Məhkəmə qərarları › İş №2(110)-240/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-240/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-240/2022 19.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşaqları 05.06.2008-ci il təvəllüdlü X2 və 25.09.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1 uşaq üçün 193 manat sabit pul məbləğində olmaqla, hər ay 2 uşağa görə 386 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 29.08.2017-ci il tarixdə Şərur rayon Çomaxtur kənd İƏDN-də nikah qeydindən keçməklə ailə qurduqlarını, birgə nikahdan 05.06.2008-ci il təvəllüdlü X6 və 25.09.2014-cü il təvəllüdlü X3 doğulduğunu, ailə qurduqdan sonra bir müddət cavabdehin valideynləri ilə birlikdə Şərur rayon Çomaxtur kəndində yaşadıqlarını, daha sonra Çomaxtur kəndində cavabdehin mərhum qardaşı X4 adına qeydə alınmış həyətyanı torpaq sahəsini alaraq 3 otaqdan ibarət fərdi yaşayış evi tikərək 08.01.2022-ci il tarixədək həmin ünvanda yaşadıqlarını, birgə yaşadıqları müddətdə cavabdehin işləmək məqsədilə Türkiyə Respublikasına gedib-gəldiyini, bu müddət ərzində başqa bir qadınla əlaqəsi olduğunu öyrəndiyini, bunun ər-arvad münasibətlərinin soyumasına səbəb olduğunu, tez-tez ailə-məişət zəminində mübahisə etməyə başladıqlarını, 2010-cu ildə aralarında olan mübahisə səbəbindən onu azyaşlı övladı ilə birlikdə ev əşyalarını da maşına yığaraq atası evinə gətirdiyini, ailə böyüklərinin 3 ildən sonra onları barışdırdığını, yenə bir yerdə yaşamağa davam etdiklərini, ilk vaxtlar münasibətlərinin yaxşı olduğunu, 2014-cü ildə ikinci övladının doğulduğunu, bir müddətdən sonra cavabdehin ona və uşaqlarına laqeyd münasibət bəsləməyə, ailəyə baxmamağa başladığını, hətta Türkiyədə olduğu müddətdə evin gündəlik tələbatını qarşılamaq üçün pul göndərsə də, bəzən ərzaq almamağı tapşırdığını, cavabdehin bu hərəkətlərinə dözə bilməyərək 2018-ci ilin dekabr ayında boşanmaq məqsədilə məhkəməyə müraciət etsə də, məhkəmədə onları barışdırdıqlarını, iddia ərizəsi verməkdən imtina etdiyini, bunlara baxmayaraq cavabdehin əməllərindən əl çəkmədiyini, ailəyə baxmadığını, ona və 2 azyaşlı övladına laqeyd münasibət göstərdiyini, 08.01.2022ci il tarixdən ayrı yaşadıqlarını, Şərur rayon Çomaxtur kəndində valideynlərinin yanında qaldığını, cavabdehin onlarla maraqlanmadığını, hər hansı bir maddi köməklik göstərmədiyini, gündəlik tələbatlarını atası X1 qarşıladığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, ailəsinə baxdığını, belə ki, 25 il İstanbul şəhərində işlədiyini, gəlib Şərur rayon Çomaxtur kəndində 3 otaqlı ev tikdiyini, maşın alıb arendaya verdiyini, lakin iddiaçının onun ata-anasına baxmayıb atası evinə getdiyini, onu ər kimi saymadığını, indi özünün rəsmi heç bir yerdə işləmədiyini, müharibə veteranı kimi 80 manat pensiya aldığını bildirib iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Çomaxtur kənd İƏDN tərəfindən verilmiş 29.08.2007-ci il tarixli Az-İ № 256637 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 29.08.2007-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur rayon Çomaxtur kənd İƏDN tərəfindən verilmiş 15.07.2008-ci il tarixli Az-ll № 167659 nömrəli, 22.10.2014-cü il tarixli Az-İll № 303875 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 05.06.2008-ci il tarixdə doğulmuş X2 və 25.09.2014-cü il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Çomaxtur kənd İƏDN tərəfindən verilmiş 24.02.2022-ci il tarixli 285 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqları X6 və X7 ilə birlikdə atasının evində yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 29.08.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 05.06.2008-ci il tarixdə X6 və 25.09.2014-cü il tarixdə X7 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh heç bir yerdə işləmədiyini əsas gətirərək iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, bununla yanaşı cavabdehin maddi vəziyyətini və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28.02.2022-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 48 (qırx səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 05.06.2008-ci il tarixdə doğulmuş X2 və 25.09.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması 28.02.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar