Məhkəmə qərarları › İş №2(110)-570/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-570/2021

13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-570/2021 13.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 29 sentyabr 2010-cu il tarixdə doğulmuş X10 oğlunun və 29 avqust 2017-ci il tarixdə doğulmuş X1 üçün alimentin hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 16 avqust 2018-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 29 sentyabr 2010-cu il təvəllüdlü X10 oğlunun və 29 avqust 2017-ci il təvəllüdlü X2 doğulduğunu, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olmadığını, bir-birilərini başa düşmədiklərini və aralarında narazılıqlar olduğunu, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, bu kimi səbəblərdən Aslandan ayrılaraq uşaqları atasının evində Şərur rayon Muğanlı kəndində yaşadığını, haliyədə uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin onların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, özünün heç bir yerdə işləmədiyi üçün uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini qeyd edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 29 sentyabr 2010-cu il tarixdə doğulmuş X10 oğlunun və 29 avqust 2017-ci il tarixdə doğulmuş X1 üçün alimentin hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci mad dəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2018-ci il tarixli AZ-l № 945847 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş sürətindən görünür ki, Cavabdeh oğlu ilə X5 arasında 16 avqust 2018-ci il tarixdə rəsmi nikah başlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 259 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2018-ci il tarixli AZ-lll № 963879 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 29 sentyabr 2010-cu il təvəllüdlü X10 oğlunun valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2018-ci il tarixli AZ-lll № 963880 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 29 avqust 2017-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 172 nömrəli arayışdan görünür ki, İddiaçı iki övladı ilə birlikdə Şərur rayon Muğanlı kəndində atası X6 Şərur rayon Muğanlı kənd ində yerləşən evində yaşayırlar. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 16 avqust 2018-ci il tarixdə nikaha daxil olublar. Onların birgə evliliyindən iki övladları doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Tərəflər faktiki ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, sağlamlıq vəziyyətlərini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq alimentin sabit pul məbləğində tutulması tələbinin təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 14 iyul 2021-ci il tarixdən hesablanmaqla 29 sentyabr 2010-cu il təvəllüdlü X10 oğlunun və 29 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia təmin edilsin. 14 iyul 2021-ci il tarixdən hesablanmaqla 29 sentyabr 2010-cu il təvəllüdlü X10 oğlunun və 29 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar