Məhkəmə qərarları › İş №2(110)-548/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-548/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-548/2024 15.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsi ilə Cavabdeh aliment tututlaraq 01 sentyabr 2014-cü il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər uşaq üçün 90 manat olmaql, ümumilikdə 180 manat sabit məbləğində ona alimentin ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək 01 sentyabr 2014-cü il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 2013-cü ildə Cavabdeh ailə qurduğunu, birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladları doğulduğunu, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən 2021-ci ildən ailə münasibətlərinin pozulduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsinə əsasən Cavabdeh bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 90 (doxsan) manat olmaqla iki uşağa görə hər ay 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, haliyyədə övladlarının böyüdüyünü, uşaqların xərclərinin artdığını, bu səbəbdən də cavabdehin uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərmədiyini, onun haliyyədə işsiz olduğunu və valideynlərinin köməyi ilə uşaqları saxladığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladlarının böyüdüyünü, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh alimentdən başqa digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında tərəflərin 2013-cü ildə evləndiklərini, 2014-cü ildə bir uşaqlarının doğulduğunu, 2017-ci ildə boşandıqlarını, 2018-ci ildə barışdıqlarını, 2019-cu ildə ikinci övladlarının doğulduğunu, sonradan yenə ayrıldıqlarını, uşaqların anaları ilə yaçadığını, oğlunun uşaqların bütün problemləri ilə maraqlandığını, uşaqların hazırlıq pullarını belə verdiyini, uşaqlar xəstə olanda xəstəxanaya apardığını, uşaqların geyimini də aldığını, oğlunun 3-cü qrup əlil olduğunu, 363 manat pensiya aldığını, əmək qabiliyyəti olmadığını, buna baxmayaraq oğlunun iki uşaq üçün ümumilikdə 240 manat aliment ödəməyə razı olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şərur rayon Kürkənd kəndində qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat miqdarında aliment tutularaq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 964601 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü il təvəllüdlü X3 valideyinləridir; - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 626815 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2019-cu il təvəllüdlü X4 valideyinləridir; - Naxçıvan MR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 08/392 nömrəli arayışdan görünür ki, Cavabdeh İİİ qrup əlil ümumi xəstəlik əmək pensiyaçısı kimi qeydiyyatda durur və xx.xx.2009-dan müddətsiz hər ay 153.85 manat pensiya ilə təmin olunur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh 363.85 manat pensiya alır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Şərur rayon Kürkənd kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclasında verdiyi izahatında haliyədə övladlarının böyüdüyünü, onun saxlanılmaları üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh uşaqların alimentdən başqa digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, cavabdehin İİİ qrup əlil olmasını, ikinci dəfə evliliyindən əlavə iki uşağının da olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X2 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 120 manatdır ki, bu da il ərzində 1440 manat (120x12) təşkil etdiyindən buna müvafiq olaraq da 34.4 (otuz dörd manat qırx qəpik) manat (30+440x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-394/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 01 sentyabr 2014-cü il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 34.4 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar