Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-968/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı-nin nümayəndəsi X4 və onun vəkili X7, cavabdeh X6 iştirakı ilə Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 adına rəsmiləşdirilmiş buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289, qiyməti 21500 manat olan avtomaşının geri qaytarılması, cavabdeh X11 tərəfindən "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 31740 (otuz bir min yeddi yüz qırx) manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 31 may 2020-ci il tarixli 2(075)- 136/2020 nömrəli qətnaməsi iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabeh X11 arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdeh X5 cəmi 1300 (min üç yüz) manatın alınaraq «xxxx» MMC-nin nümayəndəsi X3 verilməsi qət edilmiş, iddianın cavabdeh X6 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(107)-1528/2020 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-1138/2021 nömrəli qərarı ilə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1528/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən ona aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin nümayəndəsi X4 2018-ci ildə Şəki şəhərində restoran açaraq işlətmək qərarına gəlmişdir. Bununla əlaqədar Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. Restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmişdir. Muharrem Aydəmir ona iş üzrə cavabdeh X8 məsləhət bilmişdir. Muharrem ona demişdir ki, Yavuz hal-hazırda Qəbələ şəhərində restoran işlədir və restoran işindən yaxşı anlayır. Bundan sonra Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı üzrə müqaviləsi sona yaxınlaşır. 2018-ci ilin sonlarında Yavuz ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. Yavuz əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin Yavuza bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmış və başqa şirkətə məxsus 21000 manat dəyərində olan buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli avtomobili X6 adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manat pul vermişdir. Beləliklə Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Belə olub Yavuz Keşkekçi ilə onun arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Müqavilənin müddəti 2 il müəyyən olunmuş və onun müddəti 01 dekabr 2020-ci il tarixinədəkdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərşlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun nəzarəti altında həyata keçirilmişdir. Yəni bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər onun tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmişdir. Lakin Yavuz avtomobil rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini demişdir. Yavuza inandığından, ona etibar etdiyindən avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral ayında qayıtmişdır. 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart ayında restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Beləliklə, ona Yavuzun iş bacarmadığı məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə Yavuz rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, Yavuza müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, lakin bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də ona 900 manat pul vermişdir. Ümümiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat ona borc pul vermişdir. Bundan başqa 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. 06 iyun 2019-cu ildə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan da dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müqaviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır. Bütün yuxarıda sadalananları nəzərə alaraq «xxxx» MMC ilə Yavuz Keşkekçi arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, cavabdehə verilmiş 6300 manatın, cəmi 51040 manat pulun, habelə qiyməti 21500 manat, buraxılış ili 2013-cü il olan, ağ rəngli, BAN nömrəsi LSYYDBDB2DC051289, “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsasən iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, mövcud mübahisə ilə bağlı çıxarılmiş qətnamə reallığı əks etdirmir, faktlara və sübutlara söykənmir. Qanunsuzdur, əsassızdır və maddi hüquq normalarının tələblərinə ziddir. Qətnamə qətiyyən əsaslandırmamışdır. Qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalanmasına həsr edilmiş, nə üçün məhz iddianın rədd olunması nəticəsinə gəlindiyi isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, cavabdeh ilə aralarında bağlanmış 01 dekabr 2018-ci il tarixli müqavilənin şərtlərini nəzərdən keçirməklə tərəflərin müqavilə öhdəliklərini yerinə yetirməklə bağlı vəzifələrini icra edib etməməsini araşdırsın və yekun nəticəyə gəlsin. Şəki Rayon Məhkəməsinin çıxardığı qətnamə işin faktiki hallarına uyğun deyil, faktiki reallığı əks etdirmir. Mübahisə düzgün araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə olan halda məhkəmə qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz və hər bir halda ləğv edilməli, mübahisə qanuni qaydada araşdırılmalı və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, cavabdehlə iş birliyi qurmaq istəsə də, sonradan münasibətləri pozulmuşdur. O, ilkin olaraq cavabdehə 15000 manat dəyərində avtomobil, 3000 manat nəqd pul vermiş, 1300 manat da Azərbaycan Respublikasında yaşaması və işləməsinə icazə verilməsi ilə bağlı rüsum ödəmişdir. Bundan əlavə o cavabdehə hissə-hissə olmaqla əlavə 6300 manat məbləğində borc vermişdir. Lakin nə iş görülmüş, nə də ki, cavabdeh pulu qaytarır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəfin vəkili X13 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamış, tərəflər arasındakı münasibətə düzgün qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o 6 ildən çoxdur ki, Azərbaycan Respublikasında yaşayır. İddiaçı ona iş birliyi təklif edəndə, o əvvəlki işindən ayrılmış və iddiaçı ilə işləmək qərarına gəlmişdir. Lakin iddiaçının səhvi ucbatından iş birlikləri baş tutmamış, sonda münasibətləri pozulmuşdur. Düzdür, iddiaçı işə başlayarkən ona 15000 manat dəyərində avtomobil və 3000 manat məbləğində pul vermişdir. Lakin həmin pul borc kimi deyil, avans, beh olaraq verilmişdir. 1300 manata gəldikdə isə iddiaçı sonradan onun bu hüququnun pozulması ilə bağlı Miqrasiya Xidmətinə müraciət etmiş və onu cərimələmişdirlər. Amma iddiaçı ona əlavə heç bir pul ödəməmişdir. Cavabdeh sonda ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-1138/2021 nömrəli qərarı ilə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1528/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. Digər hissələr üzrə araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X2 (Tərəf 1) və X6 (Tərəf 2) aralarında bağlanmış 01 dekabr 2018-ci il tarixli Əməkdaşlıq (tərəfdaşlıq) Sazişinin 3.1-ci bəndindən görünür ki, Tərəf 1 İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, 740 kv.m. olan, 2 mərtəbəli restoranı işlətmək və gəlirin bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Tərəf 2-yə verir. Sazişin 6.1-ci bəndinə görə, tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf 1 - 67 faiz; Tərəf 2 - 33 faiz. 6.2-ci bəndinə görə, Tərəf 1 Tərəf 2-yə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə, ümumilikdə 18000 manat öncədən ödəniş edir. 6.3-cü bəndinə görə, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18000 (on səkkiz min) manat resporanın gəlirindən olan mənfəətin əldə edilməsindən Tərəf 2-yə məxsus 33 faizdən borc olaraq Tərəf 1-in xeyrinə tutulur. “xxxx" Aqro Şirkəti ilə İddiaçı-nin arasında bağlanılmış 01 noyabr 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borcverən" 21500 (İyirmi bir min beş yüz) manat məbləğində olan, “xxxx" Aqro Şirkətinə məxsus olan **-AB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Brillianse V5 markalı avtomobili ödənişsiz istifadəyə (sonradan “Borc" adlandırılır) “Borcalan"a qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca vermişdir. “Borcalan" isə “Borc“u bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. 01 noyabr 2018-ci il tarixli “Nəqliyyat vasitənin qiymət razılaşdırılması” protokolundan görünür ki, Brilliance V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 21500 manat təşkil edir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş 25.02.2020-ci il tarixli 016-377 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X14 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən “xxxx Aqro” şirkətinin balansında olan **-AB- *** dövlət qeydiyyat nişanlı, Briliance markalı minik avtomobili 11.12.2018-ci il tarixdə qeydiyyatdan çıxarılaraq “xxxx” ASC-nin 2 saylı komisyon mağazasında AA 775379 saylı hesab arayışla Keşkekçi Yavuza satılmışdır. AR DİN BDYPİ Şəki Regional Qİ və TB şöbəsində 18.12.2018-ci il tarixdə qeyd olunan avtomobil Azərbaycan Pesbublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan Türkiyə vətəndaşı Keşkekçi Yavuzun adına qeydiyyata alınaraq **-BK-*** dövlət qeydiyyat nişanları və 31.01.2019-cu il tarixədək etibarlılıq müddəti olan AD 390713 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş və hal-hazırda da onun adında qeydiyyatdadır. 18.12.2018-ci il tarixdə verilmiş AD 390713 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Brilliance” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında 06 dekabr 2019-cu il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 noyabr 2019-cu il tarixli 10809/k nömrəli müraciətinin təmin edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuza Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuzun üzərinə 10 (on) gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulması və bəndin icrasına nəzarətin Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün Keşkekçi Yavuza verilmiş 432212 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilməsi və inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilməsi qərara alınmışdır. 25.01.2019-cu il tarixli hesab açmadan köçürmənin aparılması üçün ərizədən görünür ki, X12 Yavuz Keşkekçinin hesabına 1720 Türk Lirəsi pul köçürmək üçün “xxxx” ASC-yə müraciət etmişdir. 25 oktyabr 2019-cu il tarixli “Cinayət işinin rədd edilməsi barədə” Qərarın və bununla əlaqədar Yavuz Keşkekçinin vermiş olduğu izahatın təsdiq edilmiş surətlərindən görünür ki, X11 iddiaçı X1 V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli avtomobili və 3000 mant pul almasını etiraf etmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə yanaşı Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qeyd etmişdir ki, “işə baxan məhkəmə tərəflər arasında bağlanmış sazişin şərtlərini düzgün təfsir etməmiş, birbirinə zidd olan fikirlərlə qətnaməni əsaslandırmışdır. Nəzərə almaq lazımdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-nin 404.1. maddəsi). Əslində, işdən görünən ondan ibarətdir ki, tərəflər birlikdə restoranın hazır vəziyyətə gətirilməsi və sonradan cavabdehin rəhbərliyi ilə işlədilməsi barədə razılığa gəlmişlər. Məhz ona görə müqaviləyə o şərt də salınmışdır ki, restoranın təmiri tərəf 1-in rəhbərliyi ilə tərəf 2 tərəfindən həyata keçirilir (müqavilənin 3.2. bəndində). Bu şərtin sazişə salınması birmənalı olaraq onu ehtiva edir ki, təmir məhz cavabdehin istədiyi qaydada, şəraitdə həyata keçirilsin. Çünki restoranı sonradan işlətmək öhdəliyi cavabdehin üzərinə düşürdü. Lakin nədənsə işə baxan Apellyasiya Məhkəməsi sazişdə razılaşdırılmış həmin şərtə “cari təmir” sözlərini əlavə edərək qətnaməsində əsaslanmanı həmin qaydada aparmış və qeyd olunan şərtin restoran hazır olandan sonrakı tarixə aid etmişdir. Eyni zamanda, işə baxan məhkəmə sahibkarlıq fəaliyətinin hansı qaydada qurulması ilə bağlı oturuşmuş təcrübəni xatırlayaraq belə qənaət ortaya qoymuşdur ki, sahibkarlıq fəaliyyətinin qaydalarına görə iddiaçı restoranı hazır etdikdən sonra cavabdehin öhdəlikləri başlamalı idi. Göründüyü kimi məhkəmə bir halda tərəflərin iradə ifadəsinə etimad göstərərək sazişin şərtlərini tətbiq etmiş, digər halda isə qənaətini sazişdənkənar fikirlərlə əsaslandırmışdır. Belə olan təqdirdə məhkəməyə lazım gəlirdi ki, cavabdehin müqavilədə razılaşdıqları və məhkəmənin qənaətinə zidd olan (əgər restoran hazır olandan sonra cavabdehin öhdəlikləri başlayacaqdısa nəyə görə təmirin cavabdeh tərəfindən aparılması, əvvəlcədən külli miqdarda vəsait alınması razılaşdırılmışdır) sazişin şərtlərinə aydınlıq gətirsin, cavabdehin hansı əsaslarla iddiaçıdan əvvəlcədən 18.000 manat pul (bir avtomobil, dəyəri 15.000 manat və 3000 manat nəğd pul) almasına şərh versin”. Beləlıklə işin həqiqi hallarından, tərəflərin izahatından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı iş adamıdır. O, Şəki şəhərində restoran biznesi ilə məşğul olmaq qərarına gəlmiş və bununla əlaqədar mülkiyyətində olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. İddiaçı həmin restoranın fəaliyyətə başlaması üçün Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmiş, həmin şəxs restoranın inzibatçısı kimi işləməsi üçün bu sahəsə mütəxəssis olan Yavuz Keşkekçini ona məsləhət bilmişdir. Həmin vaxt cavabdeh Qəbələ şəhərində yerləşən “Köşəm” restoranında işləmiş, özünün deməsinə görə aylıq 2500 manat əmək haqqı qazanmışdır. Bundan sonra iddiaçı cavabdehlə görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, cavabdehlə iddiaçı razılığa gəlmiş, uzun müzakirələrdən sonra iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq (tərəfdaşlıq) Sazişi bağlanmış və müqavilənin müddəti 2 il müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında olan Sazişin şərtlərinə əsasən İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, sahəsi 740 kv.m. olan 2 mərtəbəli restoranı işlətmək və gəlirini bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün cavabdehə verməyi öhdəsinə götürmüşdür. Sazişdə restoranın gəlirlərinin 67 faizinin iddiaçıya, 33 faizinin isə cavabdehə aid olması göstərilmişdir. Müqavilə üzrə iddiaçı cavabdehə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (avtomaşının qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə ümumilikdə 18000 manat öncədən ödəniş edir. Müqavilə şərtlərindən birinə əsasən restoranda həyata keçirilən təmir və tikinti işlərinin iddiaçının nəzarəti altında cavabdeh tərəfindən həyata keçirilməsi, müqavilənin müddətinin 01.12.2020-ci il tarixdə bitməsi öz əksini tapmışdır. Lakin hazırkı vaxtadək restoran fəaliyyətə başlamamış və tərəflər arasındakı münasibətlər təxminən 06.06.2019cu il tarixdən pozulmuşdur. Məhəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırki iş üzrə tərəflər arasındakı münasibətə düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, işin faktiki halından, eləcə də cavabdehin özünün etirafından belə aydın olur ki, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə 1300 manat pulu və eləcə də 15.000 manat dəyərində avtomaşının və 3000 manat nəğd pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi sübuta yetmiş faktdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət ziddiyyətli olmaqla istinad olunan sazişin şərtlərinə uyğun gəlmir. Əvvəla, sazişin şərtlərinin yerinə yetirilməməsində iddiaçının günahkar olmasının hansı faktlarla sübuta yetirilməsi aydın deyil. Bununla bağlı məhkəmə heç bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə də razılaşmır. Qeyd edilməlidir ki, Sazişin 6.3. bəndində deyilir ki, Bu müqavilənin 6.2. bəndində göstərilən ümumi məbləğ 18.000 AZN restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən tərəf 2-ə məxsus 33%-dən borc olaraq tərəf 1-in xeyrinə tutulur. Göründüyü kimi, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Hansıki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər saziş bağladıqdan altı ay sonra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir. Göründüyü kimi işə baxan məhkəmə tərəflər arasında bağlanmış sazişin şərtlərini düzgün təfsir etməmiş, bir-birinə zidd olan fikirlərlə qətnaməni əsaslandırmışdır. Bu halda nəzərə almaq lazımdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-nin 404.1. maddəsi) Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirərək iddia tələbinin birinci hissəsi, yəni 21500 manat məbləğində avtomobilin geri qaytarılması ilə bağlı iddiaçı tərəfin mövqeyini dəqiqləşdirmişdir. İddiaçı qeyd olunan avtomobilin 21500 manat olmasını bildirməklə yanaşı, həmin avtomobilin naturada geri qaytarılmasını tələb etmiş, hazırki iddiasında dəyərini tələb etməmişdir. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının geri tələb etdiyi avtomobil hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Aparılmış sorğu-sual nəticəsində iddiaçı avtomobilin dəyərinin iddianın 2-ci hissəsindəki 31740 manatla heç bir əlaqəsinin olmadığını, həmin 31740 manatın əlavə ziyan olduğunu bildirmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, nə qədər ki, mübahisəli avtomobil cavabdehin xüsusi mülkiyyətindədir, avtomobillə bağlı tərəflər rasındakı razılaşma (iş mat. səh 15 Arayış-hesab) mübahisələndirilməyib, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılması tələb edilməyib, onda mülkiyyət hüququ ilə cavabdehə məxsus avtomobilin geri qaytarılması absurd bir tələb olardı. Kollegiyanın qənaətincə bu ayrıca bir iddianın predmeti ola bilər. Bu səbəbdən də kollegiya belə qənaətə gəlir ki, cavabdehə verilmiş 3000 manat məbləğində pul vəsaiti işin mübahisəsiz halı olduğundan iddia tələbi bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)- 136/2020 nömrəli qətnaməsi qismən-yəni “3000 manat məbləğin təmin edilməməsi” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi qismən- “3000 manat məbləğində pulun təmin edilməməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. Cavabdeh X5 3000 (üç min) manat məbləğində pul alınaraq “xxxx” MMC-nin nümayəndəsi X3 verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-968/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-968/2021
16.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver