Məhkəmə qərarları › İş №2(110)-150/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-150/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-150/2021 04.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və cavabddeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X2 və xx.xx.2014-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1 uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 2007-ci ildə nikaha daxil olduqlarını, birgə yaşadıqları müddətdə 2 uşaqlarının doğulduğunu, iddiaçının cavabdehlə ayrı yaşadıqlarını, cavabdehin uşaqların saxlanmasında ona köməklik etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə xx.xx.2007-ci il tarixdə nikaha daxil olduqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2006-cı il tarixdə X2 və xx.xx.2014-ci il tarixdə X1 doğulduğunu, evləndikləri vaxtdan bir müddət keçdikdən sonra aralarında mübahisələr yaranmağa başladığını, cavabdeh əsəbi olduğundan evdə hər şeyin üstündə dava-dalaş saldığını, uşaqlarının yanında onunla mübahisə etdiyini, onu incitdiyini, ona görə cavabdehdən ayrılıb atasıgildə yaşadığını, 4 aydır ki, ayrı yaşadıqlarını, cavabdehin uşaqları ilə maraqlanmadığını, heç bir köməklik etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçı ilə 2007-ci ildə nikaha daxil olduqlarını, Birgə yaşadıqları müddətdə 2 uşaqlarının doğulduğunu, evləndikləri vaxt aralarında heç bir narazılıq olmadığını, Bakı şəhərində işlədiyini, pandemiya ilə əlaqədar olaraq işləyə bilmədiyini, buna görə də maddi cəhəhtdən əziyyət çəkdiklərini, ona görə aralarında mübahislər yarandığını, ailəsi ilə barışmaq istədiyini, Çinarəyə qarşı bir də elə hərəkətlərə yol verməyəcəyini bildirmiş və hazırda işləməməsinin nəzərə alınmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli Az-İ №256775 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2007-ci il tarixdə 169№ ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli Az-İ №800938 nömrəli, xx.xx.2014-cü il tarixli Az-İİİ №082169 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2006-cı il tarixdə doğulmuş X2 və xx.xx.2014-ci il tarixdə doğulmuş X1 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikaha daxil olublar. Birgə yaşadıqları müddətdə xx.xx.2006-cı il tarixdə X4 və xx.xx.2014-ci il tarixdə X3 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh hazırda heç bir yerdə işləmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən uşaqların anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 manatı cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh oğlundan xx.xx.2006-cı il tarixdə doğulmuş X2 və xx.xx.2014-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur şəhərində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar