Məhkəmə qərarları › İş №2(110)-419/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-419/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-419/2023 18.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat aliment, əlavə olaraq uşağımız üç yaşına çatanadək saxlanılması üçün baxım pulu olaraq 200 manat, ümumulikdə 420 manat miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2021-ci il tarixdə cavabdehlə nikaha daxil olduqlarını, ailə qurduqdan sonra işləmək məqsədilə İstanbul şəhərinə getdiklərini, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, bir müddət İstanbul şəhərində qaldıqdan sonra 2022-ci ilin yanvar ayında səhhəti ilə əlaqədar olaraq valideynlərinin yanına gəldiyini, buraya gəldikdən sonra xx.xx.2022-ci il tarixdə X1 doğulduğunu, uşaq doğulandan sonra cavabdehin nə onunla, nə də ki uşağı ilə maraqlanmadığını, gündəlik zəruri tələbatlarını qarşılanmasında cavabdehin maddi cəhətdən köməklik göstərmədiyini, özünün heç bir yerdə işləmədiyini, cavabdehin mediasiya sesiyasında iştirak etmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq evləndikdən sonra Türkiyə Respublikasına getdiklərini, Türkiyədə yaşaya bilmədiyindən 6 ay qaldıqdan sonra buraya qayıtdığını, qayınanasıgillə 1 ay yaşadıqdan sonra yola gedə bilmədiyindən valideynlərinin yanına getdiyini, sonra uşağının doğulduğunu, cavabdehin isə Türkiyədə yaşadığını, burada yaşamağını istəsə də bunu qəbul etməyərək Türkiyədə yaşamaq istədiyini bildirdiyini, cavabdehlə 1 il 4 aydır ki, ayrıldıqlarını, bu müddət ərzində uşağın saxlanmasına heç bir köməklik göstərmədiyini, özünün heç bir yerdə işləmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında yoldaşı ilə heç bir probleminin olmadığını, qayınanasının onların bir aildə yaşamaqlarına imkan vermədiyini, iddiaçı ilə barışmaq üçün Türkiyə Respublikasından gəldiyini, 6 ay yaşadıqdan sonra yoldaşının Türkiyədə buraya qayıtdığını, ailənin bütün ehtiyaclarını qarşıladığını, yoldaşımın işləyib əziyyət çəkməsini istəmədiyini, qaldıqları evin şəraiti yaxşı olmadığından Ulduzun orada yaşaya bilmədiyini, normal şəraitli evdə qalacaqlarını bildirsə də o yenə qəbul etmədiyini, düzənini Türkiyədə qurduğunu, orada işlədiyini, lakin bir müddətdən sonra özü üçün ev alıb burada ailəsi ilə birlikdə yaşamağı düşündüyünü, 200 manatdan artıq aliment ödəməyə imkanının olmadığını bildirərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Az-İİ № 214299 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə doğulmuş X1 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 1 uşaqları doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaq iddiaçı ilə birlikdə yaşayır. Uşağın saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə Türkiyədə Respublikasında işlədiyini və 200 manatdan artıq aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin 200 manat ödəməyə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad və 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 33,52 manat (otuz üç manat əlli iki qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Kürkənd kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 33,52 manat (otuz üç manat əlli iki qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar