Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-226/2024 07.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 250 manat olmaqla, cəmi 500 manat miqdarında alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2018-ci ildə cavabdehlə qeyri-rəsmi ailə qurduqlarını, ailə qurandan sonra Rusiya Federasiyası, Moskva şəhərində yaşadıqlarını, birgə yaşadıqlar müddətdə xx.xx.2019-cu il tarixdə X3 və xx.xx.2021-ci il tarixdə X1 doğulduğunu, uşaqların atasının Cavabdeh olduğunun müəyyən olunduğunu, Azərlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətlərinin korlandığını, bu səbəbdən uşaqları ilə birlikdə 3 ildir ki, valideynlərinin himayəsində yaşadığını, bu müddət ərzində cavabdehin uşaqların saxlanması üçün hər ay cəmi 300 manat pul ödədiyini, lakin həmin məbləğin uşaqların saxlanması üçün kifayət etmədiyini, cavabdehdən alimentin artırılmasını tələb etsə də bununla razılaşmadığını, uşaqların saxlanmasında çətinlik çəkdiyini, valideynlərinin maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, cavabdehin Moskva şəhərində yaşadığını, kommersiya fəaliyyəti ilə məşğul olduğunu, aylıq gəliyinin yüksək və qeyri-müntəzəm olduğunu, cavabdehin mediasiya sesiyasında iştirak etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq burada ailə qurub Moskva şəhərinə getdiklərini, lakin orada nikaha daxil ola bilmədiklərini, orada 3 il birlikdə yaşadıqlarını, sonra cavabdehin rus qadınla əlaqəsi olduğu və ondan 1 uşağının olduğunu öyrəndiyini, həmin vaxtdan da uşaqları ilə birlikdə bura qayıtdığını, cavabdehin hər ay 300 manat ödədiyini, lakin bu məbləğin uşaqların saxlanması üçün kifayət etmədiyini, cavabdehin Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yaxşı qazancı olduğunu, orada mağazaları olduğunu, həmçinin Bakıda 3 evi olduğunu, özü burada yaşamadığı üçün evləri atasının adına keçirtdiyini, elektron məhkəmə sistemində torpaq kimi görünən əmlakların üzərində tikili olduğunu, Azərin Bakıda evinin olması ilə bağlı qohumu ilə yazışmalarının olduğunu, bu yazışmanı məhkəməyə təqdim etdiyini bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədləri cavabdehin qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmişdir. İcra nümayəndəliyinin arayışına əsasən məhkəmə sənədləri cavabdehin atasına çatdırılmış, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atasıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Az-l № 177106 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X1 atasıdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Az-lV № 628283 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə doğulmuş X1 valideynləridir. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, cavabdehin adına **********13 və **********18 reyestr nömrəli torpaq sahələri vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 2018-ci ildə nikaha daxil olmadan evləniblər. Birgə yaşadıqları müddətdə 2 uşaqları doğulub. Hər 2 uşağa atalıq müəyyən olunub. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdehin iddiaçıya göstərdiyi maddi köməklik uşaqların saxlanması üçün kifayət etmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Bakı şəhərində 3 evi olduğunu bildirsə də onun aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehin mülkiyyətində **********13 və **********18 reyestr nömrəli torpaq sahələri olduğu müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahələri üzrərində yaşayış evlərinin tikildiyini bildirsə də bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə işin hallarına aşağıdakı hüquq normalarını tətbiq edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, eyni zamanda cavabdehin gəlirləri barədə heç bir məlumat olmasa da mülkiyyətində torpaq sahələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 70,40 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Zeyvə kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 70,40 manat (yetmiş manat qırx qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-226/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-226/2024
07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver