Məhkəmə qərarları › İş №2(110)-133/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-133/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-133/2023 06.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13, Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000-ci il tarixdə Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh ilə dəyişdirdiyi torpaq sahəsinin alınıb ona qaytarılması və ya həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyəri olan 8000 manat pulun cavabehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin geri qaytarılması xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən Şərur rayon Çomaxtur kəndində Torpağın Mülkiyyət Hüquqna dair JN №-695 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0.35 ha torpaq sahəsini özünün ailə başçıs olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiiyətinə verildiyini, həmin torpaq sahəsinin həmkəndlisi X6 verilmiş torpaq sahəsi ilə bir ərazidə olduğunu, Rzayev İsfəndiyarın dəfələrlə həmin torpaq sahəsini ona satmağını və ya onunla dəyişməyini, əvəzində ona başqa yerdən torpaq alıb verəcəyini bildirdiyini, ilk vaxt onunla razılaşmadığını, daha sonra İsfəndiyarın öz torpaq sahəsində artezian quyusunun vurduğunu, torpaq sahəsini onunla dəyişməsə ona su verməyəcəyini bildirdiyini, ona yaxın bir yerdən və ya yol kənarından torpaq sahəsi alıb verərəsə dəyişə biləcəyini bildirdiyini, İsfəndiyarın ona həmkəndlisi X4 aldığı 0.4 ha torpaq sahəsini əlavə olaraq 50 ABŞ dolları ödəyərək həmin torpaq sahəsini onun adına olan 0.35 ha torpaq sahəsi ilə dəyişdiyini, həmin torpaq sahəsinin 2022-ci ilədək onun istifadəsində olduğunu, lakin bu günə kimi maddi imkanının olmadığından, X5 ailəliklə Türkiyə Respblikasında olduqlarından həmin torpaq sahəsini adına sənədləşdirə bilmədiyini, 2020-ci ildə X5 pensiyaya çıxması ilə əlaqədar torpaq sənədlərinin ona lazım olduğunu bildirərək torpağın sənədlərini ona verilməsini xahiş etdiyini, pensiya sənədlərini düzəltdikdən sonra torpağın sənədinin qaytarcağını bildirdiyini, bir həmkəndli kimi ona inanıb sənədi verdiyini, bu günə kimi dəfələrlə torpağın sənədinin geri qaytarılmasını və həmin torpağı adına rəsmiləşdirməyini xahiş etsə də bir bəhanə gətirərək adına rəsmiləşdirməkdən yayındığını, bu barədə Rzayev İsfəndiyara bildirəndə bu məsləni Məmmədlə öz aralarında həll etmələrini, onu bu işə qarışdırmamağı bildirdiyini, Nəcəfə torpağı Məmmədlə deyil, onunla dəyişdiyini, Məmmədin adına olan torpaq sahəsini onun verdiyini bildirsədə razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq aralarında olan razılaşmaların hamısının şifahi formada olduğunu, həmin vaxtı X3 alqı-satqı müqaviləsini bağlamadıqlarını, Nəcəflə alqı-satqı müqaviləsi bağlanan zaman onların heç birinin notarisa getmədiklərini, heç birinin ərizə yazmadıqlarını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında və verilən suallara cavabında onların torpaq sahəsinin Nəcəfin torpaq sahəsinin arasında olduğundan Nəcəf torpaq sahəsini başqa torpaq sahəsi ilə dəyişməyi onlara təklif etdiyini, Nəcəfin onlara Məmmədin torpaq sahəsinin sənədlərini verdiyini, həmin vaxtdan da onların əkib-becərdiklərini, lakin 2020-ci ildə Məmmədin pensiyaya çıxmaq üçün torpağın sənədlərinin lazım olduğunu bildirib sənədləri ondan aldadıb aldığını, həmçinin Nəcəfin torpaq sahəsini adına rəsmiləşdirən zaman onların heç birinin razılıq ərizəsinin alınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının torpağı onun torpağının ortasında olduğundan həmin torpağın ona verilməsi üçün müraciət etdiyini, onlara haradan istəsələr torpaq alıb verəcəyini bildirsədə onların bunu qəbul etmədiklərini, pulunu verilməsi ilə özlərinin alacağını bildirdiyini, iddiaçı tərəfin özünün Məmmədi tapdıqlarını, 1999-2000-ci ildə onlara 400 ABŞ dolları verərək torpaq sahəsini aldığını, adına isə 2005-ci ildə rəsmiləşdirdiyini, həmin torpaq sahəsinin 0.4 ha deyil 0.32 ha olduğu ortaya çıxdıqdan 3 ay keçdikdən sonra Əhmədin onun 50 dollarını qaytardığını, Əhmədin Məmmədin torpağını alıb-almaması barədə məlumatının olmadığını, həmin vaxtı Məmmədin kənddə olduğunu, Əhmədin həmin torpağı 20 il əkdiyini gördüyünü, Məmmədin torpaq sahəsini sənədlərini onun vermədiyini, alqı-satqı müqaviləsi bağlanan zaman Əhmədgilin hamısından razılıq ərizələrinin alındığını, kənddə pulu Əhmədə verdiyini, həmin vaxtı yanlarında heç kimin olmadığını, Məmməddən torpaq sahəsini almadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında və verilən suallara cavabında 2002-ci ildə Türkiyəyə gedibgəldiklərini, həmin vaxtı torpaq sahəsini Əhmədə kirayə verdiyini, torpaq sahəsini əkibbecərdiyini, bunun qarşılığında Əhmədin 400 dollar verdiyini, Türkiyədən gələndə torpağı ondan alacağını Əhmədə bildirdiyini, torpaq sənədlərini azot alması üçün ona verdiyini, pensiyaya çıxmaqla əlaqədar lazım olduğundan sənədləri ondan aldığını, torpağı Əhmədgilə satmadığını, onların istifadəsinə verdiyini, Əhmədin 400 dollar gətirərək evdə ona verdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25, X10 məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən gəlməmişdirlər. Digər cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sədərək Rayon Dövlət Notariat Kontoru məhkəməyə məktub göndərərək 4Ə-1-07 nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işinin və həmin vaxt daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qeydiyyat kitablarının mövcud olmadığını, qeyd olunan notariat işinin və qeydiyyat kitablarının hara təhvil verilməsi və harada saxlanılması barədə notariat ofisində heç bir məlumat tapılmadığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında və verilən suallara cavabında onların torpaq sahəsi Nəcəfin torpaq sahəsinin arasında olduğundan Nəcəf torpaq sahəsini başqa torpaq sahəsi ilə dəyişməyi təklif etdiyini, Nəcəfin onlara Məmmədin torpaq sahəsinin sənədlərini verdiyini, sosial yardım almaq üçün müraciət edən zaman özlərinin torpaq sahəsini Nəcəfə satıldığını bildiyini, Nəcəfin torpaq sahəsini adına rəsmiləşdirməsi üçün ərizə vermədiklərini, yalnız o zaman ondan kimliyinin alındığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında və verilən suallara cavabında torpağın sənədlərində adının səhvən Arzu kimi qeyd olunduğunu, 2003-cü ildən Türkiyə Respublikasında yaşadığını, Nəcəfin torpaq sahəsini adına rəsmiləşdirməsi üçün ərizə vermədiyini, yalnız İstanbuldan kimliyini göndərdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində Bakı şəhərində yaşadığını, qardaşı oğluna zəng vuraraq əkinçiliklə məşğul ola bilmək üçün torpaq sahəsi lazım olduğunu bildirdiyini, qardaşı oğlunun zəng vuraraq torpaq sahəsinin olduğunu bildirdiyini, Çomaxturlu Tofiq kişinin yerini götürüb əkdiyini, həmin yerin yanında Əhmədin yerinin olduğunu, 2017-ci ildə Əhmədin yerini icarəyə götürüb əkməyə başladığını, 4 il ərzində illik 280 manat, 1 il isə 300 manat icarə haqqını ödədiyini, 2022-ci ildə Həsənov Məmmədin həmin torpaq sahəsinin özünə aid olduğunu bildirdirərək ondan geri aldığını, icrayə götürmək barədə Məmmədlə razılaşa bilmədiyini, torpaq sahəsini icarəyə götürən vaxtı həmin torpaq sahəsinin Əhmədin olduğunu dediklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Aqrar İslahat Komissiyasının 9 mart 1998-ci il tarixli 3 nömrəli qərar ilə Şərur rayon Çomaxtur kəndində yerləşən 0.35 ha torpaq sahəsi (JN-695) mülkiyyət hüququ əsasında İddiaçı, X13, Nümayəndə, X11, X15 məxsus olmuşdur. İş materiallarında olan 11 yanvar 2005-ci il tarixli 4-Ə-1-07 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən Şərur rayon Çomaxtur kəndində Torpağın Mülkiyyət Hüququna dair Jn №-695 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0.35 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 03/46 nömrəli məktubundan görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 9 mart 1998-ci il tarixli 3 nömrəli qərar ilə Şərur rayon Çomaxtur kəndində yerləşən İddiaçı və ailə üzvlərinə verilmiş 0.35 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdə Sədərək rayon Dövlət kontorunun 4- Ə-1-07 müqaviləsi əsasında X6, həmin torpaq sahəsi Şərur rayon 1 saylı DNK-un xx.xx.2015-ci il tarixli 4Ə-199 saylı müqaviləsi əsasında X25 və Şərur rayon 1 saylı NO-in xx.xx.2021-ci il tarixli 4Ə-198 saylı müqaviləsi əsasında X1. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 doğum haqqında akt qeydində soyadını və adını dəyişdirərək Cavabdeh kimi akt qeydində qeyd olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 340 nömrəli məktubundan görünür ki, Sədərək rayon Dövlət kontorunun xx.xx.2005-ci il tarixli 4-Ə-1-07 nömrəli müqaviləsi ilə əlaqədar hər hansı notariat əməliyyatının aparılması barədə məlumat tapılmamışdır. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Sədərək rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 14 nömrəli məktubundan görünür ki, Sədərək rayon Notariat Ofisində xx.xx.2005-ci il tarixli 4-Ə-1-07 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işi, həmin müddət üzrə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qeydiyyat kitabları müəyyən edilməmiş, qeyd olunan notariat işini və qeydiyyat kitablarının hara göndərilməsi və harada saxlanılması barədə notariat ofisində heç bir məlumat tapılmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 2005-ci ildə sözügedən torpağın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi aralarında alqı-satqı müqaviləsi bağlansa də əslində torpaqları dəyişdirdiklərini, cavabdehin mülkiyyətinə verdikləri torpaq sahəsi qarşılığında Cavabdeh X4 aldığı lakin öz adına rəsmiləşdirmədiyi torpağı onlara verdiyini, lakin hazırda Məmmədin həmin torpaq sahəsini onlardan aldığını, beləliklə aldadıldıqlarını əsas kimi göstərsə də qeyd olunan halları məhkəmədə sübut edə bilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər izahat verərkən habelə 2005-ci ildə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanan zaman paylı mülkiyyətçilərin razılığı alınmadığını bildirmişlər. Məhkəmə tərəfindən notariat orqanına və vətəndaş tərəfindən Ədliyyə Nazirliyinə verilmiş sorğulara cavab məktubuna əsasən xx.xx.2005-ci il tarixli 4-Ə-1-07 nömrəli alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin və müqavilənin bağlandığı 2005-ci ilə dair qeydiyyat kitablarının harada saxlanılması barədə məlumat olmadığı müəyyən olunmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən 2015-ci ildə X23, o isə 2021-ci ildə X2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı iddia tələbinin qanuni əsası ola biləcək dəyişdirmə müqaviləsinin alqı-satqı müqaviləsi ilə pərdələnməsini və əqd bağlanması məqsədilə aldadılmasını məhkəmə sübut edə bilməmişdir. Paylı mülkiyyətçilərin razılığının olmaması və bu halın sübutu 2005-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işinin mövcud olmaması da həmin müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Əvvəla hazırkı iş üzrə iddiaçı müqavilənin tərəfi olmuşdur. Digər paylı mülkiyyətçilər hazırkı iş üzrə iddiaçı deyildir. Onu da nəzərə almaq lazımdır ki, müqavilənin bağlanmasından 17 ildən artıq müddət keçmiş, həmin torpaq sahəsi iki dəfə müqavilə əsasında vicdanlı üçüncü şəxslərə satılmışdır. Hazırda iddiaçının nümayəndəsinin sadəcə notariat işinin mövcud olmaması və buna görə də paylı mülkiyyətçilərin yazılı razılığının olmasının müəyyən edilə bilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar... Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək belə qənatə gəlir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar