Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-118/2023 22.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin azaldılaraq uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş övladları 19 yanvar 2019-cu il təvəllüdlü X4 və 19 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutulmasının müəyyən edildiyini, onun məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini ödəmək iqtidarında olmadığını, belə ki, səhhətində problemlər olduğunu, xroniki Hepatit C virusu xəstəsi olduğunu, fiziki sağlam olmadığını, İİ qrup əlil olduğunu və ona görə də işləyə bilmədiyini, Şərur rayon Əhlinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli əlillik vəsiqəsinin İİ qrup əlil olduğunu təsdiq etdiyini, bunlarla yanaşı yaşlı anası ilə qaldığını, anasının müavinəti ilə dolandıqlarını və onun müalicə xərclərini də anasının ödədiyini, onun isə uşaqlarının saxlanması üçün gücü çatan məbləğdə vəsait ödədiyini, ona görə də məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan aliment məbləğinin azaldılmalı olduğunu, onun övladlarına maddi yardım etməkdən boyun qaçırmadığını, onlara baxılmalı olduğunu bildiyini və imkanı daxilində əlindən gələni etdiyini, lakin onun fiziki sağlam olmadığını, səhhətində olan problemlərlə bağlı işləyə bilmədiyini, yalnız hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında iki uşağının saxlanması hər ay ümumilikdə 100 manat aliment ödədiyini, eyni zamanda başqa evliliyindən olan uşağına da 100 manat aliment ödədiyini, maddi cəhətdən çətinlik çəkdiyini, vaxtı-vaxtında müalicə ala bilmədiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhəkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, 19 yanvar 2019-cu il təvəllüdlü X6 iş üzrə tərəflərin övladıdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, 19 yanvar 2019-cu il təvəllüdlü X5 iş üzrə tərəflərin övladıdır. - Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 19 yanvar 2019-cu il təvəllüdlü X4 və 19 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası X2 X9 tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli 93 nömrəli arayışdan görünür ki, Şərur rayon Düdəngə kənd sakini 1975-ci il təvəllüdlü İddiaçı həqiqətən Naxçıvan MR X1 “Hepatit C” diaqnozu ilə qeydiyyatda dayanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2019cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə 10 oktyabr 2019-cu il tarixdən hesablanmaqla İddiaçı hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq 19 yanvar 2019-cu il təvəllüdlü X4 və 19 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı səhhətində problemlər olduğunu, xroniki Hepatit C virusu xəstəsi olduğunu, fiziki sağlam olmadığını, İİ qrup əlil olduğunu və ona görə də işləyə bilmədiyini, Şərur rayon Əhlinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli əlillik vəsiqəsinin İİ qrup əlil olduğunu təsdiq etdiyini, bunlarla yanaşı yaşlı anası ilə qaldığını, anasının müavinəti ilə dolandıqlarını və onun müalicə xərclərini də anasının ödədiyini, onun iki uşağının saxlanması hər ay ümumilikdə 100 manat aliment ödədiyini, eyni zamanda başqa evliliyindən olan uşağına da 100 manat aliment ödədiyini, maddi cəhətdən çətinlik çəkdiyini, vaxtı-vaxtında müalicə ala bilmədiyini əsas gətirərək alimentin hər ay hər uşağa üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: - 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təmina məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; - 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir. İddiaçı məhkəmə iclasında qətnamə ilə müəyyən olunan məbləği tam ödəyə bilmədiyini, çünki həmin məbləği ödəmək iqtidarında olmadığını, səhhətində problemlər olduğunu, xroniki Hepatit C virusu xəstəsi olduğunu, fiziki sağlam olmadığını, ona görə də işləyə bilmədiyini, yaşlı anası ilə qaldığını, anasının müavinəti ilə dolandıqlarını və onun müalicə xərclərini də anasının ödədiyini, başqa evliliyindən olan uşağına da aliment ödədiyini bildirsədə, bütün bu hallar alimentin miqdarının azaldılmasına əsas deyil, aliment alan uşaqların mənafeyinə zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqelərini, iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərini, azyaşlı uşaqların üstün mənafeyini, faktiki cavabdehin yanında yaşamalarını, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşaqların əvvəlki təminatını saxlamalı və onların mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı, iddia tələbini yetərincə əsaslandırmamış, öz maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişiklik olması barədə məhkəməyə sübut təqdim etməmiş, həmçinin iddiaçının iki uşaq üçün ümumilikdə ödədiyi 100 manat məbləğində aliment uşaqların saxlanılmasında yetərli deyildir və yaşayış minimum ilə uşağın saxlanılması üçün qanunla müəyyən edilən məbləğdən dəfələrlə azdır. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu özünə edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-118/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-118/2023
22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver