Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-475/2022 15.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh ilə nikaha daxil olmadan evləndiklərini, birgə nikahdan xx.xx.2021-ci il tarixdə X2 anadan olduğunu, nikah olmadığından Şərur rayon Nikah Evində atalığın müəyyən edildiyini, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin pisləşdiyini, Şahmarın ikinci ailəsi olduğunu, Şahmarın söz ilə ona əziyyət etməyə başladığını, evdə dava-dalaş saldığını, onu təhqir etdiyini, uşaq olandan sonra da bu əziyyətə davam etdiyini, nə qədər uşağa görə səbr etsə də sonunda dözə bilmədiyini, 2 aydan artıq olar ki, Şahmardan ayrıldığını, anası evində yaşadığını, haliyədə uşağı saxlamaqda çətinlik çəkdiyini, cavabdehin uşağın saxlanmasında ona köməklik etmədiyini, özü heç bir yerdə işləmədiyi üçün uşağın tələbatını ödəməyin çətin olduğunu bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq özünün cavabdehin ikinci ailəsi olduğunu, bir övladları olduğunu, Şahmarla aralarında tez-tez mübahisələr çıxdığını, belə ki Şahmarın onu təhqir etdiyini, sonuncu dəfə aralarında mübahisə çıxdıqdan sonra Şahmarın onu evdən qovduğunu, O vaxtdan onunla ayrıldığını, 2 aydır ki ayrı yaşadıqlarını, cavabdehin heç bir köməklik etmədiyini, indi anasıgildə yaşadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qismən qəbul etdiyini, Zəminə ilə 2-ci evliliyi olduğunu, əvvəlki nikahdan 2 uşağının olduğunu, uşaqlarının anasının yanında yaşadığını, onlara 216 manat aliment ödədiyini, iddiaçı ilə xasiyyətlərinin uyğun gəlmədiyini, iddiaçının bütün qohum-qonşular ilə əlaqəni kəsdiyini, anasıgilə gedib gəldikdən sonra aralarında söz-söhbət olduğunu, Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində işlədiyini, aylıq 320 manat əmək haqqı aldığını bildirib iddianın qismən təmin olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 177294 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X2 atasıdır. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 630377 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 125 nömrəli arayışdan görünür ki, Cavabdeh Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin Xələc nasos stansiyasında maşınist-mexanik vəzifəsində çalışır və aylıq əmək haqqı 320 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər nikaha daxil olmadan evlənmiş və xx.xx.2021-ci il tarixdə X4 doğulmuşdur. X2 atalığı müəyyən olunmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaq İddiaçı ilə birlikdə yaşayır. Uşağın saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. Cavabdehin rəsmi aylıq qazancı 320 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin aylıq gəlirini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh xx.xx.2021ci il tarixdə doğulmuş X1 üçün 130 manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Yuxarı Yaycı kəndində yaşayan İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 35,6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Yuxarı Yaycı kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 35,6 manat (otuz beş manat altmış qəpik) məbləğində pul vəsaiti dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-475/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-475/2022
15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver