Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-358/2022 22.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 sentyabr 2010-cu il təvəllüdlü X3, 17 dekabr 2011-ci il təvəllüdlü X1 və 31 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 450 manat aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, evləndikdən sonra Elsevərin valideynləri ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində yaşamağa başladıqlarını, birgə nikahdan birgə yaşadıqları müddətdə 3 uşaqlarının-15 sentyabr 2010-cu il təvəllüdlü X3, 17 dekabr 2011-ci il təvəllüdlü X1 və 31 yanvar 2022-ci il təvəllüdlü X2 doğulduğunu, cavabdehin ona və uşaqlarına qayğı göstəmədiyini, ona qarşı fiziki təzyiq göstərdiyini, ona görə də aralarında olan münasibətlərinin korlandığını, bu səbəbdən də azyaşlı uşaqları ilə birlikdə anasıgildə yaşadığını, bu müddət ərzində cavabdeh tərəfindən uşaqların saxlanması üçün köməklik olunmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq evləndikdən sonra qayınanasıgillə birlikdə yaşamağa başladıqlarını, həmişə aralarında mübahisələr çıxdığını, sonra Türkiyə Respublikasına işləməyə getdiklərini, orada 3 il yaşadıqlarını, oradan qayıtdıqdan sonra da qayınanası ilə mübahisələrin davam etdiyini, bu səbəbdən kənddə boş olan evlərdə yaşadıqlarını, həmin vaxtlar da cavabdehin onlarla maraqlanmadığını, maddi cəhətdən əziyyət çəkdiklərərini, işləmək istədiyini bildirsə də cavabdehin həmişə buna etiraz etdiyini, bir uşağının yeni doğulduğunu, onun heç bir ehtiyacını qarşılaya bilmədiyini, Elsevərə birlikdə işləyərək uşaqlarının ehtiyacını qarşılamağı bildirsə də həmişə etiraz etdiyini, son zamanlarda cavabdehlə anasıgilin evində yaşamağa başladıqlarını, lakin cavabdehin 1 ay onlarla birlikdə yaşadığını, 3 aydır ki anasıgildə yaşadıqlarını, uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin əvvəlcə heyvan alveri ilə məğul olduğunu, sonra sürücü işlədiyini, işlədiyi müddətdə də ailəsinin ehtiyaclarını qarşılamadığını, qazandığını özünə xərclədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, ailəsinin dağılmasını istəmədiyini, Günelin ayrı evdə yaşamaq istədiyini lakin özünün valideynləri ilə birlikdə yaşamaq istədiyini, anası, birlikdə yaşayacaqları təqdirdə Günellə aralarında mübahisə çıxmayacağını bildirdiyini, Günelin Bakı şəhərinə gedib orada işləyib yaşamaq istədiyini, lakin özünün getmək istəmədiyini, heç bir yerdə işləmədiyini, o qədər alimenti ödəməyə imkanının olmadığını bildirib iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Yuxarı Daşarx kənd İƏDN tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Az-İ № 417243 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur rayon Yuxarı Daşarx kənd İƏDN tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Az-ll № 502175 nömrəli, Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Az-İl № 669183 nömrəli və Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-lV № 630938 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2022-ci il tarixdə X2 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh heç bir yerdə işləmədiyini əsas gətirərək iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, bununla yanaşı cavabdehin maddi vəziyyətini və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 54 (əlli dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Şərur rayonu Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayonu Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-358/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-358/2022
22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver