Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-394/2024 25.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavbdehlə xx.xx.2007-ci il tarixdə Şərur Rayon Dizə kənd İƏDN-də nikah aktı qeydi kitabında 11 № ilə rəsmi nikah qeydiyyatından keçdiklərini, bu nikahdan iki övladlarının-xx.xx.2009-cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə X1 doğulduğunu, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, ailə təsərrüfatını birgə idarə etdiklərini, 2022-ci ilin sonlarında cavabdehin işləmək məqsədilə Bakı şəhərinə getdiyini, ilk vaxtlar gündəlik tələbatlarını qarşılamaq üçün az bir məbləğ də olsa pul göndərdiyini, 3-4 aydan bir evə gəlib bir müddət qaldıqdan sonra yenə işləmək məqsədilə Bakı şəhərinə qayıtdığını, 2023-cü ilin sonlarında isə cavabdehin artıq onlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi cəhətdən köməklik göstərmədiyini, tələbatlarının qarşılanmasına valideynlərinin köməklik göstərdiyini, onlara yük olmaq istəmədiyini, uşaqların artıq böyüdüyünü, Minayənin 14, Cəmaləddinin isə 12 yaşı olduğunu, onların qayğısına qalmağın və zəruri tələbatlarının qarşılanmasının tək qadın olaraq çətin olduğunu, son zamanlar eşitdiyinə görə cavabdehin Salyan rayonundan başqa bir qadınla qeyri-rəsmi nikah qurduğunu, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, cavadehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehin işləmək məqsədilə 2022-ci ildə Bakı şəhərinə getdiyini, gedəndən sonra uşaqların saxlanması üçün pul göndərdiyini, lakin 5-6 aydır ki, onlarla əlaqəsini kəsdiyini və heç bir köməklik etmədiyini, onun Salyan rayonunda yaşadığını və başqa bir qadınla evləndiyi barədə məlumatının olduğunu, cavabdehin ərizədə qeyd etdiyi halların düzgün olmadığını, heç bir xəstəliyinin olmadığını, cavabdehin usta işlədiyini və yaxşı qazancı olduğunu, hal-hazırda uşaqları ilə birlikdə birgə nikah dövründə tikdikləri evdə yaşadıqlarını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə ərizə göndərərək yoldaşının uşaqları ilə birlikdə tikdiyi evdə yaşadıqlarını, özünün ağ ciyər xəstəsi olduğunu, işləməyə qüvvətinin olmadığını, borcunun çox olmasından məhkəməyə gələ bilmədiyini, alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Dizə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli Az-l № 257112 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2007-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur Rayon Dizə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2009cu il tarixli Az-lİ № 337164 və xx.xx.2011-ci il tarixli Az-lİ № 508800 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olublar. Birgə yaşadıqları müddətdə 2 uşaqları doğulub. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya uşaqların saxlanması üçün heç bir köməklik etmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, iddiaçının uşaqları ilə birlikdə cavabdehə məxsus evdə yaşadıqlarını, cavabdehin ərizəsində səhhəti və maddi vəziyyəti ilə bağlı göstərdiyi xüsusatları, eyni zamanda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 58,50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Dizə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şərur rayon Dizə kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 58,50 manat (əlli səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-394/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-394/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver