Məhkəmə qərarları › İş №2(110)-303/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-303/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-303/2022 06.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.04.2017-ci il təvəllüdlü X1 və 23.11.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla iki uşağa görə hər ay 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2016-cı il tarixdən Kəngərli rayon Şahtaxtı kənd sakini Cavabdeh ilə nikahını qeydiyyat orqanlarında qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və Kəngərli rayon Şahtaxtı kəndində yaşamaqla ailə həyatı sürdüklərini, bu nikahdan iki övladının -21.04.2017-ci il təvəllüdlü X6 və 23.11.2019-cu il təvəllüdlü X5 doğulduğunu, nkahları rəsmi olaraq qeydiyyata alınmadığından 22.06.2018-ci il tarixdə 21.04.2017-ci il təvəllüdlü X3, 15.02.2022-ci il tarixdə isə 23.11.2019-cu il təvəllüdlü Əsədov Yusif Rafiz oğluna Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən olunması haqqında şəhadətnamələrə əsasən doğum haqqında şəhadətnamələr verildiyini, birgə yaşadıqları müddətdə ilk vaxtlar münasibətləri yaxşı olsa da daha sonra Cavabdeh anasının və bacılarının müdaxiləsi səbəbindən ailə münasibətlərində soyuqluğun yarandığını, bu səbəbdən də cavabdehin ona qarşı şiddət uyğulamaqla dəfələrlə evdən qovduğunu, bir müddət Şərur rayon Çomaxtur kəndində valideynlərinin yanında qaldıqdan sonra cavabdeh bir daha belə hallara yol verməyəcəyi barədə vədlər verərək barışmaq istədiyini bildirdiyini, onun vədlərinə inanaraq iki azyaşlı övladının ata qayğısından kənar böyüməsini istəmədiyindən cavabdehlə barışdığını, axırıncı dəfə 21 mart 2021-ci il tarixdə aralarında olan mübahisə səbəbindən cavabdehin yenə də ona qarşı şiddət uyğulayaraq iki azyaşlı övladıyla birlikdə evdən qovduğunu, həmin tarixdən iki azyaşlı övladıyla birlikdə Şərur rayon Çomaxtur kəndində valideynlərinin himayəsində yaşadığını, bu müddət ərzində cavabdehin bir dəfə də olsun onlarla maraqlanmadığını, hər hansı maddi dəstək göstərmədiyini, artıq Cavabdeh hərəkətlərinə dözə bilmədiyini, ayrı yaşadıqlarını, ümumi təsərrüfatı birgə idarə etmədiklərini, ayrı yaşadıqları müddətdə cavabdeh nə onunla nə də övladları ilə maraqlanmadığını, heç bir maddi kömək göstərmədiyini, uşaqlar azyaşlı olduğundan və ana qayğısına daha çox ehtiyacları olduğundan heç bir yerdə işləmədiyini, uşaqları təkbaşına saxlamağın onun üçün çətin olduğunu, uşaqların atasının Rafiz Əhmədov olduğunu, cavabdeh Rafiz Əhmədovun azyaşlı uşaqlarının saxlanması üçün ona aliment ödəməli olduğunu hesab etdiyini, ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yatrandığını, cavabdehlə aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə cavabdeh Rafiz Əhmədova bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görədə Mediasiya Təşkilatı tərəfindən 05.04.2022-ci il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Q-142/2022 saylı arayış verildiyini qeyd edərək, Cavabdeh 21.04.2017-ci il təvəllüdlü X1 və 23.11.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla iki uşağa görə hər ay 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 22.06.2022-ci il tarixli AZ-lİİ № 961732 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 21 aprel 2017-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli AZ-lV № 634702 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 23 noyabr 2019-cu il tarixdə doğulmuş X5 valideynləridir. İş materiallarında olan Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2018-ci il tarixli AZ-l № 209794 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə Cavabdeh 21 aprel 2017-ci il tarixdə doğulmuş X1 atasıdır. İş materiallarında olan Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli AZ-l № 240946 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə Cavabdeh 23 noyabr 2019-cu il tarixdə doğulmuş X5 atasıdır. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05.04.2022-ci il tarixli 376 nömrəli arayışdan görünür ki, X6 və X8 anaları İddiaçı ilə birikdə yaşayırlar. İş materiallarında olan Mediator tərəfindən verilmiş 05.04.2022-ci il tarixli, 142/2022 nömrəli İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışından məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasından iştirak etməmişdir. İş materiallarında olan Kəngərli rayon İcra və Probasiya Bölməsinin 73 nömrəli, 04 may 2022ci il tarixli arayışından görünür ki, Kəngərli rayon şahtaxtı kənd sakini Əsədov X2 Rayon Məhkəməsinin 2(111)-62/2019 saylı, 22.04.2019-cu il tarixli icra sənədinə əsasən keçmiş həyat yoldaşı əsədova Sunay Aslan qızına Kəngərli rayon İcra və Probasiya Bölməsi vasitəsilə 130 (bir yüz otuz) manat aliment ödəyir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2016-cı ildə nikahlarını rəsmi qaydada dövlət qeydiyyatına aldırmadan ailə həyatı qurmuş, onların bu evliliyindən 2 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, eyni zamanda cavabdehin əvvəlki nikahdan doğulmuş övladına da aliment ödəməsini, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 11.04.2022-ci il tarixdən hesablanmaqla, 21 aprel 2017-ci il tarixdə doğulmuş X1 və 23 noyabr 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 3120 manat (2x130x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 51.2 (əlli bir manat iyirmi qəpik) manat (30+2120x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. 11.04.2022-ci il tarixdən hesablanmaqla 21 aprel 2017-ci il tarixdə doğulmuş X1 və 23 noyabr 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 51.2 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar