Məhkəmə qərarları › İş №2(110)-538/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-538/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-538/2020 23.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması”tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia qaldırmış və Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X1 üçün hər birinə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı irəli sürdüyü iddianı müdafiə edərək vermiş olduğu izahatında, Cavabdeh ilə xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan iki uşaqlarının - xx xxxxxxx 2009-cu il təvəllüdlü Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011-ci il təvəllüdlü X2 doğulduğunu, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birilərini başa düşdüklərini, aralarında narazıçılıq olmadığını, bir müddət keçdikdən sonra aralarındakı münasibətlərin tədricən soyumağa başladığını, Raminin onunla pis rəftar etdiyini, evə gələndə hər şeyin üstündə dava saldığını, haliyyədə Ramindən ayrıldığını, Xətai kəndində anasının evində yaşadığını, birgə nikahdan olan uşaqlarının onun himayəsində yaşadığını, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin uşaqlarının maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, övladlarının tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin pirket sexində fəhlə işlədiyini, günlük qazancının 20-25 manat olduğunu qeyd edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxxx 2009-cu il təvəllüdlü Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011-ci il təvəllüdlü X1 üçün hər birinə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini qeyd edərək izahatında, İddiaçı ilə xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan iki uşaqlarının - xx xxxxxxx 2009-cu il təvəllüdlü Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011ci il təvəllüdlü X2 doğulduğunu, ailə münasibətlərinin qaydasında olduğunu, xx xxxxxx 2020-ci ildə heyvanları otarmaq üçün çölə apardığını, evə qayıdan zaman yoldaşının ona anasıgilə getmək istədiyini, 5-6 gün qalıb qayıdıb gələcəyini dediyini, o da atası xəstə olduğunu, buna kim baxacaq dediyini, aralarında mübahisə olduğunu, yoldaşının israrla getmək istədiyini görüb kəndçiləri Mehdi adlı taksi şoferini çağırdığını, bacısı oğlu ilə birlikdə onları anasıgilə yola saldığını, 5-6 gün keçəndən sonra zəng edərək nə vaxt qayıdacağını soruşduğunu, yoldaşının daha o evə qayıtmayacağını dediyini, nə baş verdiyini anlamadığını, dəfələrlə zəng etsədə geri qayıtmadığını, səbəbini bilmədiyini, indi də ondan aliment tələb etdiyini, özünün günü 10 manata pirket sexində fəhlə işlədiyi, ayda 300 manat əmək haqqı aldığını, o qədər alimenti ödəyə bilməyəcəyini, ayda hər uşağa 80 manat aliment ödəyə biləcəyini, 100 manat ödəməyə imkanının olmadığını, atasının şəkər xəstəsi olduğunu, ayda onun dərmanlarına 50 manat pul xərclədiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdehilə X3 arasında xx xxxxxx 2009-cu il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 273 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İİ № 340190 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxxx 2009-cu il təvəllüdlü Həsənova Könül Ramin qızının valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İİ № 853932 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxxx 2011-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 494 saylı arayışdan görünür ki, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş Həsənova Könül Ramin qızı və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 ilə birlikdə anası İddiaçı himayəsində yaşayırlar. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələb haqlıdır. Belə ki, aparılmış araşdırma zamanı müəyən edilir ki, tərəflər 2009-cu ildə ailə həyatı qurmaqla ər-arvad kimi yaşamış, onların bu nikahından isə iki övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar ki, tərəflər faktiki olaraq ayrıldıqdan sonra isə onların birgə nikahından doğulmuş övladları da iddiaçının yanında qalmışdır. Hazırda isə iddiaçı bir neçə müddətdir ki, övladları ilə birlikdə Şərur rayon Xətai kəndində anasına məxsus evdə yaşayır və övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbinin təmin olunması qənaətinə gəlir. Ona görə də Cavabdeh iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxxxx 2009-cu il təvəllüdlü Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmışdır ki, 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin «X7» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X7” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş Həsənova Könül Ramin qızının və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar