Məhkəmə qərarları › İş №2(110)-230/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-230/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-230/2022 19.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.07.2015-ci il təvəllüdlü X4 və 07.09.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün alimentin hər ay sabit pul məbləğində 160 manat, ümumilikdə 320 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 2014-cü ildə nikah qeydindən keçməklə evləndiklərini, evləndikdən sonra Elşənin valideynləri ilə birlikdə Bakı şəhərində yaşamağa başladıqlarını, birgə nikahdan 24.07.2015-ci il təvəllüdlü X6 və 07.09.2017-ci il təvəllüdlü X2 doğulduğunu, cavabdeh ona və övladlarına qayğı göstərmədiyindən aralarında olan ailə münasibətlərinin korlandığını, bu səbəbdən azyaşlı uşağı ilə birlikdə 2020-ci ilin dekabr ayından Naxçıvan şəhərində yaşayan valideynlərinin himayəsində yaşadıqlarını, bu müddət ərzində cavabdehin uşaqların saxlanmasında ona kömək etmədiyini, uşaqların saxlanmasında çətinlik çəkdiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özünü saxladığını, uşaqların atasının uşaqların sağlamlığı, təhsili və digər xərclərin ödənilməsində ona əlavə maddi köməklik göstərməkdən boyun qaçırdığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə 29.03.2022-ci il tarixdə telefonoqram göndərilmiş, cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, Bakı şəhərində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qismən qəbul etdiyini bildirib, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.11.2014-cü il tarixli Az-lİ № 000883 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 22.11.2014-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.08.2015-ci il tarixli Az-llİ № 593217 nömrəli, 13.09.2017-ci il tarixli Az-İll № 981564 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 24.07.2015-ci il tarixdə doğulmuş X4 və 07.09.2017-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 18.02.2022-ci il tarixli 601 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, X6 və X1 Pərvər Fizuli qızının himayəsində yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 22.11.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 24.07.2015-ci il tarixdə X6 və 07.09.2017ci il tarixdə X5 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qismən qəbul etdiyini qeyd etsə də, iddiaya yazılı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını, nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşaqların anasının yanında yaşamasını, cavabdehin qazancının qeyrimüəyyən olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24.02.2022-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 55 (əlli beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Şərur rayonu Arpaçay kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 24.07.2015-ci il tarixdə doğulmuş X4 və 07.09.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması 24.02.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 55 (əlli beş) manat məbləğində dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar