Məhkəmə qərarları › İş №2(110)-238/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-238/2022

29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-238/2022 29.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının ona xəyanət etməsi səbəbindən keçirtdiyi iztirab, ağrı və sarsıntıya görə mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 17.02.2011-ci il tarixində Şərur rayon Qeydiyyat şöbəsində (29 nömrə ilə qeyd edilmişdir) rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, bu nikahdan iki övladının 14.06.2012-ci il təvəllüdlü X8 və 07.02.2015-ci il təvəllüdlü X10 doğulduğunu, ailə qurduqdan sonra 2019-cu ilin yanvar ayında işləmək məqsədilə ailəlikcə Türkiyə Respublikasına getdiklərini, 2021-ci ilin avqust ayında uşaqların təhsili ilə əlaqədar Cavabdeh uşaqlarla birlikdə Püsyan kəndinə göndərdiyini, Bir neçə gün sonra özünün telefonuna naməlum nömrələrdən mesajlar gəlməyə başladığını, mesajlarda arvadı xanımın gecələr gec vaxta kimi WhatsAPPda kimlərləsə yazışmasının bildirildiyini, nömrənin kimliyini bilmədiyi üçün bloka atdığını, 2-3 gün sonra İstanbul şəhərində qalan həmkəndlisi X11 ilə görüşərkən ona naməlum nömrələrdən mesaj gəldiyini bildirdiyini özünə də mesaj gəldiyini belə mesajlara əhəmiyyət verməməsini bildirdiyini, bir həftə sonra kənddən anası X1 zəng etdiyini, gecə Xanımın otağından kişi səsi eşitdiyini, Xanımın otağına girərkən yorğanın altında bir nəfər olduğunu, yorğanı qaldırarkən həmin kişinin pəncərədən çıxıb qaçdığını, qaranlıq olduğundan kişinin kim olduğunu görə bilmədiyini bildirdiyini, bu məsələ ilə əlaqədar İstanbul şəhərindən Püsyan kəndinə qayıtdığını, Cavabdeh belə bir şey olmadığını, anasının yalan dediyini, bu səbəbdən də ailə münasibətinin sarsıldığını və özünün Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia qaldırdığını, bir müddət sonra həmkəndlisi X6 İstanbul şəhərindən Püsyan kəndinə qayıtdığını, kənddə ailədə olan mübahisəni eşitdikdən sonra telefonunda olan Xanımın bir neçə şəklini, həmkəndlisi X3 göstərərək Xanımın İstanbul şəhərində olarkən də ona xəyanət etdiyini bildirdiyini, Əkrəm Tağıyevin kənddə atası X12 ilə görüşərkən Akimin ona Xanımın şəkillərini göstərdiyini və İstanbul Şəhərində olarkən də Xanımın ərinə xəyanət etməsini bildirdiyini, Akim həmin hadisədən sonra İstanbul şəhərinə qayıtdığından İstanbul şəhərində yaşayan qardaşı X7 olanları bildirdiyini və Akimlə görüşüb söhbət etməsini xahiş etdiyini, qardaşının Akim Zamanovla görüşərək məsələ ilə əlaqədar bildiklərini söyləməsini xahiş etdiyini, X13 şəhərində ona xəyanət etməsini etiraf etsə də telefonunda olan foto-şəkilləri sildiyini bildirdiyini, bütün bunlardan sonra Xanımın həqiqətən ona xəyanət etməsinə inandığını, cavabdehin ona xəyanət etməklə onun şərəf və ləyaqətini alçaltmaqla nüfuzuna xələl gətirdiyini, onun bu hərəkətinə görə mənəvi iztirab sarsıntı keçirdiyini, utandığından özünə gələ bilmədiyini, qohum-əqrəbadan, kənd camaatından, dost-tanışdan qaçıb gizləndiyini, Cavabdeh ona xəyanət etməsi nəticəsində mənəvi sarsıntı keçirdiyini, ona qarşı törətdiyi hərəkətlə şüurunda mənfi psixoloji reaksiyaya səbəb olduğunu, iztirab keçirməklə sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyini bildirərək, Cavabdeh qızının ona xəyanət etməsi səbəbindən keçirtdiyi iztirab, ağrı və sarsıntıya görə mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin ona xəyanət etdiyini, bunu eşitdiyində stres yaşadığını, sarsıntı keçirdiyini, lakin bununla bağlı həkimə müraciət etmədiyini, heç bir müalicə kursu keçmədiyini bildirərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının dediklərinin hamısının yalan olduğunu, ona heç vaxtı xəyanət etmədiyini, iddiaçının anasının əvvəldən onu istəmədiyini, oğlundan boşatdırmaq istədiyi üçün ona böhtan atdığını, iddiaçının dediklərinə dair heç bir sübutunun olmadığını, olada bilməyəcəyini, çünki elə bir hərəkət etmədiyini qeyd edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarında qeyd etdiklərini qiymətləndirərək bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X2 arasında 17 fevral 2011-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Musayeva" soyadı verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona xəyanət etməsi səbəbindən iztirab, ağrı və sarsıntı keçirdiyini, buna görə də görə mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsədə onun fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar