Məhkəmə qərarları › İş №2(110)-561/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-561/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-561/2023 19.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan yetkinlik yaşına çatmayan 30 mart 2011-ci il tarixdə doğulmuş X2 və 22 may 2016-cı il tarixdə doğulmuş X1 üçün alimentin hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Cavabdeh ilə 25 iyun 2010-cu il tarixdə nikaha daxil olaraq evləndiyini, birgə nikahdan 30 mart 2011-ci il tarixdə X6 və 22 may 2016-cı il tarixdə X7 adında uşaqlarının anadan olduğunu, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, aralarında heç bir narazılıq olmadığını, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, yola getmədiklərini, evdə hər şeyin üstündə dava saldığını, bir müddətdən sonra ayrılaraq ayrı yaşamağa başladıqlarını, birgə nikahdan olan uşaqlarını onun himayəsində olduğunu və uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin onların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir kömək göstərmədiyini, Aqilin onların saxlanması üçün köməklik etmədiyindən alimentin təyin edilməsi üçün mediyasiyaya müraciət etdiyini, ilkin mediasiya sesiyaslnda aralarında barışıq sazişi imzaladıqlarını, həmin barışıq sazişinə görə Aqilin ona iki uşağın saxlanması üçün ayda 270 manat ödəməli olduğunu, onun həmin sazişdə göstərilən məbləğlə razı olmasa da mediatorun tərkidi ilə razılaşmağa məcbur olduğunu, sazişin digər şərtləri də mücərrəd şərtlər olduğundan icra edilməsinin qeyri mümkün olduğunu, lakin barışıq sazişi imzalamasına baxmayaraq Aqilin barışıq sazişinin şərtlərinə əməl etmədiyini, iki uşağın saxlanması üçün ayda 270 manat aliment ödənilməsi barədə razılaşsalar da Aqilin alimenti ödəməkdən yayındığını, onun barışıq sazişində göstərilən alimentin miqdarı ilə razı olmadığını, uşaqları ilə birlikdə Şərur şəhərində kirayə yaşadığını, onun maaşı uşaqlarının ehiyacını qarşılamadığını, ona görə də məhkəməyə müraciət etmək məcburtiyyəti yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə 25 iyun 2010-cu il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 30 mart 2011-ci il tarixdə X6 və 22 may 2016-cı il tarixdə X7 adında uşaqlarının anadan olduğunu, aralarındakı münasibətlərin pozulduğunu, buna görə də, ayrı yaşadıqlarını, ilkin mediasiya sessiyası zamanı iki uşağın saxlanması üçün ayda 270 manat aliment ödənilməsi barədə razılaşdıqlarını, razılaşdıqları alimentin bir hissəsini nağd pul şəklində ödədiyini, qalan hissəsini mağazadan ərzaq və digər şeylər alaraq ödədiyini, arada sıxıntıları olduğu üçün 1-2 ay alimentin bir qismini ödədiyini, hal-hazırda əmək haqqının da azaldığını, 270 manatı belə ödəyə bilmədiyini, iddiaçının haliyədə tələb etdiyi alimenti ümumiyyətlə ödəməyə maddi imkanının olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. - Belə ki, iş materiallarında olan: - Şərur rayon Axura kənd İN tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 512888 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 25 iyun 2010-cu il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydi kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Nağıyeva” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-lİ № 509884 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 30 mart 2011-ci il tarixdə doğulmuş X2 valideynləridir. - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-lİİ № 532166 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 22 may 2016-cı il tarixdə doğulmuş X4 valideynləridir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2010-cu ildə nikahlarını rəsmiləşdirmiş, onların bu evliliyindən 2 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları İddiaçı ilə birlikdə yaşayırlar. Hazırda isə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 30 mart 2011-ci il tarixdə doğulmuş X2 və 22 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin qeyd edilir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən, ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 4320 manat (360x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 63.2 (altmış üç manat iyirmi qəpik) manat (30+3320x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla 30 mart 2011-ci il tarixdə doğulmuş X2 və 22 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 63.2 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar