Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1003/2025 31.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 246 (iki yüz qırx altı) manat omaqla iki uşağa görə hər ay 492 (dörd yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə el adət-ənənələrinə uyğun olaraq ailə qurmuş, nikahları xx.xx.2005-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində nikah haqqında akt qeydləri kitabında 191 № ilə rəsmi nikah qeydiyyatına alınmışdır. Bu nikhadan üç övladları-xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X13 doğulmuşdur. Ailə qurduqdan sonra ailə münasibətləri yaxşı olmuş, aralarında ailə-məişət zəminində hər hansı bir mübahisələri olmamış, ailə təsərrüfatını birgə idarə etmişlər. Son zamanlar cavabdehin psixoloji problemləri və ailə daxili şiddət səbəbindən yola gedə bilməmiş və tez-tez ailə-məişət zəminində mübahisələr etməyə başlamışlar. Axırıncı dəfə xx.xx.2025-ci il tarixdə aralarında olan mübahisədən sonra üç övladı ilə birlikdə evdən ayrılaraq Şərur rayon Cəlilkəndində yaşayan valideynlərinin yanına qayıtdı və həmin tarixdən cavabdehlə ayrı yaşayır. Ayrı yaşadıqları müddətə cavabdeh bir dəfə də olsun nə onunla, nə də uşaqlarla maraqlanmayıb, gündəlik zəruri tələbatını qarşılamağa maddi cəhətdən köməkik göstərməyib. Birgə nikahdan doğulmuş uşaqları artıq böyüyüb, Əfsanənin artıq 19 yaşı, Kəmalənin 16, Əlinin isə 12 yaşı var, X8 Texniki Kollecinə daxil olub, Kəmalə ilə Əli orta məktəbdə oxuyurlar və hazırlıqlara gedirlər, onların gündəlik zəruri tələbatları da yetərincə artıb. Uşaqların bütün qayğılarını o çəkir, uşaqların qayğısına qalmaqla onların gündəlik zəruri tələbatlarını qarşılamaq tək qadın olaraq onun üçün çox çətindir. Ona görə də cavabdeh Əli Hüseynovun birgə nikahdan doğulmuş azyaşlı uşaqlarının saxlanılması üçün bir uşağa görə 246 manat olmaqla iki uşağa görə hər ay 492 (dör yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində aliment ödəməsini istəyir. Aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasında Cavabdehla razılığa gələ bilməmişlər. Ona görə də xx.xx.2025-ci il tarixdə Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞN/25-01322 saylı arayış verilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və ona verilmiş sualları cavablandırarkən iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2004-cü ildə evləndiklərini, birgə nikahdan 3 uşaqlarının doğulduğunu, cavabdehdən ayrılıb ailəsi ilə birlikdə kənddə yaşadığını, uşaqların onun yanında olduğunu, Kəmalənin hazırlıqlara getdiyini, hər ay 5 hazırlığa 300 manat pul verdiyini, 3 ay müddətində cavabdehin hər hansı ödəniş etmədiyini, barışıq barədə razılığa gələ bilmədiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh verdiyi izahatında iddiaçının padruqasının boşanmasını, sosial almalarını öyrətdiyini, 8 il onu blokda saxladığını, çatdıra bilmədiyini, uşaqların məktəb palatarlarını özünün aldığını, 400 manat əmək haqqı aldığını, iki uşağa görə maksimum 260-300 manat aylıq aliment ödəyə biləcəyini bildirmişdir.
İş materialları:
5. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli AZ İ seriyalı, 173197 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir.
6. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli doğum haqqında akt qeydi üzrə çıxarışlardan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 atası Cavabdeh, anaları isə İddiaçıdır.
7. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli MŞN/25-H-01322 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X2 müraciət etmiş, lakin tərəflər arasında qarşılıqlı razılaşma olmamışdır.
8. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Cavabdeh Ağac emalı istehsalında fəhlə işləyir və 400 manat əmək haqqı alır.
9. Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan görünür ki, İddiaçı heç bir rəsmi qazancı yoxdur.
10. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan görünür ki, hazırda cavabdehin aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağı yoxdur.
İşin faktiki halları:
11. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmamışdır, lakin tərələr faktiki ayrı yaşayırlar. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Uşaqlardan xx.xx.2006-cı il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə birlikdə yaşayır. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarının: Nəticə hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Nəticə hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
18. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: 1-ci bəndində qeyd olunmuşdur ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 4-cü bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
19. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi: 20.Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
21. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır.
22. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğlulmuş yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X13 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.
23. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
24. Məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır.
25. Məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.45 misli həddində (180 manat:400 manat = 0.45) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır.
26. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalı və qətnamə dərhal icra edilməlidir.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği-30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi olmalıdır.
Məhkəmə xərcləri:
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 63.2 manat (2x(180 manat x12 ay)=2x2160=4320 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 33.2 manat= 63.2 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.
Nəticə:
30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia qismən təmin edilməli; -Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, -İddia qalan hissədə rədd edilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh oğlundan 63.2 manat (altmış üç manat, iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Məhkəmə xərci olaraq Cavabdeh oğlundan 63.2 manat (altmış üç manat, iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev