Məhkəmə qərarları › İş №2(110)-516/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-516/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-516/2022 11.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin əlavə xərclərdə iştirakının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları - xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2009-cu il tarixdə doğulmuş X9, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 xəstəlikləri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün Cavabdeh hər ay hər uşaq üçün sabit məbləğdə 150 manat, cəmi 450 manat alimentin, mediatora ödədiyi 50 manatın və dövlət rüsumu olaraq ödədiyi 24 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə birgə nikahdan xx.xx.2008-ci il tarixdə X17, xx.xx.2009-cu il tarixdə X18, xx.xx.2010-cu il tarixdə X12, xx.xx.2014-cü il tarixdə X20, xx.xx.2015-ci il tarixdə X19 və X5 doğulduğunu, uşaqlardan üçünün sağlamlıq imkanlarının məhdud olduğunu, xx.xx.2008-ci il təvəllüdlü X13 ürək qüsurlu, xx.xx.2009-cu il təvəllüdlü X1 qan xərçəngi, xx.xx.2015-ci il təvəllüdlü X10 isə autizm əqli zəiflik diaqnozu qoyulduğunu, onların müalicəsi üçün əlindən gələn hər şeyi etdiyini, X9 Türkiyə Respublikasında Ankara Onkoloji Xəstəxanasında müalicə və əməliyyat olunduğunu, əlavə olaraq getmədiyi aylarda Türkiyə Respublikasından ona davamlı olaraq ödənişli dərman preparatlarının gətirildiyini, X5 Türkiyə Respublikası Madalyon Psixiatrik Mərkəzində müalicə aldığını, X8 Bakı şəhəri X7 uzun müddətdir ki, müalicə aldığını, uşaqların müalicələrinin davam etdirilməli olduğunu, X9 hər ay Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına analizlərə aparıldığını, bunun da əlavə xərc tələb etdiyini, özünün bank ödənişləri olduğunu, kirayədə yaşadığı üçün onların müalicəsinə yetərli pul vəsaiti tapa bilmədiyini, müalicələrini davam etdirə bilmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləmiş və əlavə olaraq oğlu Elvinin müalicəsi üçün iyul ayında 8000 manat kredit götürüb onu Türkiyə Respublikasına apardığını, uşaqların xəstəliyi ilə bağlı Türkiyə Respublikasına gedib-gəldiyini, uşağın müalicəsinin təkcə Türkiyə Respublikasında olduğunu, kommunal xərclər daxil olmaqla, aylıq cəmi 300 manat kirayə haqqı ödədiyini, aylıq 300 manat “Naxçıvanbank”a, 100 manat isə “Kapital bank”a kredit ödədiyini, bütün bu ehtiyacları qarşılamaqda çətinlik çəkdiyini, uşaqların saxlanmasında maddi və mənəvi əziyyət çəkdiyini, uşağı xəstəxanaya həmişə özünün tək apardığını, atası aliment ödəsə də mənəvi cəhətdən heç vaxt yanlarında olmadığını, cavabdehin alimentdən başqa heç bir köməklik etmədiyini, aldığı sosial müavinətlərin məbləği yüksək olsa da, ehtiyaclarını ödəməyə yetmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının dövlət tərəfindən yüksək məbləğdə müavinətlə təmin olunduğunu, məktəbdən maaş da aldığını, uşaqların saxlanmasında köməklik etdiyini, aldığı əmək haqqından tutulmalar çıxıldıqdan sonra 1530 manat pul qaldığını, onun 900 manatını alimentə ödədiyini, qalan pulu ilə öz ehtiyaclarını ancaq qarşıladığını, alimentdən başqa heç nə ödəməyə imkanının olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02/1156 nömrəli arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X17 anadangəlmə ürək qüsurlu diaqnozu ilə xx.xx.2022-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi qeydiyyatda durur. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02/1155 nömrəli arayışdan görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 leykoz diaqnozu ilə xx.xx.2027-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi qeydiyyatda durur. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02/1157 nömrəli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X15 autizm əqli zəiflik diaqnozu ilə xx.xx.2033-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi qeydiyyatda durur. İş materiallarında olan çoxsaylı tibbi müayinə, aviabiletlər və ödəniş sənədlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X17, xx.xx.2009-cu il tarixdə doğulmuş X18 və xx.xx.2015-ci il tarixdə doğulmuş X15 mütəmadi olaraq Türkiyə Respublikasında və Naxçıvan Muxtar Respublikasında müalicə alırlar. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 233/2022 saylı qətnamədən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2009-cu il tarixdə doğulmuş X9, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2014-cü il tarixdə doğulmuş X16, xx.xx.2015-ci il tarixdə doğulmuş X11 və X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə altı uşaq üçün 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02/742 nömrəli arayışdan görünür ki, Şabanova X4 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları X14 200 manat, X10 200 manat, X13 200 manat sosial müavinət və həmin uşaqlara qulluğa görə ana 240 manat Prezident təqaüdü, çoxuşaqlı olduğu üçün digər 3 övladına görə 210 manat müavinət, ümumilikdə 1050 manat müavinət və təqaüd alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şabanov X6 holdinqin "xxxx" MMC-də iş icraçısı işləyir və aylıq əmək haqqı 1730 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında ailə münasibətləri pozulduğundan ayrılmışlar, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş altı uşağın saxlanması üçün cavabdehdən 900 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş uşaqlardan üçünün xəstə olması – birinin kəskin leykoz, birinin autizm və digərinin anadangəlmə ürək qüsurlarına görə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq kimi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda dururlar və iddiaçı mərkəzdən ümumilikdə 1050 manat müavinət və təqaüd alır. Uşaqlar mütəmadi olaraq Türkiyə Respublikasında və Naxçıvan Muxtar Respublikasında müalicə alırlar. İddiaçı 6 uşağı ilə birlikdə kirayədə yaşayır. Cavabdeh iddianı qəbul etməyərək 900 manat aliment ödədiyini, əlavə pul ödəməyə imkanı olmadığını bildirmişdir. Cavabdehin aylıq əməkhaqqı 1730 manat təşkil edir. Cavabdeh tutqular çıxıldıqdan sonra 1530 manat əməkhaqqı aldığını göstərmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Plenum qərarına əsasən Ailə Məcəlləsinin 80ci maddəsində valideynlər tərəfindən yalnız yetkinlik yaşına çatmış övladlara görə alimentin ödənilməsi məsələsi tənzimləndiyi halda, Məcəllənin 81-ci maddəsi valideynlərin uşaqlarla yanaşı, yetkinlik yaşına çatmış övladlara görə də əlavə xərclərin ödənilməsində iştirakını tənzimləyir və valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün əsas ola biləcək halların dairəsinin də məhdud olmadığı göstərilir... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qeyd olunmalıdır ki, birgə nikahdan doğulmuş altı uşağın iddiaçının yanında qalması, uşaqlardan üçünün sağlamlıq imkanlarının məhdud olması, onların bütün qayğılarının iddiaçının üzərinə düşməsi nəzərə alındığından uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülərək əvvəlki qətnamə üzrə 900 manat aliment təyin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı uşaqların müalicə məsrəfləri ilə bağlı cavabdehin əlavə xərclərdə iştirak etməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən əlavə xərclər tibbi xidmətləri də ehtiva etdiyindən və iş üzrə üç uşağın müalicəsi yüksək xərclərə səbəb olduğundan, iddiaçı tələbində qismən haqlıdır. Lakin məhkəmə hesab edir ki, hər bir məhkəmə qərarı ilk növbədə icra oluna bilən olmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Yardıma ehtiyacı olan uşaqlara kömək etmək bir ata kimi cavabdehin borcudur. Lakin iddiaçının tələb etdiyi 450 manat əlavə ödəniş cavabdehin aliment ödənişləri də nəzərə alınmaqla ödəyə biləcəyi maksimum 70 faiz həddən yüksək olduğuna, habelə iddiaçının 900 manat alimentdən başqa uşaqlar üçün 1050 manat da müavinət və təaqüd aldığına görə, iddiaçının tələbi qismən təmin olunmalıdır. Məhkəmə birgə nikahdan doğulmuş uşaqların haqlı mənafeyini, iddiaçının və cavabdehin aylıq gəlirlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 1 uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Eyni zamanda iddiaçıya izah olunur ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırkı tələb üzrə valideynin əlavə xərclərdə iştirakı uşaqlar yetkinlik yaşına çatanadək davam etməlidir. Belə ki, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində uşaqlar 18 yaşadək qeydiyyata alınmışlar. Uşaqlar yetkinlik yaşına çatdıqdan sonra valideynin əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlarının saxlanılması üçün əlavə xərclərdə iştirakı müvafiq tibbi müayinələrdən sonra başqa bir iddianın predmetini təşkil edə bilər. Beləliklə, yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2009-cu il tarixdə doğulmuş X9, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 xəstəlikləri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit məbləğdə əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, iddiaçı tərəfindən mediasiya xərci və iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 29,60 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2009-cu il tarixdə doğulmuş X9, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 xəstəlikləri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit məbləğdə əlavə xərc və məhkəmə xərci olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq 29,60 manatı (iyirmi doqquz manat altmış qəpik) ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar