Məhkəmə qərarları › İş №2(110)-504/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-504/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-504/2021 15.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.02.2006-cı il tarixdə doğulmuş X2 və 25.08.2007-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 03.05.2006-cı ildə nikaha daxil olduqlarını, birgə nikahdan 25.02.2006-cı il tarixdə X2 və 25.08.2007-ci il tarixdə X3 doğulduğunu, evləndikdən sonra ailə münasibətlərinin normal olduğunu, aralarında heç bir narazılıq olmadığını, lakin bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, Zaurla aralarında tez-tez dava-dalaş yarandığını, buna görə Zaurdan ayrılaraq uşaqları ilə birlikdə atasının yanında yaşamağa başladığını, hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin onlarla maraqlanmadığını, heç bir köməklik göstərmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadaladığı halları təsdiqləmiş, əlavə olaraq cavabdeh ailəsi ilə maraqlanmadığını, lazımi diqqəti göstərmədiyini, Zaurun və onun ailəsinin ona bir qadın kimi hörmət qoymadıqlarını, qayınanasının onların ailəsinə müdaxilə etdiyi üçün aralarında daima mübahisələr yarandığını, ona görə də cavabdehdən ayrıldığını, uşaqları ilə birlikdə atasıgildə yaşadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə 2006-cı ildə evləndiklərini, birgə yaşadıqları müddətdə 2 oğlu doğulduğunu, iddaçının dediklərini qəbul etmədiyini, işi əlaqədar olaraq 1 gün işdə, 2 gün isə evdə olduğunu, işdən evə yorğun halda gəldiyini, Nurlanənin bunu başa düşmədiyini, öz imkanı daxilində ailəsi ilə maraqlandığını və onların ehtiyaclarını qarşıladığını, amma bunlara baxmayaraq, Nurlanənin heç nəyə qane olmadığını, buna görə də aralarında mübahisələrin yarandığını, Yaycı gölünün mühafizəçisini işlədiyini, aylıq 280 manat məbləğində əmək haqqı aldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Arbatan kənd İƏV tərəfindən verilmiş 03.05.2006-cı il tarixli Az-İ № 178138 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 03.05.2006-cı il tarixdə 03 № ilə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Arbatan kənd İƏV tərəfindən verilmiş 25.05.2006-cı il tarixli Az-İ № 628655 nömrəli, 03.09.2007-ci il tarixli Az-İ № 799490 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 25.02.2006-cı il tarixdə doğulmuş X4 və 25.08.2007-ci il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallaraında olan Şərur rayon Arbatan kənd İƏDN-in 04.06.2021-ci il tarixli 147 nömrəli arayışdan görünür ki, X4 və X5 anası İddiaçı ilə birlikdə yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 03.05.2006-cı il tarixdə nikaha daxil olublar. Birgə nikahdan 25.02.2006-cı il tarixdə X4 və 25.08.2007-ci il tarixdə X5 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqları İddiaçı ilə birlikdə yaşayır. Uşağın saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. Cavabdeh izahatında mühafizə xidmətində işlədiyini və aylıq 280 manat məbləğində əmək haqqı aldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu və işə iddia tələbi hüdudlarında baxılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən bir uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 18.06.2021-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 25.02.2006-cı il tarixdə doğulmuş X2 və 25.08.2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Arbatan kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması 18.06.2021-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar