Məhkəmə qərarları › İş №2(110)-528/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-528/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-528/2023 12.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın anası olmaması faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X6 bioloji anası olmadığının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2014-cü ildə Türkiyə Respublikasının vətəndaşı olan Cavabdeh ilə tanış olduğunu, rəsmi qeydiyyatdan keçməklə ailə qurduğunu, bu evliliyinin onun ikinci evliliyinin olduğunu, birinci evliliyindən iki övladının olduğunu, Cavabdeh 2015-ci ilin sonlarında təqribən 1 aylıq qız uşağını gətirdiyini, onun anasının öldüyünü söylədiyini, gətirdiyi uşağı övladlığa götürməyini təkid etdiyini, razı olmadığını, lakin onun saxta yollarla həmin azyaşlını övladlıq götürdüklərini, sonradan həmin azyaşlının xx.xx.2015-ci il təvəllüdlü X7 anası kimi qeyd olunduğunu, 2022-ci ilin sentyabr ayından ayrı yaşadıqlarını, Cavabdeh isə azyaşlı ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, ilkin mediasiya sessiyasına çağırılsa da iddia tələbi ilə bağlı heç bir razılıq əldə olunmadığından mediasiyanın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim olunduğunu bildirərək iddianın təmin olunmasını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş əlavə olaraq uşağın övladlığa götürmə olmadan uşağı onun doğması kimi saxta tibbi sənədlər əsasında doğum haqqında şəhadətnaməsində onun anası kimi qeyd olunduğundan sonradan xəbəri olduğunu, övladlığa götürmənin məhkəmə qərarı ilə olduğunu bilmədiyini, məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırdıqdan sonra cavabdehin ondan aliment tələb etdiyini, buna görə bu iddianı qaldırdığını, Şərur Rayon Prokurorluğunda bu faktla bağlı cinayət işi başlandığını, hal-hazırda istintaqın yekunlaşdığını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etdiyini, 2015-ci ildə doğulmuş X8 anası Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan X1 olduğunu, onunla qeyri-rəsmi şəkildə yaşadıqlarını, iki uşaqlarının olduğunu, Türkanənin ikinci uşağa hamilə olan vaxtı münasibətlərinin pisləşdiyini, ayrıldıqdan sonra birinci uşaqlarının Türkanədə qaldığını, İkinci uşaqları doğulandan sonra anası ondan imtina etdiyini, həmin müddətdə Tülpanə ilə tanış olduğunu, Türkanə uşaqdan imtina etdikdən sonra Tülpanə uşağa özünün baxacağını bildirdiyini, iddiaçının ona Türkiyəyə getməyini, uşağı öz adına salacağını və onun doğum sənədini alacağını bildirdiyini, bunun üçün də Tülpanəyə 150 manat pul yolladığını, Tülpanə uşağın anası kimi qeyd olunmasını həkim olan kirvəsinin həll edəcəyini bildirdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 214317 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, AZ-İİ № 531995 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2015-ci il tarixdə doğulmuş X6 valideynləridir. İş materiallarında olan Şərur Şərur Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli məktubdan görünür ki, İddiaçı şikayət ərizəsi ilə toplanmış materiallar üzrə fakta görə Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 və 320.1-ci maddəlləri ilə cinayət işi üzrə X9, X4, Cavabdeh və İddiaçı barələrində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası CPM-in 39.1.3. maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, istintaq zamanı xx.xx.2015-ci il tarixdə doğulmuş X10 Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan X1 doğması müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. 2015-ci ildə doğulmuş X6 anası doğum haqqında şəhadətnamədə İddiaçı qeyd olunmuşdur. Lakin məhkəmə iclasında iştirak edən cavabdeh uşağın anasının Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan X1 olduğunu bildirmişdir. Şərur Rayon Prokurorluğunda bu faktla bağlı cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş və icraata bəraətverici əsaslar olmadan xitam verilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 anası Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan X3r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının dövlət rüsumunun özünə aid edilməsi barədə xahişini nəzərə alaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı xx.xx.2015-ci il tarixdə doğulmuş X7 bioloji anası olmaması faktı müəyyən olunsun. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar