Məhkəmə qərarları › İş №2(110)-459/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-459/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-459/2020 24.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləği-aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə X1 və xx xxxxx 2020-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh ayda hər bir uşağı saxlanılmasına 170 (bir yüz yetmiş) manat sabit pul məbləği olan aliment pulunu tutularaq ona ödənilməsi, əlavə olaraq xx.xx.2020-ci il tarixli iddia ərizəsinə əlavə barədə məhkəməyə ərizə ilə müraciət edərək heç yerdə işləməməsi və uşaqlarının tələbatlarını qarşılaya bilməməsini əsas gətirərək cavabdehdən özünün saxlanması üçün xx xxxxxx 2019cu il tarixdə X1 və xx xxxxx 2020-ci il tarixdə X5 3 yaşınadək hər bir uşağa ayda 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat olan aliment pulunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı 2016-cı ildə Cavabdeh Məhəmməd oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduğunu, nikahlarından xx xxxxxx 2019-cu il tarixdə X2 və xx xxxxx 2020-ci il tarixdə X8 dünyaya gəldiyini, cavabdeh tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün haliyədə ailə münasibətlərinin pozulduğunu, ayrı yaşadıqlarını, heç bir yerdə işləmədiyini, uşaqların tələbatlarını qarşılamaya bilmədiyini, cavabdehin sabit işi olmasada, təsərrüfatla məşğul olmaqla maddi imkanının yüksək səviyyədə olduğunu qeyd edərək, xx xxxxxx 2019-cu il tarixdə X1 və xx xxxxx 2020-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Məhəmməd oğlundan ayda hər bir uşağı saxlanılmasına 170 (bir yüz yetmiş) manat sabit pul məbləği olan aliment pulunu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında 2016-cı ildə İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduqlarını, birgə nikahlarından xx xxxxxx 2019-cu il tarixdə X1 və xx xxxxx 2020-ci il tarixdə X5 doğulduğunu, 2-3 aydır iddiaçı ilə aralarında baş vermiş kiçik narazılıq səbəbindən iddiaçının qızlarını da götürərək atası evinə getdiyini, dəfələrlə arxasınca getsələr də geri qayıtmadığını, lakin ayrıca ev tutarsa, onun valideynlərindən ayrı yaşamağını təmin edərsə geri qayıda biləcəyini dediyini, onun buna imkanını olmadığını, valideynlərinin yaşlı olduğunu, onları atıb başqa yerə gedə bilməyəcəyini ona dediyini, eyni zamanda heç yerdə işləmədiyini, valideynlərinin pensiyaları ilə tələbatlarını təmin etdiklərini, özünün qazancının olmadığını, hətta banka kredit borcunun olduğunu, onun aylıq ödənişlərini valideynlərinin dəstəyi ilə çox çətinliklə ödədiyini, iddiaçının izahatında onun təsərrüfatla məşğul olmaqla maddi imkanının yüksək səviyyədə olduğunu qeyd etdiyinin əsasız olduğunu, belə bir imkana malik olmadığını, iddiaçıya bir daha da məhkəmənin hüzurunda barışaraq evlərinə qayıtmasını təklif etdiyini, övladları üçün hər şey etməyə hazır olduğunu, lakin onun iddiaçının uşaqları üçün təlb etdiyi alimentin yarısını ödəməyə belə imkanının olmadığı bir vəziyyətdə iddiaçı özü üçün də əlavə tələb etdiyi alimenti ödəyə bilmək imkanının olmadığını iddiaçının özünün də yaxşı bildiyini, heç cürə bu alimenti ödəməyə qadir olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, AZ-İ 782746 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxx 2017-ci il tarixdə 01 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon X10 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli AZ-İV 162562 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2019-cu il təvəllüdlü X1 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ-İV 464511 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxx 2020-ci il təvəllüdlü X5 valideynləridir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq məhkəmə bu qənatə gəlir ki, iddia qismən təmin edilməklə, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh xx xxxxxx 2019-cu il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd eilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X9» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarına əsaslanıb, iddiaçının tələbinə və təqdim edilmiş sübutlara qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələbdə qismən haqlıdır. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilir ki, tərəflər 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən isə iki övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət faktiki pozulmuş və onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbində qismən haqlı olması qənaətinə gələrək, 25 avqust iyun 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh xx xxxxxx 2019-cu il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qərx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X9” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda məhkəmə iddiaçının heç yerdə işləməməsi və uşaqlarının tələbatlarını qarşılaya bilməməsini əsas gətirərək cavabdehdən özünün saxlanması üçün aliment tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsində təsbit edilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2 və 84.2.2-ci maddələrində təsbit edilmişdir ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normaları ilə müəyyən olunur ki, alimentin tutulması üçün aliment tutulmalı olan tərəf zəruri vəsaitə malik olmalı, digər tərəfin aliment tələbi aliment tələb olunanı ağır vəziyyətə salmamalı və aliment tələb edənin maddi cəhətdən köməyə ehtiyacı olmalıdır. İddiaçı məhz cavabdehin zəruri maddi vəsaitə malik olmasını və özünün maddi cəhətdən köməyə ehtiyacı olmasını sübut etməlidir, lakin belə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu halda, mülki və ya ailə hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəm hesab edir ki, cavabdehin zəruri vəsaitə malik olması, eyni zamanda iddiaçının maddi cəhətdən köməyə ehtiyacının olması ilə bağlı iş materiallarında hər hansı sübut olmadığından, uşaqların 3 yaşına çatanadək iddiaçının özünün saxlanması üçün cavabdehdən alimentin tutulması mümkün deyildir. Ona görə də iddi tələbi bu hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxxx 2019-cu il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq anaları- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar