Məhkəmə qərarları › İş №2(110)-1455/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1455/2025

26.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1455/2025 26.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 240 (iki yüz qırx) manat olmaqla iki uşağa görə hər ay 480 (dörd yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə el adətənənələrinə uyğun olaraq ailə qurmuşdur. Nikahları xx.xx.2006-ci il tarixdə Şərur rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə rəsmi nikah qeydiyyatına alınmışdır. Onların birgə nikahdan üç övladı – xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2011-ci iİ təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş ailə təsərrüfatnı birgə idarə etmişlər. 2024-cü ilin iyul ayında Cavabdeh işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, birinci ay 140 manat, ikinci ay 150 manat, sonra isə 40 manat pul göndərmişdir. Bir müddət sonra onunla əlaqə saxlamağa calışdıqda ya telefonuna zəng çatmamış, ya da zənglərə cavab verməmişdir. O, isə üç uşaqla kənddə qalır. Böyük övladı hərbi xitmətdən yeni qayıdıb, heç bir yerdə işləmir, digərləri isə azyaşlıdırlar və orta məktəbdə oxuyurlar, Xuraman hazırlıqlara gedir. Onların gündəlik zəruri tələbatlarını və hazırlıq pullarını çatdıra bilmir. Cavabdeh isə son vaxtlar nə onunla nə uşaqlarla ümumiyyətlə maraqlanmır. Gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi cəhətdən köməklik etmir. Uşaqların bütün qayğısını o çəkir. Onların qayğısına qalmaqla yanaşı gündəlik zəruri tələbatlarını qarşılamaq tək qadın olaraq onun üçün çox çətindir. Ona göra də Cavabdeh azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona bir uşağa görə 240 (iki yüz qırx) manat olmaqla iki uşağa görə hər ay 480 (dörd yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment ödəməsini istəyir. Aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etsə də Cavabdehin ilkin mediasiya sessiyasrnda iştirak etməməsi səbəbindən Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayrş verilmişdir. Ona görə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və ona verilmiş sualları cavablandırarkən iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2004-cü ildə evləndikdən sonra bir müddət qayınanasıgillə bərabər yaşadıqlarını, lakin nikaha 2006-cı ildə daxil olduqlarını, sonra ayrı evdə yaşamağa başladıqlarını, evin rəsmi olaraq qayınanasının adına olduğunu, hal-hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşadığını, cavabdehin isə işləmək üçüb Bakı şəhərinə getdiyini, getdiyi ilk vaxtlarda uşaqlar üçün pul göndərdiyiini, lakin son aylardır ki, heç bir köməklik etmədiyini, ona görə də məhkəmədə iddia qaldırdığını, cavabdehin Bakı şəhərində tikiş fabrikində işlədiyini dediklərini, onun tam məlumatının olmadığını, böyük oğlunun hal-hazırda Türkiyə Respublikasında işlədiyini və oradan onlara pul göndərdiyini, qızının 8-ci sinidə oxuduğunu və hazırlıqlara getdiyini, balaca oğlunun isə 5ci sinifdə oxuduğunu, atası vəfat edəndən sonra qızı Xuramanını anasının yanına göndərdiyini, oğlu Nicatın Türkiyədə işlədiyini, indi isə əməliyyat olduğunu, qaldıqları evdən 2 həftədir ki, çıxdığını, həmin vaxtı oğlu Tuncayın onunla gəlmədiyini, cavabdehin 3-4 gündür ki, Bakıdan gəldiyini, lakin bu məsələ ilə bağlı heç nə demədiyini, Xuramanın anasının yanında yaşadığı vaxtdan cavabdehin heç bir köməkilk etmədiyini, Xuraman və Nicatla birlikdə anasının yanında yaşadığını və onun pensiyası ilə dolandıqlarını, Xuramanın əvvəlcə hazırlıqlara getdiyini, lakin indi imkanı olmadığı üçün hazırlığı dayandırdığını, Tuncayın halhazırda atasının yanında yaşadığını, özünün heç bir yerdə işləmədiyini, əlavə gəlirinin olmadığını bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Şərur Rayon Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 628521 nömrəli nikah haqqında akt qeydiyyat kitabından çıxarışdan görünür ki, X10 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir

8. xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı № 624877, xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı № 661278 və xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı № 302696 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X12, xx.xx.2011-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ataları Cavabdeh, anaları isə İddiaçıdır.

9. X2 xx.xx.2025-ci il tarixli MŞN/25-Ə-01980 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X2 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

10. Şərur rayonu Aşağı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12/165 №-li arayışdan görünür ki, İddiaçı ailə üzvləri -əri Cavabdeh, oğlu X8, qızı X3 və oğlu X6 ibarətdir.

11. Tərəflərin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, onların gəlir məlumatları ilə bağlı EMİS-də hər hansı bir məlumat yoxdur.

12. Cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq münasibətləri üzrə məlumatlarından görünür ki, onun hazırda aliment tələb olunan uşaqlarından başqa yetkinlik yaşına çatmayan uşağının olması barədə EMİS-də hər hansı bir məlumat yoxdur. İşin faktiki halları:

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 11 yanvar 2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin nikahı pozulmamışdır, lakin onlar faktiki olaraq ayrı yaşayırlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X12 artıq yetkinlik yaşına çatmışdır. xx.xx.2011-ci il təvəllüdlü X9 hazırda anası İddiaçı himayəsində yaşayır, xx.xx.2014-cü il təvəllüdlü X11 isə atasının yanında qalır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı azyaşlı uşağın saxlanılması və gündəlik tələbatlarının təmin edilməsində çətinlik çəkir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

20. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: 1-ci bəndində qeyd olunmuşdur ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 4-cü bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

21. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: 22.Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

23. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır.

24. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 hazırda iddiaçının himayəsində qaldığından və cavabdeh uşağın saxlanılmasında müntəzəm iştirak etmədiyindən uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.

25. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

26. Məhkəmə, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün zəruri olan maddi təminatın valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində sabit pul məbləğində aliment tutulması məqsədəuyğundur.

27. Məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.5 misli həddində (200 manat:400 manat = 0.5) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır.

28. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalı və qətnamə dərhal icra edilməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır.

30. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği-30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi olmalıdır.

31. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 44 manat (200 manat x12 ay=2400 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 14 manat= 44 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.

Nəticə:

32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia qismən təmin edilməli; -Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, -İddia qalan hissədə rədd edilməli; -Qətnamə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh 44 manat (qırx dörd) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Məhkəmə xərci olaraq Cavabdeh 44 manat (qırx dörd) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar