Məhkəmə qərarları › İş №2(110)-580/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-580/2025

16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-580/2025 16.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş övladları-26 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 25% miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə 2018-ci ilin iyun ayında el adətinə uyğun olaraq ailə həyatı qurduqlarını, nikahlarının həmin ildə Qeydiyyat Şöbəsində rəsmiləşdiyini, birgə yaşadıqları müddətdə xx.xx.2019-cu il tarixdə təvəllüdlü X4 doğulduğunu, evliliklərinin ilk vaxtlarında cavabdehin valideynləri ilə birgə Şərur şəhərində yaşadıqlaını, mehriban yola getməklə birgə təsərrüfat apardıqlarını, sonradan müxtəlif səbəblərdən aralarında mübahisələr olduğunu, buna görə də bir neçə dəfə küsüb yenidən barışdıqlarını, cavabdehin bu kimi davranışlarına ailəsinin dağılmaması, övladları üçün səbr etdiyini, lakin bunun heç bir faydasının olmayaraq yenədə aralarında baş vermiş mübahisələr səbəbindən ayrıldıqlarını, beş aydan çoxdur ki, ayrı yaşadıqlarını, övladı ilə birlikdə anasının qardaşının yanında Şərur rayon Zeyvə kəndində yaşadığını, bu müddətdə övladının tələbatını yaxınlarının köməyi ilə onun tərəfindən ödənildiyini, cavabdehin övladının saxlanılmasında lazımi köməklik göstərmədiyini, özünün isə işləsədə övladının tələbatının ödənilməsində çətinlik çəkdiyini, bu tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, lakin mediasiya prosesinin heç bir müsbət nəticə vermədiyini, bu səbəbdən cavabdehin aylıq qazancına və digər gəlirlərə münasibətdə aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, bu barədə qərar qəbul edilməsini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və ona verilmiş sualları cavablandırarkən iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2018-ci ildə evləndiklərini, 2019-cu ildə bir uşaqlarının doğulduğunu, yola gedə bilmədiklərini, hal-hazırda ayrıldıqlarını, valideynlərinin yanında yaşadığını, cavabdehin uşağı həftə sonları apardığını, onun zəruri ehtiyaclarını qarşıladığını, özünün müəllim işlədiyini, 740 manat əmək haqqı aldığını, Zeyvə kəndində anası, qardaşı və bacısı ilə birlikdə yaşadığını, qardaşının Zeyvə kənd İcra nümayəndəsi vəzifəsində işlədiyini, anasının isə işləmədiyini, bir dəfə də alimentlə bağlı müraciət etdiyini, barışmaq ehtimalı olduğundan sənədlərini geri götürdüyünü, lakin barışa bilmədiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Cavabdeh izahatında və ona verilmiş sualları cavablandırarkən yola getməməklərinin səbəbinin Səmanın valideynləri ilə rəftarından asılı olduğunu, özbaşına hərəkət etdiyini, ondan xəbərsiz işlər gördüyünü, işlədiyi yerdən kirayə ev tutmaq istədiyini, cavabdehlə ayrıldıqdan sonra Sədərək rayonunda kirayə ev tutmaq istədiyini, orada işlədiyindən rahat olmaq istədiyini, mediasiya təşkilatına müraciət etdikdə razılaşa bilmədiklərini, hal-hazırda isə iddiaçının tələbini qəbul etidiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 946175 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 170 nömrə ilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV № 462895 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X4 ata məlumat qrafasında Cavabdeh, ana məlumat qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli MŞN/25-O-00020 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X1 müraciət etmiş, lakin cavabdeh ilə heç bir razılığa gəlməmişdirlər. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Orucov X5 Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləməklə, aylıq 1110 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Orucova X3 Rayon Təhsil Şöbəsində müəllim işləməklə, aylıq 656 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan görünür ki, onun hazırda aliment tələb olunan uşaqdan başqa yetkinlik yaşına çatmayan uşağı yoxdur. Məhkəmə iş materiallarını iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, tərəflərin xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaları, onların bu birgəliyindən xx.xx.2019-cu il tarixdə X6 adlı övladlarının doğulması, tərəflərin hal-hazırda ayrı yaşaması və xx.xx.2019-cu il təvəllüdlü X6 anasının himayəsində qalması işin mübahisəsiz hallarıdır. Məhkəminin əsaslandırması: Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək 2025-ci ildə bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 manat məbləğində müəyyən olunmasını, xx.xx.2019-cu il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı himayəsində olmasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, o cümlədən uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alaraq cavabdehdən hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Bu səbəbədən də məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən hər ay bir uşağa görə qazancının (və ya başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalı və qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 53.3 manat ((1110:4x1=277.5; 277.5 manat x12 ay=3330 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 23.3 manat=53.3 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, -İddia təmin olunmalı; -xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-Şərur rayonunun Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə qazancının (və ya başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-Şərur rayonunun Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh 53.3 (əlli üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdeh Şərur rayonunun Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddaçı Şərur rayonun Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Cavabdeh 53.3 (əlli üç manat otuz qəpik) məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar