Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-492/2024 26.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı evə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tikiliyə çəkdiyi xərclərin yarısı olan 15000 manat pulun və ödəmiş olduğu 135 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2016-cı il tarixdə Şərur rayon Düdəngə kənd sakini Cavabdeh1 ilə el adətinə uyğun nikah bağlayaraq ailə qurduqlarını, nikahlarının Şərur Rayon Düdəngə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 18.2.2016-cı il tarixdə 01 nəmrə ilə qeydə alındığını, birgə nikhlarından 27.02.217-ci il tarixdə X7 adında bir uşaqlarının olduğunu, əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan pozulduğunu, aralarında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin 2(110)- 39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulduğunu, birgə nikahdan olan uşağın onun yanında qalması müəyyən edildiyini və uşağın saxlanamsı üçün hər ay 18 manat sabit pul məbləğində aliment təyin edildiyini, aralarında olan nikahın pozulmasına və bir neçə aydır ki, ayrı yaşamaqlarına baxmayaraq birgə nikah dövründə yaşadıqları evə çəkdikləri xərcin qanunverciliyə uyğun aralarında bölünmədiyini, çəkdiyi zəhmətin haqqı cavabdeh tərəfindən ona ödənmədiyini, ailə qurduqdan sonra cavabdehin valideynlərindən qalmış evə gəlin köçdüyünü, ailə qurduqları zaman onun valideynlərininvəfat etdiyini, digər ailə üzvlərinin isə evlənərək təsərrüfatdan ayrıldıqlarını, evin üç otaq və bir salondan ibarət olduğunu, cavabdehin həmin evdə tək yaşadığını, ailə qurduqdan bir müddət sonra ev üçün mətbəx inşa etdiklərini, eyni zamanda sanitar qovşaq tikdiklərini, bununla yanaşı yaşadıqları evin sərhədlərinə yeni hasar çəkdiklərini, evin dam örtüyünü yenilədiklərini, həyətə beton örtük verdiklərini, bütün bu görülən işlər üçün 30000 manatdan artıq xərc çəkdiklərini, bunu məhkəməyə dəvət edəcəyi şahidlərin də təsdiq edə biləcəyini, ona görə də cavabdehdən həmin evə çəkilmiş xərci yarısı olan 15000 manat tələb etdiyini bildirmişdir. İddiaçının nümayəndə-vəkilinin məhkəməyə təqdim etdiyi ərizə əsasında ümumi mülkiyyətdə olan torpaq sahəsinin digər mülkiyyətçiləri - Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4da iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişdir. İşdə iştirak edən şəxsin izahatı: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, birgə nikah dövründə evin şiferinə 10000 manat, otağın təmiri üçün 5000 manat pul xərcləndiyini, həmçinin hamam tikildiyini, həyətə 30 metr hasar çəkildiyini və tövləyə 500 manatlıq şifer vurulduğunu, halları təsdiq edəcək şahidlərinin olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil izahatında və verilmiş suallara cavabında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, evin təmiri üçün 10000 manat borc aldığını və hələ o borcu ödəyə bilmədiyini, həmin evin onun ata evi olduğunu, evə sadəcə şifer vurdurduğunu, iddiaçının özü ondan boşandığını, indi isə ondan çəkilmiş xərci tələb etdiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, həmin evin mənim ata evi olduğunu, onların ailədə 8 bacı və qardaş olduqlarını, o evdən iddiaçıya heç bir pay çatmadığını, qardaşının ailəsi ilə barışmasını istədiyini, o evin şiferi olduğunu, sadəcə yeni şifer vurulduğunu, bir də evin arxa hissəsinin suvandığını, evdə başqa iş görülmədiyini, onların qardaşlarına köməklik etdiklərini, iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında Vüqarın evində 3-4 il bundan əvvəl işlədiyini, həmin vaxtı köhnə şiferi söküb yeni şifer vurduğunu, bundan başqa iş görmədiyini, həmin vaxtı Vüqarın ikinci dəfə evli olduğunu və həmin qadının orda olduğunu, şifer materillarının təzə olduğunu, şiferi 500 manat qarşılığında vurduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında 3- 4 il bundan əvvəl Vüqargildə hasar çəkdiyini, bundan başqa orada iş görmədiyini, hjasarın çəkilməsinə görə 40 manat pul aldığını, materillara nə qədər verdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında onun usta işlədiyini, 5-6 il əvvəl iddiaçının evində 2-3 metr hamam tikdiyini, çöl tərəfini suvadığını, evinin böyründə hamam tikib, təzə şifer vurduğunu, balkonun qabağına beton da tökdüyünü, onun başqa heç nəyə şahid olmadığını, güzəşt edərək 600 manat pul aldığını, ona tikinti üçün 1 maşın qum 5-60 manatlıq və 300 ədəd briket lazım olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında tikinti materiallarının satışı ilə məşğul olduğunu, iddiaçı 6-7 il bundan qabaq ondan 3400 manata dam örtüyü, taxta, rəngsiz şifer aldığını, ona nağd şəkildə də ödəniş edildiyini, onun bildiyi bu qədər olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında onun Vüqarla iş yoldaşı olduğunu, onların bir yerdə alver etdiklərini, özünün kartof satdığını, Vüqar gündəlik mal götürür, satıb pulunu verdiyini, 5 il bundan qabaq Vüqar ondan 5000 manat pul istədiyini, onun da verdiyini, Vüqar söz versə də onun pulunu qaytarmadığını, dəfələrlə pulu qaytarması barədə ona dediyini, münasibətlərinin yaxşı olduğunu, pulu 6 ay müddətinə qaytaracağını, qaytarmasa məhkəmədə iddia qaldıracağını, başqa şəxslərdə də pulu olduğunu, onlarla da münasibəti yaxşı olduğunu, Vüqarın pulu nə məqsədlə aldığını bilmədiyini, ev tikdiyi barədə məlumatı olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-39/2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 18 fevral 2016-cı il tarixli 01 saylı nikah 21 fevral 2024-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan JN-532A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə X6 ailə başçısı olmaqla Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 0.19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 869 nömrəli rəyindən görünür ki, Şərur rayon Düdəngə kəndində yerləşən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətində olan (JN-532A nömrəli şəhadətnamə) üzərində yerləşən evin dam örtüyünün vurulmasına, evin ümumi suvağının çəkilməsinə, 5x4 otağın təmirinə, yarımtikili hamamın tikintisinə, həyətin aşağı hissəsində olan dəmir hasarın çəkilməsinə çəkilən xərc 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 9551 manat olduğu müəyyən edilir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 ilə nikaha daxil olaraq cavabdeh və ailə üzvlərinə məxsus Şərur rayon Düdəngə kəndində yerləşən yaşayış evində yaşamışdır. Ailə münasibətləri pozulduğundan aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə yaşadıqları zaman iddiaçı və cavabdeh tərəfindən yaşayış evinin yaxşılaşdırılması məqsədi ilə təmir edilərək xərc çəkilmişdir. Həmin hallar şahid ifadələri ilə də tam təsdiq olunmuşdur. Çəkilən xərcin hesablanması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və müəyyən edilmişdir ki, evin təmirinə çəkilən xərcin bugünkü bazar qiyməti təqribən 9551 manatdır. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə çəkilmiş xərcin cavabdehlərdən yalnız yarısını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Buna görə də, cavabdehin evinə çəkilmiş xərclər iddiaçı ilə cavabdehin birgə nikahı dövründə çəkildiyindən iddiaçı yalnız qanunun tələbinə əsasən çəkilmiş xərcin yarısını tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının digər cavabdehlərə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 4775,5 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 35 (otuz beş) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 4775,5 manat pul vəsaitin və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4810,50 manat (dörd min səkkiz yüz on manat əlli qəpik) alınaraq iddiaçı Şərur rayon Düdəngə kəndində yaşayan İddiaçı ödənilsin. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 20 (iyirmi) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-492/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-492/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver