Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-960/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı almentin tutulması haqqında tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)-330/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)-330/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 20.01.2017-ci il təvəllüdlü X1 və 22.09.2018-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməsi, alimentin tutulmasına 10 dekabr 2020-ci ildən başlanılması, alimentin ödənilməsinin dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.01.2017-ci il təvəllüdlü Yusuf və 22.09.2018-ci il təvəllüdlü Əsma adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 250 manat məbləğdə aliment olmaqla, cəmi 500 manat məbləğdə alimentin ərizə məhkəməyə verilən tarixdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı məhkəmə iclasında iddiasına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, nikahını 15.04.2016-cı ildə rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan 20.01.2017-ci ildə Yusuf və 22.09.2018-ci ildə Əsma adlı 2 uşağı doğulmuşdur. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Onlar rəsmi boşanmasalar da, faktiki olaraq ayrılıblar. O hal-hazırda heç bir yerdə işləmir, heç bir gəliri yoxdur. Valideynlərinin köməyi ilə maddi problemlərini qarşılayır. Cavabdeh uşaqlarını saxlamağa heç bir köməklik göstərmir. Halbuki, o, Polşa Respublikasında heyvan qidalarının qablaşdırılması işində işləyir və yüksək əmək haqqı alır. Ona görə də, Cavabdeh 20.01.2017-ci il təvəllüdlü Yusuf və 22.09.2018-ci il təvəllüdlü Əsma adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 250 manat məbləğdə aliment olmaqla, cəmi 500 manat məbləğdə alimentin ərizə məhkəməyə verilən tarixdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı ilə 15.04.2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan Yusuf və Əsma adlı 2 övladı olmuşdur. Evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan pisləşmişdir. O Polşa Respublikasında işləyir və 500 avro, təqribən 1000 manat əməkhaqqı alır. Polşada kirayə haqqı yüksək olduğundan evə az məbləğdə pul göndərmək məcburiyyətindədir. Belə ki, tələb olunan miqdarda alimenti ödəmək üçün maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin rədd ediməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, qətnamə ilə tanış olan zaman ona məlum olmuşdur ki, hakim qətnamə qəbul edərkən onun şifahi ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış və bu Azərbaycan Respublikasının MPM-min 385-390-cı maddələrinin maddi və prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Bu işin qeyri obyektiv baxılmasına və MPM-yə zidd qətnamənin çıxarılmasına səbəb olmuşdur. O, hazırki alimenti, yəni 260 manatı ödəməkdən boyun qaçırmır. Uşaqlarının saxlanması üçün bu məbləği hər ay ödəməyə hazırdır. Lakin iddiaçı onunla bir mənzildə yaşamamalıdır, ayrı evdə yaşamalıdır ki, o, hər ay 260 manat alimenti ona ödəsin. Onun o qədər maddi imkanı yoxdur ki, o, həm 260 manat alimenti ödəsin və onun və uşaqlarılarının maddi tələbatlarını və kommunal xərcləri ödəyə bilsin. Xarici dövlətdə pandemiya ilə bağlı iş olmadığı üçün evə qayıtmışdır. O, Azərbaycan Respublikasındadır və hal-hazırda işsizdir. Uzun müddətdir ki, işsizdir və yuxarıda qeyd etdiyi kimi uşaqlarına aliment ödəməkdən imtina etmir. Lakin 780 mantdan çox yaranmış aliment borcunu ödəmək onun maddi imkanı xaricindədir. Bir daha bildirir ki, iddiaçı hazırda onunla birgə evdə yaşayır, o, evin lazım olan tələbatlarını və kommunal xərclərini təkbaşına ödəyir. Onun heç bir yerdən gəliri yoxdur. Buna görə də Mingəçevir şəhər məhkəməsinin qətnaməsi ləğv edilməlidir və yaranmış 780 manatdan çox aliment borcu yuxarıda qeyd etdiyi hallara görə silinməlidir. Qeyd edilənlərə əsasən yaranmış 780 manat aliment borcunun silinməsinə və Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)- 330/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki işə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə aralarında barışıq olmuşdur. Ona görə də məhkəmə prosesini və apellyasiya şikayətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, , iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)-330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. İşə əlavə olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan birgə nikahdan 20.01.2017-ci ildə Yusuf və 22.09.2018-ci ildə Əsma adlı uşaqları olmuşdur. İşə əlavə olunan nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı 15.04.2016-cı ildə 99 nömrəli akt ilə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Republikası Konstitusiyasının 34-cü naddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 100.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa, «Uşaq hüquqları haqqında» Konvensiyaya, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanuna istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi aliment tələbində haqlıdır. Ona görə də Cavabdeh Yusuf və Əsma adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, cəmi 260 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin appellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin appellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)-330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Mingəçevir şəhər Məhkəməsinin 2 mart 2021-ci il tarixli 2(051)-330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-960/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-960/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver