Məhkəmə qərarları › İş №2(107)-998/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-998/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-998/2023 29.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi üzrə (Açar sözlər: Aliment tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2(039)-1070/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, birgə faktiki nikahlarından olan xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə faktiki nikahlarından xx.xx.2019cu il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ailəsinə baxmır, uşağın saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. O, birgə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 təkbaşına saxlaya bilmir. Uşağını çətinliklə saxlayır. Birgə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi-vəkili Vəkil Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, tərəflərin birgə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini, həmçinin mülki işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin tam və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır.

5. Yevlax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2(039)-1070/2023 saylı qətnaməsi ilə (hakim K.Əliyev), iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 mart 2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh mediasiyaya ödədiyi 50 manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi - 30 (otuz) manatın Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gədiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda xx.xx.2019-cu il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir.

7. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 14 mart 2023-cü il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 100.2-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 147, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, 170 manat məbləğində alimentlə bir ay ərzində bir uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2023cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub. O, iddia tələbində uşağın saxlanması üçün 300 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən ən azı 220 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, qanununvericiliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki , dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşağın mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Axı analoji işlərdə məhkəmə bir uşaq üçün 220 manat aliment müəyyən edir. Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də hesab edir ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsi aliment tələbinə dair hissədə dəyişdirilməli və həmin hissədə ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır.

11. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir.

12. Odur ki, Yevlax Rayon Məhkəməsinin e-2(039)-1070/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı göndərdiyi teleqramında işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etsə də, Cavabdeh gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2(039)-1070/2023 saylı qətnaməsinin təmin olunmayan hissədə dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2(039)- 1070/2023 saylı qətnaməsinin onun mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

22. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2018-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin faktiki ailə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki ailə münasibətlərindən doğulmuş uşağının saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin təyin edilməsini tələb etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin dəyişdirilməsinə dair dəlilləri ilə razılaşmır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Hansı ki, cavabdehin hər hansı bir qazanca, o cümlədən ondan daha yüksək məbləğdə alimentin tutulmasına imkan verəcək bir qazanca malik olması ilə bağlı iş materialında hər hansı bir sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

26. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən tutulmuş alimentin miqdarını mübahisələndirir, 170 manat məbləğində alimentlə bir ay ərzində bir uşağın saxlanılmasının mümkün olmadığını və cavabdehən 300 manat aliment tutulmalı olduğunu bildirir.

27. Kollegiya bununla razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğ həm iddiaçı, həm də cavabdehin mənafeyinə uyğundur. Belə ki, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin çəkişmə prinsipinə əməl etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişlərindən, o cümlədən SMS xəbərdarlıqlardan görünür ki, tərəflər, həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Bu hal iddiaçının nümayəndəsinin və vəkilinin birinci instansiya məhkəməsinə göndərdiyi ərizə ilə təsdiq edilmişdir. Hansı ki, iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə göndərdiyi ərizədə işə onun və iddiaçının iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lazımi qaydada xəbərdar edilmiş cavabdehin tərəfin iştirakı olmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə istinad edilərək işə baxılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2(039)-1070/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar