Məhkəmə qərarları › İş №2(110)-187/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-187/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-187/2024 13.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-617/2020 saylı məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, birgə nikahlarından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun – İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Cavabdeh arasında 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə rəsmi nikah bağlandığını, onların birgə nikahından iki övladı – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 doğulduğunu, evliliklərinin ilk vaxtlarında onların mehriban yola getdiklərini və birgə təsərrüfat apardıqlarını, lakin sonradan cavabdehin xarakterində olan dəyişkənlik, ailə və uşaqlarına olan laqeyd münasibəti səbəbindən aralarında soyuqluq yarandığını, nəticədə onların ailə münasibətlərinin pozulduğunu, faktiki olaraq ayrıldıqlarını, bu səbəbdən onun tələbi əsasında Şərur Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli 2(110)-617/2020 saylı məhkəmə əmrinə uyğun olaraq cavabdehin qazancının üçdə bir hissəsinin aliment qismində tutularaq onun xeyrinə ödənilməsinin də müəyyən edildiyini, lakin bütün bunların onların ailə münasibətlərinin bərpa olunmasına köməklik etmədiyini və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə aralarındakı nikahın rəsmi olaraq pozulmaqla uşaqlarının da onun yanında qalmasının müəyyən edildiyini, artıq iki ildən çoxdur ki, onların ayrı yaşadıqlarını və birgə təsərrüfat aparmadıqlarını, eyni zmanada cavabdehin uşaqların saxlanmasında ona heç bir maddi və ya mənəvi köməklik göstərmədiyini, belə ki, cavabdehin müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq müqavilə müddətinin bitməsi səbəbilə tutduğu vəzifədən azad edildiyini, bu səbəbdən də onun məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini neçə müddətdir ki, ödəmədiyini, uşaqların isə günbəgün böyüməkdə vvə tələbatlarının artmaqda olduğunu, özünün isə rəsmi olaraq işləsə də əldə etdiyi gəlirlə onların tələbatını ödəməkdə çətinlik çəkdiyini, buna görə də hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, onun ailə münasibətlərindən irəli gələn alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri cavabdeh N. Abdullayevə bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək müvafiq arayış verildiyini, bu səbəbdən də onun cavabdeh N. Abdullayevə qarşı “sabit pul məbləğində aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, buna görə də ondan hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 60 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 164755 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 462649 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2019-cu il təvəllüdlü X1 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-617/2020 saylı Məhkəmə əmrindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Diyadin kəndində qeydiyyatda duran borclu Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment xx.xx.2020-ci il tarixdən hesablanaraq Şərur rayon Diyadin kəndində qeydiyyatda duran, Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməsi əmr edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(110)-617/2020 saylı Məhkəmə əmri ilə xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Diyadin kəndində qeydiyyatda duran borclu Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment xx.xx.2020-ci il tarixdən hesablanaraq Şərur rayon Diyadin kəndində qeydiyyatda duran, Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməsi əmr edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində belə ki, cavabdehin müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq müqavilə müddətinin bitməsi səbəbilə tutduğu vəzifədən azad edildiyini, bu səbəbdən də onun məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini neçə müddətdir ki, ödəmədiyini, uşaqların isə günbəgün böyüməkdə vvə tələbatlarının artmaqda olduğunu, özünün isə rəsmi olaraq işləsə də əldə etdiyi gəlirlə onların tələbatını ödəməkdə çətinlik çəkdiyini, buna görə də hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-617/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq müqavilə müddətinin bitməsi səbəbilə tutduğu vəzifədən azad edildiyindən onun məhkəmə qərarı ilə müəyyən edilmiş aylıq alimentin hansı məbləğdə ödəməsi müəyyən çətinliklər yaradır, eyni zamanda iddiaçının izahatından da görünür ki, cavabdeh artıq bir neçə müddətdir ki, uşaqlara aliment ödəməməkdədir. Bu isə uşaqların gündəlik maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin maddi vəziyyətində baş vermiş dəyişiklik Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1 - ci maddəsində əsasən azyaşlı uşaqların gündəlik təminatlarının ödənilməsini təmin etmək üçün təyin olunmuş alimentin dəyişdirilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın məbləği 300 manatdır ki, bu da il ərzində 3600 manat (300x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 56 (əlli altı) manat (3600- 1000=2600/100*1=30+26=56) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-617/2020 saylı Məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar