Məhkəmə qərarları › İş №2(110)-325/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-325/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-325/2024 16.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 1995-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahdan 4 uşaqlarının doğulduğunu, 3 övladının yetkinlik yaşına çatdığını, xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatmadığını, cavabdehin ailəyə və uşağa baxmadığını, buna görə də aralarındakı ailə münasibətinin korlandığını, son dörd il ərzində cavabdeh tərəfindən uşağın saxlanılması üçün ona kömək olunmadığını, uşağın saxlanmasında çətinlik çəkdiyini, cavbdehin uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiyada cavabdehlə alimentin ödənilməsi barədə razılıq əldə olunmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, cavabdehin ailəsinin ehtiyaclarını qarşılamadığını, bir evdə yaşasalarda onlara heç nə almadığını, ayda bir dəfə uşağa 10 manat pul verdiyini, özünün 325 manat əmək haqqı aldığını, 220 manatını kredit verdiyini, uşaqların ikisinin evləndiyini, birinin üçüncü kursda təhsil aldığını, digərinin isə məktəbə getdiyini, uşağın heç bir ehtiyacını qarşılamadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, bir evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, bütün kommunal xərcləri ödədiyini, imkanım olduqca köməklik etdiyini, oğlunun universitetdə oxuduğunu, onun kirayə haqqını, əlavə xərcliklərini verdiyini, bunun toplamda hər ay 120- 130 manat etdiyini, X1 mühafizəçi işlədiyini, aylıq 467 manat əmək haqqı aldığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.1995-ci il tarixdə 119 № ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli AZ-İİ № 665622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X2 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.1995-ci ildə nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatmamışdır. Tərəflər eyni evdə yaşasalar da ailə təsərrüfatını ayrı idarə edirlər. Uşağın saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçının xadimə işlədiyi, 370 manat əmək haqqı aldığı, cavabdehin isə mühafizəçi işlədiyi və 467 manat əmək haqqı aldığı müəyyən olunmuşdur. Həmçinin cavabdehin evin kommumal xərclərini və yetkinlik yaşına çatan oğlunun kirayə və əlavə xərclərini ödədiyi müəyyən olunmuşdur. Buna görə məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib tərəflərin eyni evdə yaşadıqlarını, evin kommumal xərclərini və yetkinlik yaşına çatan oğlunun kirayə və əlavə xərclərini cavabdehin ödədiyini, eyni zamanda iddiaçının özünün xadimə işlədiyini, 320 manat əmək haqqı aldığını, cavabdehin isə 467 manat əmək haqqı almasını və əlavə qazancı barədə sübutun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağa 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 39,60 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 39,60 manat (otuz doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar