Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-342/2023 27.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və valideynin əlavə xərclərdə iştirakı tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat aliment, xx.xx.20104-cü il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 təhsili, müalicəsi və digər xərclərin çəkilməsində iştirakına görə hər ay 200 manat, ümumlikdə 420 manat miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2003-cü il tarixdə cavabdehlə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.20104-cü il tarixdə X1 və xx.xx.2008-ci il tarixdə X2 doğuldğunu, ailə qurduqdan sonra 2009-cu ildə ailəliklə Dərvişlər kəndində ev alaraq ora köçdüklərini, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, son zamalarda cavabdehin ailəyə soyuq münasibət bəsləməsi və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tez-tez mübahisə etməyə başladıqlarını, sonuncu dəfə xx.xx.2019cu il tarixdə aralarında olan mübahisədən sonra cavabdehin Ordubad şəhərində yaşayan valideynlərinin yanına getdiyini, bir daha geri qayıtmadığını, Əliyeva Təranənin tələbə olduğunu, Naxçıvan Universitetində təhsil aldığını, orada kirayədə yaşadığını, xəstə olduğunu, xəstəliyi ilə əlaqədar olaraq mütəmadi müalicə aldığını, digər uşağının məktəbli olduğunu, 5 fəndən hazırlığa getdiyini, hər ay 150 manat hazırlıq pulu ödədiyini, cavabdehin isə uşaqları ilə maraqlanmadığını, onların ehtiyaclarını qarşılamadığını, özünün çətinlik çəkdiyini, cavabdehin mediasiya sesiyasında iştirak etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq evləndikdən sonra atasının onlara Dərvişlər kəndində ev tikdirdiyini, orada yaşamağa başladıqlarını, həmçinin atasının cavabdehi işlə təmin etdiyini, lakin o işlədiyi pulu onlara heç vaxt vermədiyini, yola gedə bilmədiklərindən ayrıldıqlarını, qızının xəstə olduğunu, bu müddət ərzində cavabdehin uşağı ilə maraqlanmadığını, uşaqların ehtiyaclarını ödəyə bilmədiyini, cavabdehin uşaqları ilə maraqlanmasını və onların ehtiyaclarını ödəməkdə köməklik etməsini tələb etdiyini, qızının yetkinlik yaşına çatdığını, İİ qrup əlil olduğunu, oğlunun isə məktəbli olduğunu, hazırlıqlara getdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qismən qəbul etdiyini, onu evdən qovduqları üçün Ordubad rayonuna getdiyini, hal-hazırda anası ilə birlikdə yaşadıqlarını, açıq ürək əməliyyatı keçirdiyini, ağır işlərdə işləyə bilmədiyini, hər ay dərmanlarına 60-70 manat pul verdiyini, kredit götürdüyünü, aylıq kartından pul çıxıldığını, qızı ilə maraqlandığını, keçən ay onun kirayə haqqını ödədiyini, yeri gələndə paltarını aldığını, yəni əlindən gələni etdiyini, mövsimi olaraq 5 ay ərzində məktəbdə ocaqçı işlədiyini, aylıq 240 manat əmək haqqı aldığını, İİİ qrup əlil olduğunu, aylıq 150 manat pensiya aldığını, 100 manatdan artıq ödəməyə imkanının olmadığını bildirərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2003-ci il tarixli Az-İ № 040937 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Az-İV № 461950 nömrəli və xx.xx.2008-ci il tarixli Az-İİ № 167802 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.20104-cü il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.20213-cü il tarixli 02/450 nömrəli arayışından görünür ki, X3 xx.xx.2027-ci ilədək İİ dərəcəli əlil kimi hər ay 220 manat müavinət alır. İş materiallarında olan Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli 1051 nömrəli qərarından görünür ki, Cavabdeh İİİ dərəcəli əlildir. İş materiallarında olan tibbi sənəddən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ürək əməliyyatı keçirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 2 uşaqları doğulmuşdur. Uşaqlardan biri yetkinlik yaşına çatıb və İİİ qrup əlildir. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaq iddiaçı ilə birlikdə yaşayır. Uşağın saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə İİİ qrup əlildir, aylıq 150 manat pensiya alır və mövsimi olaraq hər il 5 ay ocaqçı vəzifəsində işləyir və aylıq 240 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, bununla yanaşı cavabdehin İİİ qrup əlil olmasını, ürək əməliyyatı keçirməsini, mövsümi ocaqçı işləməsini, daha yüksək gəlir əldə etmək imkanına malik olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 80.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il qərarı ilə yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20,10 (iyirmi manat on qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Dərvişlər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayonu Dərvişlər kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 20,10 manat (iyirmi manat on qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-342/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-342/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver