Məhkəmə qərarları › İş №2(107)-973/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-973/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-973/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddianın qismən təmin edilməsi, 30 yanvar 2003-cü il təvəllüdlü X3 (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004- cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 30 noyabr 2020-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 30 yanvar 2003-cü il tarixdə anadan olmuş X3 və 11 avqust 2004-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 14 fevral 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 yanvar 2003-cü il tarixdə X7 və 11 avqust 2004-cü il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Hazırda o, uşaqlara tək baxır. İddia ərizəsi verərkən 30 yanvar 2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmamışdır, hazırda isə yetkinlik yaşına çatmışdır. Uşağa baxmaqda çətinlik çəkir. Cavabdehlə 4 ildir ki, ər-arvad münasibətləri pozulmuşdur. Bu müddət ərzində ailəsinin bərpa olunacağı ümidi ilə cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir, onlara maddi və mənəvi köməklik göstərmir. Uşağı saxlamaq tək qadın olaraq ona çox çətindir. Hər hansı bir gəliri və fayda götürəcəyi bir işi yoxdur. Cavabdehin maddi imkanı yaxşıdır, kifayət qədər qazancı var. Ona görə də, sabit pul məbləğində aliment tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 14 fevral 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 yanvar 2003-cü il tarixdə X7 və 11 avqust 2004-cü il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. 30 yanvar 2003-cü il təvəllüdlü X7 hazırda yetkinlik yaşına çatmış və hərbi xidmətdədir. Digər uşaq isə hazırda iddiaçının himayəsindədir. Daima ailəsinə maddi köməklik göstərir. İddianı qismən qəbul etdiyini və iddiaçıya yalnız 11 avqust 2004-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirdi. Buna görə də, iddianın qismən təmin edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamə çıxarılarkən hakim tərəfindən iş tam araşdırılmamış, birgə nigah dövründə anadan olmuş oğlu 30 yanvar 2003-cü il tarixli X7 uzun müddətdir ki, onun yanında qalmasına baxmayaraq ona dair aliment tələbi təmin edilmişdir. Oğlu hal hazırda hərbi xidmətdədir. X1 dair hissədə isə aliment məbləği yüksək təyin olunmuşdur. Onun banklara borcu vardır, bunun üçün məhkəmə tərəfindən təyin olunan alimenti ödəməkdə çətinlik çəkir. O, çıxarılan bu qətnaməni əsassız hesab edir və Zaqatala Rayon Məhkəməsinin 2(033)-193/2019 saylı 10.02.2021-ci il tarixli qətnaməsinin qismən - birgə nigah dövründə anadan olmuş oğlu 30 yanvar 2003- ü il tarixli X5 dair hissədə ləğv olunmasını, 11 avqust 2004-cü il tarixdə anadan olmuş X1 dair hissədə isə alimentin məbləğinin hər ay 100 manat hissədə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi mübahisələndirilıən hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 14 fevral 2002-ci il tarixdə verilmiş Vİİ-ЖГ 439916 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 14 fevral 2002-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 76 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə “İsmayılov”, qadına isə “İsmayılova” soyadı verilmişdir. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 05 fevral 2003-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 yanvar 2003-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 24 avqust 2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 11 avqust 2004-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 100.2-ci və 106.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumuna dair Sərəncamına, “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 14 fevral 2002-ci ildə ailə qurmuş, birgə nikahdan 30 yanvar 2003-cü il tarixdə X7 və 11 avqust 2004-cü il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə etmişdir. Cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya yalnız 11 avqust 2004-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Birinci instansiya məhkəməsi sonda xüsusilə vurğulamışdır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 30 yanvar 2003-cü il tarixdə X3 (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004-cü il tarixdə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin Birinci instansiya məhkəməsi tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını, eyni zamanda uşaqlardan birinin artıq yetkinlik yaşına çatdığını və həmin uşaq üçün iki ay aliment ödəniləcəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. İşdən görünür ki, hazırda cavabdeh iddianın “30 yanvar 2003-cü il təvəllüdlü X5 aid hissədə alimentin tutulmasına” dair hissəsinə etirazını bildirmişdir. Etirazını onunla əsaslandırmışdır ki, 30 yanvar 2003-cü il təvəllüdlü X7 hazırda yetkinlik yaşına çatmışdır. Ona görə də, onun saxlanması üçün aliment tutulmamalıdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment tələb edən şəxsin alimentlə bağlı iddiası təmin olunduqda aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki işdə isə iddiaçı özü aliment tutulması ilə bağlı məhkəməyə 30 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının alimentlə bağlı tələbi qeyd edilən tarixdə yarandığından, həmin vaxt isə 30 yanvar 2003- cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmadığından alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2020- ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 30 yanvar 2003-cü il təvəllüdlü X3 (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda iddiaçının ərizəsində alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməməsi nəzərə alınmalı və alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 30 noyabr 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından qətnamənin appellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin appellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin appellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar