin 1090.1.-ci, 1090.2.-ci, 1091.2.-ci, 1092.-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2.-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavbdehlər mülkiyyətlərində olan torpaq sahəsini qanuni əsaslarla əldə etmişlər. Bu iş materialları və tərəflərin özlərinin izahatları ilə də təsdiq edilir. Ona görə də əsassız varlanmadan söhbət belə gedə bilməz. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırkı halda isə cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı halda iddiaçı vicdanlı sahib olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində əkilmiş ağaclara görə ümumilikdə cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 47000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Qeyd edilən ağacların iddiaçı tərəfindən əkilməsini cavabdehlər mübahisələndirmirlər. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. İş materialları ilə müəyyən olunur ki, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı 20 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün vəsait sərf etmişdir. X11 Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi yenidən ölçülərkən iddiaçının torpaq sahəsi cavabdehlərin payına düşmüşdür. Yəni iddiaçı mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Daha sonra müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədir. Bu torpaq sahəsində cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Həmin çıxarışa əsasən məlum torpaq sahəsi cavabdehlərin paylı mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edildiyi üçün cavabdehlərin iddiası əsasında İddiaçı X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İş materiallarında olan, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş “X5” MMC-nin 19 may tarixli , 74 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zaqatala rayonu, Mosul kəndində yerləşən mübahisəli torpaq sahəsində salınmış fındıq bağlında əkilmiş fındıq topaları və qoz ağaclarının qiymətləri və digər xərclər təxminən-9881.00 manat müəyyən olunur. O cümlədən: - 82 ədəd fındıq topasına cəmi 820 ədəd şitil alınması üçün xərc- 820.00 manat; - 13 ədəd yerli qoz şitilinin alınması-26.00 manat; - cəmi 95 ədəd çalalanın qazılma xərci-285.00 manat; - 82 ədəd topa fındıq ağacının orta bazar qiymətilə dəyəri-7380.00 manat; - 13 ədəd yerli sort qoz ağacının orta bazar qiymətilə dəyəri-1170.00 manat; - sahənin kol-kosdan təmizlənməsi və hamarlanması xərci-200.00 manat. Həmçinin rəyin qeyd hissəsində göstərilmişdir ki, 4 illik fındıq ağacları bazarlarda satılmadığına görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7.50 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının və qoz ağacının orta bazar qiyməti təxminən 90.00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, ağacların yaşından, məhsuldarlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən,suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 7/589-9/4318 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tətqiqat obyekti olan Zaqatala Rayon Məhkəməsinin 2(107)-94/2021 saylı mülki iş materialı, həmin mülki iş materialının 68-69 səhifəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsi 01 iyun 2020-ci il tarixli 22 nömrəli məktubundakı aqronom rəyinə əsasən, Zaqatala rayonu Mosul kəndində yerləşən 1.34 ha torpaq sahəsində 15 ədəd qoz ağacı, 116 ədəd akasiya ağacı, 21 ədəd qabaq ağacı, 26 əddə qızılağac, 82 ədəd fındıq ağacı, 2 ədəd gər ağacı, 4 ədəd söyüd ağacı olduğu və 16 oktyabr 2020-ci il tarixli baxış aktına əsasən, ağacların yaşının 3-20 yaş arasında olması müəyyən edilmişdir. Həmçinin həmin ərazidəki fındıq ağacının bazar qiyməti 40-60 manat, qabaq ağacı 15-25 manat, akasiya ağacı 3-5 manat, söyüd ağacının hər biri 10 manat, gər ağacının hər biri 10 manat, qızılağacının hər biri 10 manat müəyyən olunmuşdur. Lakin, tətqiqat obyekti olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsi 01 iyun 2020-ci tarixli 22 nömrəli məktubundakə aqronom rəyində həmin ağacların əkilməsi və aqrotexniki qulluq göstərilməsi üçün nə qədər xərc çəkilməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “Həmin ağacların əkilməsi və aqrotexniki qulluq göstərilməsi üçün nə qədər xərc çəkilmişdir?” sualı üzrə tətqiqat işləri aparılmamışdır. Beləliklə kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, 82 ədəd fındıq topasına cəmi 820 ədəd şitil alınması üçün xərc- 820.00 manat; - 13 ədəd yerli qoz şitilinin alınması-26.00 manat; - cəmi 95 ədəd çalalanın qazılma xərci-285.00 manat; - 82 ədəd topa fındıq ağacının orta bazar qiymətilə dəyəri-7380.00 manat; - 13 ədəd yerli sort qoz ağacının orta bazar qiymətilə dəyəri-1170.00 manat; - sahənin kol-kosdan təmizlənməsi və hamarlanması xərci-200.00 manat. Eyni zamanda Qabaq ağacı 21x15=315 manat, akasiya ağacı 116x3=348 manat, Qızılağac 26x10=260 manat, Gər ağacı 2x10=20 manat, söyüd ağacı 4x10=40 manat cəmi 10864 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya iddiaçının və cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının şikayəti qismən əsaslı olsa da, cavabdehin şikayəti əsassızdır. Belə ki, kollegiya hesab edir ki, hazırkı iddia tələbinə münasibətdə ekspertiza rəyi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı mübahisənin həllində ekspert rəyini sübut kimi qəbul edir. Hazırki iş üzrə başqa sübut olmadığından ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğdə ziyan tələb etsə də, məhz özünun hesablamasının əsaslı olması və hər hansı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz mübahisəli ərazidə tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən məbləğin daha çox olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Cavabdeh tərəf isə ziyanın məbləğinin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Eyni zamanda kollegiya cavabdehin apelyasiya şikayətinin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Qeyd edilən ağacların iddiaçı tərəfindən əkilməsini cavabdehlər mübahisələndirməmişlər. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yəni iddiaçı mübahisəli torpaq sahəsini özbaşına tutmamışdır. Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi yenidən ölçülərkən iddiaçının torpaq sahəsi cavabdehlərin payına düşmüşdür. Yəni iddiaçı mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh3 və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 10864 manat pul cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 300 (üç yüz) manatın 150 manatı İddiaçı,150 manatı isə cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq, Kapital Bank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT AİİBAZ2X,M/h: AZ37NABZ********************, VÖEN **********, AZ64AİİB400900C**********208 hesabına hesabına köçürülsün. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat pulun 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar