Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-207/2025 04.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə doğulmuş X1 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşağa görə 246 (iki yüz qırx) manat olmaqla iki uşağa görə hər ay 492 (dörd yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə 2012-ci ilin sentyabr ayında ailə qurduqlarını, birgə nikahdan iki övladlarının - 01 iyun 2013-cü il təvəllüdlü X3 va 12 sentyabr 2023-cü il təvəllüdlü X2 doğulduğunu, cavabdeh ilə xasiyyətlərinin uyğun gəlmədiyini, yola gedə bilmədiklərini, uşaqlara qayğı göstərmədiyini, bu səbəblərdən aralarında olan ailə münasibətlərinin korlandığını, aralarında olan nikahın 2015-ci ildə pozulduğunu, azyaşlı övladları ilə birlikdə yaşadığını, bu müddət ərzində cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmədiyini, cavabdehdən alimentin ödənilməsini tələb etsə də, onunla razılaşmadığını, uşaqların saxlanılmasında çətinlik çəkdiyini, qohumların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, cavabdehin aylıq gəlirinin qeyri müntəzəm olduğunu, uşaqların atasının uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiyada cavabdehlə alimentin ödənilməsi barədə razılıq əldə olunmadığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2012-ci ildə evləndiklərini, 2015-ci ildə nikahlarının pozulduğunu, 2017-ci ildə isə yenidən barışaraq bir ailədə yaşadıqlarını, lakin cavabdehin onu nikaha saldırmadığını, problemli şəkildə bir ailədə yaşamağa davam etdiklərini, iki ildir ki, ayrı yaşadıqlarını, bu müddət ərzində onun çox cüzi hissədə onlara köməklik etdiyini, bu da uşaqların saxlanması üçün yetərli olmadığını, qardaşı və qohumlarının ona maddi cəhətdən dəstək olduqlarını, hal-hazırda Yengicə kəndində birgə yaşadıqları müddətdə tikdirdikləri evdə yaşadığını, qalacaq evinin olmadığını, valideynlərinin vəfat etdiyini, ata evinin satılaraq həmin evin tikintisinə xərcləndiyini, cavabdehin yaxşı qazancının olduğunu, özünə aid mağazasının, xalçayuma şirkətini, restoranın olduğunu, həmçinin maşın alqı-satqısı ilə məşğul olduğunu və ev kirayə verdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında ərizədə qeyd olunan halları qəbul etmədiyini, hal-hazırda Şərur şəhərində validenlərinin yanında yaşadığını, yola gedə bilmədiklərini, iddiaçının psixoloji problemlərinin olduğunu, barışmaq niyyətinin olmadığını, onlar üçün hər şeyi özünün etdiyini, evə lazım olan hər şeyi aldığını, iddiaçının nağd şəkildə pul istədiyini, sonuncu dəfə də 500 manat pul verdiyini, dediyi hallar ilə bağlı sübut təqdim edə bilməyəcəyini, fərdi sahibkarlıqla məşğul olduğunu, özünə aid mağazasının olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli Az-lİ № 859255 nömrəli və Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Az-V № 213131 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə doğulmuş X1 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 valideynləridir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh vergi uçotunda (VOEN **********) dayanır, avtomobil ehtiyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə 2 uşaqları doğulub. Tərəflər hazırda ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya uşaqların saxlanması üçün maddi dəstək olduğunu bildirsə də sübut təqdim etməmişdir. Cavabdeh fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehin qazancı barədə tərəflər məhkəməyə sübut təqdim etmimşlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən həmin Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə işin hallarını nəzərdən keçirib hesab edir ki, uşaqların ananın yanında qalmasının, onların gündəlik zəruri tələbatlarının qarşıladığını, cavabdehin fərdi sahibkarlıq ilə məşğul olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq bir uşaq üçün 246 manat sabit pul məbləğində aliment müəyən edilməli və minimum əmək haqqına uyğun misli təyin olunmalıdır. Minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən bir uşaq üçün alimentin miqdarı minimum əmək haqqının 0.62 misli həddində (246 manat : 400 manat = 0.62) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 79 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X1 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh Şərur rayon Yengicə kəndində yaşayan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun və dərhal icraya yönəldilsin. Cavabdeh 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-207/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-207/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver