Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-201/2024 12.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək M-00118 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq birgə nikahdan xx.xx.2021-ci tarixdə doğulmuş azyaşlı övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək alimentin təyin edilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi nikahlarının müvafiq dövlət orqanlarında qeydiyyata alınmadan ümumi təsərrüfat aparılmaqla ailə həyatı qurduqlarını, birgə nikahda yaşadıqları dövrdə bir övladlarının-xx.xx.2021-ci tarixdə X3 doğulduğunu, birgə yaşadıqları müddətdə ailə münasibətləri yaxşı olmuş, aralarında heç bir ailə məişət zəminində münaqişələrinin olmadığını, bir müddətdən sonra xasiyyətlərinin uyğun gəlməməsindən tez-tez mübahisələr etməyə başladıqlarını, axırıncı mübahisədən sonra cavabdehin hərəkətlərinə dözə bilməyib azyaşlı qızı ilə Şərur rayon Qaraburc kəndində yaşayan valideynlərinin yanına qayıtdığını, həmin tarixdən ayrı yaşadıqlarını, ayrı yaşadıqları müddətdə cavabdehin onunla və övladları ilə maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasına kömək etmədiyini, aliment tələbi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, M-00118 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtlərinə əsasən cavabdeh 2022-ci ilin avqust ayı da daxil olmaqla hər ayın 15-dən 30-dək ayda 100 manat məbləğində vəsait xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün onun adına açılmış kart hesabına aliment olaraq ödəniləcəyini, övladının ana qayğısına ehtiyacı olduğundan heç bir yerdə işləyə bilmədiyini, tək qadın olaraq tələbatlarını qarşılamağın çətin olduğunu, barışıq sazişi ilə müəyyən olunmuş alimentin miqdarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respubikası Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan aşağı olduğunu, bununla bağlı Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə cavabdehə məlumat bildirilsə də mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq cavabdehlə iki il birlikdə yaşadıqlarını, cavabdehin günlərlə evə gəlmədiyini, onu və uşağı evdə tək qoyduğunu, buna görə valideynlərinin yanına getdiyini, uşağın saxlanmasına heç bir köməklik etmədiyini, cavabdehin əlavə 2 qızının olduğunu, uşaqları cavabdehin anası saxladığını, cavabdehlə aralarında barışıq sazişi bağlasalar da heç bir köməklik etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə sənədini qəbul etməkdən imtina etmişdir. Əvvəlki məhkəmə sənədini anası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-l № 177381 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X3 atasıdır. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-lV № 630890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə doğulmuş X3 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər nikaha daxil olmadan evləniblər. Birgə yaşadıqları müddətdə 1 uşaqları doğulub. Uşağa atalıq müəyyən olunub. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaq iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya uşağın saxlanması üçün heç bir köməklik etmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, eyni zamanda cavabdehin digər evliliyindən də 2 uşağın olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 36,90 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Qaraburc kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 36,90 manat (otuz altı manat doxsan qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-201/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-201/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver