Məhkəmə qərarları › İş №2(110)-47/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-47/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-47/2022 29.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X4 vurulmuş 26000 manat maddi və 35000 manat mənəvi zərərin-ümumilikdə 61000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi birinci övladı X2 12.04.2015-ci il tarixdə Şərur Şəhər “X20 Mərkəzi”ndə qeysəriyyə əməliyyatı nəticəsində doğulduğunu, doğuş zamanı uşağın başı uşaqlıq yollarından keçdiyi zaman yaranan çətinliklə əlaqədar olaraq baş həkim Cavabdeh1, ginekoloqlar-arvadı Cavabdeh2 və qızı X5 iştirakı ilə qeysəriyyə yolu ilə aparıldığını, buna görə ondan 600 manat pul alındığını, lakin həmin vaxtı uşağın alın nahiyyəsində deformasiya olduğuna görə müalicə aparılmadığını, uşaq doğulandan sonra müalicə müəssisəsində uşağın alın nahiyyəsində deformasiya olması barədə onlara hər hansı məlumat vermədən 15 gün saxlanılıb, uşaq həkimi Cavabdeh4 tərəfindən səhv müalicə aparılaraq ondan 270 manat pul alındığını, ixtisaslı həkimə yönləndirilmədiyini, evə buraxıldıqdan sonra uşaqda narahatlıq yarandığını, başqa həkimlərə müraciət edən zaman həkimlərin uşağın doğuş zamanı alın nahiyyəsində deformasiya olduğuna görə, (yəni baş beyin sümüyünün bir hissəsi əzildiyinə görə əzilən beyin sümüyünün altında beyin hüceyrələrinin müəyyən hissəsi inkişaf etmədiyinə görə) vaxtında ixtisaslı həkimə yönləndirilmədiyindən lazımi müalicəni almadığı üçün yaranmış fəsadlar üzündən ağlayıb çığırdığı bildirildiyini, uşağın vəziyyətinin pisləşdiyini görüb həyat yoldaşı ilə birlikdə onu Bakı şəhər Neyrocərrahlıq xəstəxanasına apardığını, orada övladını 16.11.2015-ci il tarixdə post-notal kəllə sümüklərinin deformasiyası ll-li kraniostemoz, mikrosefaliya diaqnozu ilə əməliyyat etdiklərini, orada onlara uşağın alın nahiyyəsində deformasiyanın qeysəriyyə əməliyyatı zamanı əmələ gəldiyinin bildirildiyini, həmin xəstəxanadan verilən tibbi arayışlarda da bunun öz əksini tapdığını, orada tək əməliyyat xərcinə görə ondan 12000 manat pul aldıqlarını, onun iynə-dərman, qan və digər dərman preparatlarının alınmasına və yol xərclərinə görə 2500 manat da əlavə xərci çıxdığını, borc pul tapmaq üçün 5 dəfə Bakıdan Naxçıvana gəlib 8 baş iribuynuzlu malını satıb, qayıdıb 12000 çamat pul ödəyəndən sonra 02.12.2015-ci il tarixdə xəstəxanadan çıxıb evə gəldiyini, 11.03.2016-cı il tarixdə ikinci dəfə əməliyyat olunması üçün 8000manat da əlavə pul tələb olunduğunu, kəndə qayıdıb 4 baş iribuynuzlu malını və arvadının qızıllarını (1 ədəd qolbağı, 1 ədəd boyunbağı və hər ikisinin nişan üzüklərini) lombardda ucuz qiymətə satıb satıb 8000 manat pul düzəldib Bakı şəhərində xəstəxanaya verdiyini, uşağın əməliyyat olunduğunu, 18 gün qalandan sonra 29.03.2016-cı il tarixdə xəstəxanadan çıxıb evə qayıtdığını, həmin müddətdə dərmanlara və yol xərclərinə görə 2000 manat da əlavə xərci çıxdığını bundan başqa uşağını Türkiyə Respublikasına da müayinəyə apardığını, orada da uşağın alın nahiyyəsində deformasiyanın qeysəriyyə əməliyyatı zamanı əmələ gəldiyinin bildirildiyini, hazırda uşağın 6 yaşı olduğunu, 18 yaşına kimi 150 manat sosial müavinət təyin olunduğunu, indiyə kimi cavabdehlərin uşağın səhhəti ilə maraqlanmadıqlarını, Şərur Şəhər “X20 Mərkəzi”ndə doğuş zamanı və digər xərclər üçün 1500 manat xərcləndiyini, Bakı şəhər Neyrocərrahlıq xəstəxanasında hər 2 əməliyyat, dəran və gediş-gəliş üçün 27000 manat xərcləndiyini, bunu sübut etmək üçün zəruri sənədləri əldə edə bilmədiyini, lakin şahid ifadələri ilə təsdiq edə biləcəyini, onlara ümumilikdə 26000 manat maddi ziyan dəydiyini və mənəvi ziyanı isə 35000 manat məbləğində qiymətləndirdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, oğlu Niyaməddinin 2015-ci ildə Cavabdeh1 məxsus Şərur Şəhər “X20 Mərkəzi”ndə qeysəriyyə əməliyyatı nəticəsində doğulduqdan sonra 15 gün həmin xəstəxanada qaldığını, o vaxt 15 gün uşağı xəstəxanada saxlamalarının səbəbini soruşanda Cavabdeh2 ona uşaq maye udduğu üçün vəziyyəti yaxşı olmadığını, buna görə də uşağın 15 gün hava aparatında saxlanıldığını bildirdiyini, onu evdə buraxdıqdan 4-5 gün sonra uşaqda narahatlıq başladığını, durmadan ağladığını, uşağı Şərur rayon Mərkəzi xəstəxanasında çalışan Səbuhi adlı həkimə göstərdiyi zaman ona bundan sonra uşağı onun yanına aparmamağı bildirdiyini, Naxçıvan şəhər X14 adlı həkimə göstərəndə uşağın müalicəsinin onluq olmadığını bildirdiyini, Nehrəm, Xanlıqlar kəndi və digər kəndlərdəki həkimlərə göstərdiyi zaman uşağı başqa həkimlərə aparmağı dediklərini, Bakıda xəstəxanaya gedənə qədərki 6 ay ərzində buradakı həkimlərə göstərdiyini, təxminən 6 ay sonra Bakıya əməliyyata apardığını, Bakıdakı həkimlərin ona uşağın əmgəyi aşağıya doğru getdiyi üçün əməliyyat olmalı olduğunu bildirdiyini, o beyin sümüyünə toxunduğu üçün uşağa ağrı verdiyini, həmin əməliyyata qədər uşağın ağlayaraq üzünü cırdığını, əməliyyatdan sonra alnının görünüşündə düzəlmə olduğunu və üzünü cırmağı dayandırdığını, bir sözlə bu əməliyyatın ağırıların azalması üçün edildiyini, ağırlarının azalması üçün dərman yazdıqlarını, həmin dərmanların 8-9 saat effekt verdiyini, uşağın gecələr yata bildiyini, Bakıda 2 dəfə əməliyyat olunduğunu, müalicəsi mümkünsüz olduğu halda Bakıda ikinci dəfə əməliyyat etdirməyinin səbəbinin ilk dəfə əməliyyat olunduğu yerə su dolması və həm də sümüyündə əyilmə baş verməsi olduğunu, Türkiyə Respublikasının İstanbul və Ərzurum şəhər xəstəxanalarında olan zaman uşağın beyninin zədələndiyi və əridiyi üçün cəviz boyda olduğunu bildirdiklərini, bunun müalicəsi mümkün olmadığından sadəcə uşaq ağlamasın deyə dərman yazdıqlarını, oradakı qadın həkimin ona ananın normal doğuş olması üçün sıxıldığını, bu zaman uşağın başı hansı tərəfdə olduğu bəlli olmadığından, uşağın beyninin həmin əsnada zədələnmiş ola biləcəyini bildirdiyini, İstanbulda 1400 manat, Ərzurumda 1600 manat xərci çıxdığını, xarici vətəndaş olduğu üçün pulu dollar ilə tələb etdiklərini, rəy yaza bilmələri üçün uşağın 4 gün xəstəxanada yatmalı olduğunu bildirdiklərini, ondan sonra rəy yazdıqlarını, uşağın bu əməliyyatlarına ödədiyi pullar üçün ona qəbz verilmədiyini, bu hallara şahidlik edə biləcək şəxslərin bacısı, yoldaşı, yaxınları olduğunu, belə ki xərcləri qarşılamaq üçün bacısının onların mallarını, yoldaşının isə qızıllarını satdığını, savadsızlıq və məsuliyyətsizliyi ucbatından məhkəməyə gec müraciət etdiyini, Ekspertiza rəyi ilə razı olmadığını, Türkiyədə həkim müayinə edərkən doğuş zamanı uşağın başında deformasiya yarandığını dediyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 izahatında və verilən suallara cavabında Şərur şəhərində fərdi sahibkar kimi vergi qeydiyyatından keçməklə Səhiyyə Nazirliyinin verdiyi lisenziya əsasında tibb fəaliyyəti ilə məşğul olduğunu, X20 Mərkəzi deyilən bir hüquqi şəxs olmadığını, ona görə də iddiaçının eyni tələblə bağlı mövcud olmayan hüquqi şəxsə qarşı iddiası rədd olunduğunu, apellyasia və kassasiya şikayətləri də təmin olunmadığını, yenidən eyni tələblə bağlı fiziki şəxs olaraq ona qarşı iddia qaldırdığını, digər cavabdehlərdən birinin əmək müqaviləsi əsasında çalışdığını, bunu təsdiq edən sənədlərin iş materiallarına əlavə olunduğunu, zəruri olduqda digər həkimləri müqavilə əsasında əməliyyatlara cəlb etdiklərini, buna görə də iddiaçının qaldırdığı iddiaya cavab verməli olan əsas cavabdehin özü olduğunu, iddianı qəbul etmədiyini, onun yoldaşını qeysəriyyə əməliyyatı edəndə şüurunun özündə olduğunu, hər şeyin gözlərinin önündə olduğunu, doğuşdan sonra uşağın ananın yanında olduğunu, onu kənara aparmadıqlarını, əməliyyatın uşağın çıxarılması mexanizminə uyğun qaydada edildiyini, maşadan istifadə edilmədiyini, uşağa doğuşdan sonra oksigen qoşulduğunu, indi demək olar ki, yeni doğulan uşaqların əksəriyyətinə bu aparatın qoşulduğunu, doğuş vaxtı heç bir anormallıq müşahidə edilmədiyini, onun uşağının xəstəxanada 15 gün deyil, 4 gün qaldığını, iddiaçının qohumlarını da onun əməliyyat etdiyini, keçən il yayda iddiaçının baldızı, yəni uşağın xalasının problemsiz şəkildə qeysəriyyə əməliyyatı olduğunu, Türkiyədə həkim rəyinin iddiaçının onlara verdiyi məlumat əsasında, yəni tibbi termində anamnez olduğunu, Naxçıvan MR Səhiyyə Nazirliyinin Tibbi Ekspert Komissiyasının rəyinin daha geniş araşdırmanın nəticəsi olduğunu, araşdırma zamanı uşaq müayinə olunduğunu, həkimlərin dinlənildiyini, hamiləlik və doğuş zamanı verilmiş bütün tibbi sənədlərin araşdırıldığını və xəstəliyin səbəbinin virus olması aşkar olunduğunu, deformasiyanın yanlış cərahiyyə və diaqnozla əlaqəsi olmadığı qənaətinə gəlindiyini iddiaçının yoldaşında bətndaxili hipoksiya əlamətləri olduğundan normal doğuş deyil, qeysəriyyə əməliyyatı etdiklərini bildirdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, digər cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.11.2014-cü il tarixli AZ-İ № 785197 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 06.11.2014-cü il tarixdə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.11.2015-ci il tarixli AZ-İİİ № 533331 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 12.04.2015-ci il tarixdə doğulmuş X2 atasıdır. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 05.12.2017-ci il tarixli 062550 №-li əlillik vəsiqənin sürətindən görünür ki, X6 əlildir. İş materiallarında olan 03.02.2021-ci il tarixli 290/01 nömrəli lisenziyanın surətindən görünür ki, Cavabdeh1 tibb sahəsində fərdi sahibkar fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Şərur Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş 08.01.2005-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN **********) surətindən görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi ilə uçota alınmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 "xxxx" X16 əmək müqaviləsi əsasında çalışır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(110)- 94/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Şərur Şəhər X13rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mövcud olmayan hüquqi şəxsə qarşı qaldırıldığından rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-130/2021 nömrəli iş üzrə 26.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının 12.03.2021-ci il tarixli, 01M №-li rəyindən görünür ki, X3 xəstəliyinin səbəbinin araşdırılması məqsədilə anası X8 məxsus “hamilənin müşahidə kartı”, “Doğum tarixi”, “Uşağın inkişaf tarixi kitabçası (forma 112)”, xəstənin müayinə sənədləri (MRT rəyi, EEQ rəyi, USM rəyi), məhkəməyə təqdim edilmiş digər tibbi sənədlər araşdırılmış, uşağın anasının sahə ginekoloqu, həkim cərrah və həkim ginekoloqun, uşaq doğulduqdan sonra müayinə və müalicədə iştirak edən həkimlərin izahatı alınmış, xəstə uşaq komissiya tərəfindən yenidən müayinə edilmişdir. Komissiya bu nəticəyə gəlmişdir ki, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi, uşağın doğulduğu tarixə uyğun gəlmir. Hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi uşaq doğulduqdan sonrakı dövrlərdə kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyası yanlış və vaxtından gec aparılan qeysəriyyə əməliyyatının nəticəsi deyildir. Çünki xəstədə müşahidə olunan kəllə sümüklərinin deformasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) nəticəsi olaraq yaranmışdır ki, uşaq doğulduqdan sonrakı inkişaf mərhələlərində bu vəziyyət xəstədə ll-li mikrosefaliyanın yaranmasına gətirib çıxarmışdır. Hamilədə ən çox rast gəlinin sitomeqalovirus infeksiyasıdır ki, araşdırılan xəstənin bətndaxili inkişafının 1-ci trimestrində aparılan labarator analizdə həmin virusun yüksək titri (normadan 5 dəfə artıq) aşkarlanmışdır. Novruzova Sahilənin 25.10.2014-cü il tarixli müayinəsi nəticəsində Cytomeqalovirus İg G-51 (pozitiv), norma 9 NU (neqativdir) infeksiyası aşkarlanmışdır. Bu göstərici hamiləliyin ilkin dövründə anada sitomeqalovirus infeksiyasının olmasını göstərir. Həmin dövrdə virusun plasenta yolu ilə dölə keçmə ehtimalı yüksəkdir. Bu da ilk növbədə dölün bətndaxili dövründə beyin toxumalarının virus tərəfindən zədələnməsi, kraniositenoz, daha sonra pataloji proseslərin nəticəsi olaraq uşaq doğulduqdan sonra inkişafının sonrakı dövrlərində ll-li mikrosefaliyanın əmələ gəlməsinə, bu da öz növbəsində yuxarıda qeyd olunan diaqnozların meydana çıxmasına səbəb olmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu X6 12.04.2015-ci il tarixdə cavabdehlərin iştirakı ilə Cavabdeh1 məxsus tibb müəssisəsində qeysəriyyə əməliyyatı nəticəsində doğulmuşdur. Sonradan uşağın səhhətində yaranan problemlərə görə iddiaçı müxtəlif tibb müəssisələrinə müraciət etmiş, uşağın müalicəsi zamanı sərf etdiyini iddia etdiyi 26000 manat maddi, həm də 35000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia mövcud olmayan hüquqi şəxsə - Şərur Şəhər X13rşı qaldırıldığından rədd edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası Şərur Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası isə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hazırkı iddia tələbi üzrə Cavabdeh1 izahatında lisenziya əsasında tibb fəaliyyəti ilə məşğul olduğunu, iddianı qəbul etmədiyini bildirmişdir. Eyni predmetə dair iş üzrə tibbi ekspertiza sahəsində xüsusi bilik tələb olunan suallar meydana çıxdığından məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının 12.03.2021-ci il tarixli rəyinə əsasən X2 təpə nahiyyəsində kəllə sümüklərinin deformasiyasının yanlış və vaxtından gec aparılan qeysəriyyə əməliyyatının nəticəsi olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə hesab edir ki, iş üzrə tibb sahəsində xüsusi bilik tələb olunduğundan və iddiaçının izahatında göstərdiyi hallar və təqdim etdiyi digər sənədlərlə müqayisədə Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin 9 nəfər üzvdən ibarət Məhkəmə Tibbi- Ekspert Komissiyasının rəyi daha əsaslı hesab olunmalıdır. Komissiaynın rəyindən də görünür ki, komissiya rəy verərkən X1 xəstəliyinin səbəbinin araşdırılması məqsədilə anası X8 məxsus “hamilənin müşahidə kartı”, “Doğum tarixi”, “Uşağın inkişaf tarixi kitabçası (forma 112)”, xəstənin müayinə sənədləri (MRT rəyi, EEQ rəyi, USM rəyi), məhkəməyə təqdim edilmiş digər tibbi sənədləri araşdırmış, uşağın anasının sahə ginekoloqu, həkim cərrah və həkim ginekoloqun, uşaq doğulduqdan sonra müayinə və müalicədə iştirak edən həkimlərin izahatı alınmış, xəstə uşaq komissiya tərəfindən yenidən müayinə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının rəyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 275 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar