Məhkəmə qərarları › İş №2(107)-960/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-960/2022

09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-960/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(014)-772/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)- 905/2021 saylı qətnamənin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2008-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X5 Cavabdeh, xx.xx.2013-cü il təvəllüdlü X6 isə İddiaçı yanında saxlanılması qət edilmişdir.

2. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 iyun 2013-cü il tarixli AZ-İİİ 092092 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 11 iyun 2013-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZ-İİİ 692865 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

4. xx.xx.2022-ci il tarixli 37 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh İddiaçı “aliment tələbi” mübahisəsi üzrə xx.xx.2022 tarixində 16:00-17.00-da keçirilən ilkin mediyasiya sessiyasında iştirak etmədiyini, iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixində poçt xidməti vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

5. 23 may 2022-ci il tarixli 37/39-303 saylı arayışdan məlum olur ki, daxili xidmət çavuşu Cavabdeh 2012-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Ağdaş rayon X4 Hissəsində yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyir, və onun aylıq ələçatan əmək haqqısı 609.29 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından anadan olmuş X5 və X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixində ailə həyatı qurmuşlar. xx.xx.2008-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 170 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2009- cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ilə birlikdə yaşamaq mümkün olmadığından ailə münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-905/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda övladları ilə birlikdə cavabdehdən ayrı valideynlərinin himayəsində yaşayır. Bu müddət ərzində cavabdeh bir dəfə belə olsa uşaqları ilə maraqlanmamış, övladlarına heç bir maddi yardım göstərməmişdir. Uşaqların ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Odur ki, uşaqlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 23 may 2022-ci il tarixli, 2(014)- 772/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.1983–cü il tarixdə Ağdaş şəhərində anadan olmuş və həmin ünvanda yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 56 (əlli altı) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 05 aprel 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə xərcin konkret məbləği və bunu təsdiq edən sübutların təqdim edilmədiyinə görə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3, 5, 8 və 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 81.2, 81.3 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 112.1.3, 119.2 və 217.4-cü maddələrinə, Mediasiya haqqında qanunun 3.4 və 36.5-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.2- 9.1-1, 9.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir.

12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı(gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cımaddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdeh qazancı və ya sair gəliri barədə sorğular verilməmiş, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin, yəni onun xahişi ilə alimentin miqdarı düzgün tutulmamışdır.

13. Hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentlə uşaqların təlabatını ödəyə bilmir. Cavabdehin iş yeri və başqa gəlirləri olsa da, maddi imkanı olmadığı üçün vəkil vasitəsi ilə sorğu verib ala bilməmişdir.

14. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-772/2022-008 saylı qətnaməsinin ləğv edilməsini və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər.

17. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-cı ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-772/2022-008 saylı qətnaməsinin ləğv edilməsini və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir.

24. Şikayətin dəlillərindən görünür ki, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .

26. Hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələb edilməsi barədədir.

27. İddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 nikahın pozulmasından onun yanında yaşayır.

28. İddiaçı tələbinin bu hissəsini onunla əsaslandırır ki, öhdəsində olan uşaqlarının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Uşaqlara valideynlərinin köməkliyi ilə baxır. Cavabdeh fərdi əməklə məşğuldur, onun kifayət qədər maddi imkanı vardır.

29. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

30. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, hazırki iş üzrə də belə bir tələb olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

31. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın əvvəlki təminat səviyyəsini və uşaqlar üçün yaşayış minimumunu əsas götürərək iddianı qeyd olunan meyarlar nəzərə alınmaqla qismən təmin etmişdir.

32. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bundan əlavə məhkəmə kollegiyasının iclasına dəvət olunmalarına baxmayaraq məhkəməyə gəlməmişdir.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(014)-772/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar