Məhkəmə qərarları › İş №2(110)-41/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-41/2021

05.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-41/2021 05.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalmasının müəyyən edilməsi və sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızından xx.xx.2005ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 150 manat olmaqla, ümumulikdə 300 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı yetkinlik yaşına çatmayan X1 onun yanında qalması və hər iki uşağa görə alimentin təyin edilməsinə dair ərizəni məhkəməyə təqdim etmiş və təqdim edilmiş ərizə məhkəmə tərəfindən qəbul edilmiş, işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 2020-ci ildə aralarında bağlanmış nikahın pozulduğunu, birgə nikahdan 2 uşaqlarının doğulduğunu, uşaqlardan birinin cavabdehin yanında digərinin isə onunla birlikdə yaşamasının məhkəmə tərfindən müəyyən edildiyini, cavabdehin yanında yaşayan uşağın sonradan onun özü ilə birlikdə yaşadığını, cavabdehin uşaqların saxlanmasında ona köməklik etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu izahatında cavabdehlə xx.xx.2005-ci il tarixdə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2005-ci il tarixdə X1 və xx.xx.2011-ci il tarixdə X2 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, nikah pozulan zaman X2 onun yanında X1 isə anasının yanında qalmasının qət olunduğunu, cavabdeh uşağı 1 ay saxladıqdan sonra onun yanına göndərdiyini, o vaxtdan uşaqlarına özünün təkbaşına baxdığını, cavabdehin uşaqları ilə maraqlanmadığını, heç bir maddi köməklik etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçı ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2005-ci il tarixdə X1 və xx.xx.2011-ci il tarixdə X2 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, nikah pozulan zaman X2 atasının yanında X1 isə onun yanında qalmasının qət olunduğunu, oğlu Şıxəli ilə birlikdə Naxçıvan şəhərində atasıgillə birlikdə yaşadığını, İddiaçı zəng vuraraq oğlunu görmək istədiyini bildirdiyini, bir neçə günlüyünə oğlunu atasıgilə göndərdiyini, bir neçə gündən sonra oğlunun zəng vuraraq atasının yanında yaşadığını, orada hazırlıqlara getdiyini bildirdiyini, ona görə də gəlməyəcəyini, uşaqları ilə zəng vurub maraqlananda ona icazə vermədiklərini, Püsyan kəndinin sahə müvəkkilinin zəng vururaq ki, İddiaçıgilə zəng vurub onları narahat etməməyi bildirdiyini, uşaqlarının hər ikisini də istədiyini, onlara özünün baxa biləcəyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən yetkinlik yaşına çatmayan X3 atasıgil boşanandan sonra anası ilə birlikdə nənəsigildə yaşadığını, orada olan zaman nənəsigilin onu incitdiklərini bildirdiyini, buna görə atasının yanına gəldiyini, avqust ayından atası ilə birlikdə yaşadığını, indi atası ilə yaşamaq istədiyini, bu barədə fikrinin qəti olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatında Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 2(110)-518/2020 saylı mülki iş üzrə rəyin və müayinə aktının tərtib edildiyini, rəydəki göstərilənənləri müdafiə etdiyini, hər hansı bir əlavəsinin olmadığını bildirərək, uşaqların mənafeyinə uyğun qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-124/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı oğlu ilə Cavabdeh arasındakı xx.xx.2005-ci il tarixli 21 saylı nikahın pozulduğunu, xx.xx.2011-ci il tarixdə doğulmuş X2 atası İddiaçı oğlunun yanında, xx.xx.2005-ci il tarixdə doğulmuş X1 isə anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Az-İ № 623771 nömrəli və xx.xx.2011-ci il tarixli Az-İİ № 661484 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2005-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 38 nömrəli rəyindən görünür ki, Komissiya yetkinlik yaşına çatmayan uşaqların atasının yanında qalmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan cavabdehin ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdən X9 MMC-də xadimə vəzifəsindən azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı ilə cavabdeh 2005-ci il də nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2011ci il tarixdə X5 doğulmuşdur. Tərəflər arasındakı nikah pozulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq X2 atasının yanıda, X1 isə anasının yanında qalması müəyyən edilmişdir. Lakin sonrada hər iki uşaq atası ilə birlikdə yaşamağa başlamışdır. Həmçinin Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşaqların atası ilə birlikdə yaşamasını onların mənafeyinə uyğun hesab etmişdir. Uşaqların saxlanması üçün cavabdeh maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh işdən azad edilməsinə dair sübutları məhkəməyə təqdim etmiş, xəstəliyi ilə bağlı işləyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən ər-arvad həmin məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə həmin Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulmuş qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən isə tərəflər bu məsələlərə dair saziş təqdim etmədikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir. Tərəflər uşaqları barədə məhkəməyə saziş təqdim etməmişlər. Məhkəmə iş materiallarını araşdırarkən tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 atası İddiaçı oğlunun yanında qaldığını müəyyən etmişdir. Məhkəmə iclası zamanı X3 atası ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Məhkəmə uşaqların mənafeyini, faktiki olaraq atasının yanında yaşamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, X1 İddiaçı oğlunun yanında saxlanılmalıdır. Eyni zamanda İddiaçı oğluna izah olunur ki, uşaqlardan ayrı yaşayan valideynin, onunla ünsiyyət hüququ, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirdib uşaqların atasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin 80 manatını cavabdeh bir uşaq üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 17 (on yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il tarixdə doğulmuş X1 atası İddiaçı yanında qalması müəyyən edilsin. Şərur rayon Naxçıvan şəhərində yaşayan Cavabdeh xx.xx.2005-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla ümumilikdə,160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Püsyan kəndində yaşayan İddiaçı oğluna ödənilsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh qızından 17 (on yeddi) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar