Məhkəmə qərarları › İş №2(110)-376/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-376/2022

08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-376/2022 08.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin tutulması tələbinə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən hər ay iki uşağa görə qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh ilə xx.xx.2013-cü il tarixdə el adət-ənənələrinə uyğun olaraq Şərur rayon Çəmənli kənd İƏDN-də 02 № ilə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X2 doğulduğunu, birgə yaşadıqları müddətdə ilk vaxtlarda ailə münasibətlərinin yaxşı olduğunu, ailə təsərrüfatını birgə idarə etdiklərini, cavabdehin hərbi qulluqçu olduğunu, özünün isə Şərur rayon Xanlıqlar kənd tam orta məktəbində müəllimə işlədiyini, Şərur şəhərində kirayədə yaşadıqlarını, cavabdehin birgə yaşadıqları müddətdə ailənin saxlanılması üçün zəruri maddi yardım göstərmədiyini, hətta kira pulunu belə özünün ödədiyini, cavabdehin hər dəfə borcu olduğunu bildirdiyini, əlavə olaraq mütəmadi olaraq pul tələb etdiyini, pul verməyəndə isə ailədə narahatlıq yaratdığını, ailəni qoruyub saxlamaq üçün özünün kredit götürüb onun borclarını ödədiyini, bu barədə nə cavabdehin, nə də öz valideynlərinə bildirmədiyini, bütün bunlara baxmayaraq cavabdehin öz əməlindən əl çəkmədiyini, axırıncı dəfə xx.xx.2022-ci il tarixdə borclu olduğunu bildirərək yenə də pul tələb etdiyini, ona evdə pul olmadığını bildirdiyini, cavabdehin ondan sonra heç bir söz demədən evdən çıxıb Şərur rayon Çəmənli kəndinə valideynlərinin yanına getdiyini, həmin tarixdən ayrı yaşadıqlarını, bu müddət ərzində cavabdehin bir dəfə də olsun onlarla maraqlanmadığını, ailənin gündəlik tələbatını ödəmək üçün zəruri maddi yardım göstərmədiyini, artqı cavabdehin bu kimi hərəkətlərinə dözə bilmədiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq xx.xx.2022-ci il tarixdən ayrıldıqlarını, o vaxtdan 1 dəfə uşaqlarını gəlib gördüyünü, uşaqları ilə birlikdə atasıgildə yaşadıqlarını, cavabdehlə bəzən danışdıqlarını, boşanmaq istəmədiyini aliment ödəməyəcəyini bildirdiyini, cavabdeh hərbçi olduğunu, Naxçıvan şəhərində işlədiyini, lakin hal-hazırda Kəlbəcərə ezam olunduğunu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmə bildirişini cavabdehin atası qəbul etmişdir. Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-l № 606482 seriyalı çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə 02 № ilə nikaha daxil olublar. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İll çıxarışlardan görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2015ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Çəmənli kənd İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 69 nömrəli arayışdan görünür ki, X4 və X3 anası İddiaçı himayəsində yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşdurlar. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayır. İddiaçı uşaqların saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin hərbçi olduğunu bildirmiş, lakin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı Cavabdeh xx.xx.2014cü il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək hər ay iki uşağa görə qazancının (və ya başqa gəlirlərinin) 1/3 hissəsi tutularaq anası Şərur şəhərində yaşayan İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək hər ay iki uşağa görə qazancının (və ya başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi tutularaq anası Şərur şəhərində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 30 (otuz) məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar