Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-520/2024 11.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və əlavə xərclərə cəlb olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 235 manat miqdarında sabit pul məbləğində aliment, uşaqların səhhəti və təhsilləri ilə bağlı çəkilən 300 manat əlavə xərc olmaqla hər ay iki uşağa görə cəmi 770 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə nikahının xx.xx.2007-ci il tarixdə Şərur rayon VVADQ Şöbəsində nikah aktı qeydi kitabında 179 № ilə rəsmi nikah qeydinə alındığını, birgə nikahdan yaşadıqları dövrdə iki övladlarının-xx.xx.2008-ci il tarixdə X2 və xx.xx.2013-cü il tarixdə X1 doğulduğunu, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, lakin sonradan cavabdehin xarakterində olan dəyişkənlik, ailəsinə və uşaqlarına laqeyd münasibəti səbəbindən aralarında soyuqluğun yarandığını, nəticədə ailə münasibətlərinin pozulduğunu, artıq bir ildən çoxdur ki ayrı yaşadıqlarını, eyni zamanda cavabdehin uşaqların saxlanmasına köməklik etmədiyini, uşaqlarının günbəgün tələbatlarının artdığını, özünün tibb bacısı işlədiyini, aldığı məvaciblə onların tələbatını ödəməkdə çətinlik çəkdiyini, oğlunun Naxçıvan şəhərində texniki kollecdə təhsil aldığını, qızının məktəbdən kanra məşğələlərə cəlb oluduğunu, qızının gözündə xəstəliyi ilə əlaqədar müalicəyə ehtiyacının olduğunu, maddi imkansızlıq səbəbindən onun müalicəsinin gecikdiyini, onların gündəlik tələbatlarının ödəməkdə valideynlərinin köməklik etdiyini, cavabdehin uşaqları ilə maraqlanmadığını, aliment tələbi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə cavabdehə məlumat bildirilsə də mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə bir ildir ki, ayrı yaşadıqların, bu müddət ərzində uşaqların saxlanması üçün heç bir köməklik etmədiyini, uşaqların saxlanması üçün ondan pul tələb edəndə ona məxsus evdə yaşadığını, kirayə ödəmədiyini bildirdiyini, yaşadıqları evin təmirinə görə götürdükləri kredit üçün 200 manat ödədiyini, oğlunun texniki kollecdə təhsil aldığını, qızının isə hazırlıqlara getdiyini, onların tələbatlarını qarşılaya bilmədiyini, uşaqların gözündə zəifliyin olduğunu, onları müalicə etdirə bilmədiyini, həkim onların eynək taxmasının zəruri olduğunu bildirsə də onu almağa imkanının olmadığını, sadəcə onlara göz damcılarını ala bildiyini, cavabdehin başqa qadınla əlaqəsi olduğunu, cavabdehin halhazırda Türkiyə Respublikasında bacısıgildə yaşadığını, orada işlədiyini, cavabdehin məhkəmədən sonra 70 manat pul göndərdiyini, uşaqların əlilliyinin olmadığını, hal-hazırda uşaqları ilə birlikdə qayınanasından cavabdehə miras qalmış evdə yaşadıqlarını, tibb bacısı işlədiyini, özünün 600 manat əmək haqqı, 150 manat da pensiya aldığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə sənədi cavabdehin bacısı tərəfindən qəbul edilmişdir. Sonuncu məhkəmə bildirişi qeydiyyatda cavabdehin olduğu yerin icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-l № 256786 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2007-ci il tarixdə 179 № ilə bağlanmışdır. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum akt qeydi üzrə çıxarışlardan görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasındakı nikah xx.xx.2007-ci il tarixdə bağlanmışdır. Birgə yaşadıqları müddətdə 2 uşaqları doğulub. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya uşağın saxlanması üçün heç bir köməklik etmir. İddiaçı tibb bacısı işləyir, 600 manat əmək haqqı və 150 manat pensiya alır. İş üzrə iddiaçı cavabdehin gəlirləri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib iddia tələbinin alimentin təyin edilməsi hissəsində qismən əsaslı, əlavə xərclərə cəlb olunması hissəsində isə əsassız olduğu qənaətinə gəlir. Məhkəmə alimentin təyin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, iddiaçının işlədiyini, 600 manat əmək haqqı və 150 pensiya aldığını, cavabdehin gəlirləri barədə sübutun olmadığını və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalı, Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə cavabdehin əlavə xərclərə cəlb olunması tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Plenum qərarına əsasən valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Təhsil xərcləri ilə bağlı isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Ailə Məcəlləsinin 81-ci maddəsini və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarını əlaqəli şəkildə şərh edərək belə nəticəyə gəlir ki, uşaqlara görə əlavə xərclərdə iştirak uşaqların ağır xəstəliyi, əlilliyi və bununla bağlı yaranan digər xərclərlə bağlıdır. İş üzrə iddiaçı uşaqların ağır xəstəliyi və ya əlilliyi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Təhsillə bağlı əlavə xərclərə dair isə iddia tələbinin qanuni əsası mövcud deyildir. Həmin hallar alimentin təyin olunması zamanı nəzərə alınır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iddianın təmin olunmuş hissəsinə münasib olaraq 58,39 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumlikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 58,39 manat (əlli səkkiz manat otuz doqquz qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-520/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-520/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver