Məhkəmə qərarları › İş №2(110)-590/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-590/2024

19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-590/2024 19.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi və əlavə xərclərdə iştirakı tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladımız xx.xx.2011-ci il təvəllüdlü X8 müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun İddiaçı xeyrinə ödənilməsi, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 tələbatının ödənilməsi ilə əlaqədar yaranmış digər xərclərlə bağlı hər birinə çəkilən 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində əlavə xərcin Cavabdeh tutularaq onun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, onunla Cavabdeh arasında 26 yanvar 2007-ci il tarixdə Şərur rayon Axaməd kənd İƏDN-də dövlət qeydiyyatından keçməklə 02 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanıldığını, onların birgə nikahdan iki övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 doğulduğunu, evliliklərinin ilk vaxtlarında biz mehriban yola getdiklərini və birgə təsərrüfat apardıqlarını, lakin sonradan cavabdehin xarakterində olan dəyişkənlik, ailə və uşaqlarına olan laqeyid münasibəti səbəbindən aralarında soyuqluq yarandığını, nəticədə onların ailə münasibətlərinin pozulmaqla, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verildiyini, həmin qətnamə ilə eyni zamanda birgə nikahlarından doğulmuş övladları xx.xx.2008-cı il təvəllüdlü X3 və xx.xx.2011-cü il təvəllüdlü X6 onun yanında saxlanılmasının müəyyən edildiyini və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsinin aliment qismində tutularaq onun xeyrinə ödənilməsi qət edildiyini, uşaqların saxlanmasında ona lazimi maddi və ya mənəvi köməklik göstərmədiyini, cavabdehin ona hər ay iki uşağa görə cəmi 110 (bir yüz on) manat aliment ödədiyini, ödənilən bu məbləğin də onların tələbatı üçün yetərli olmadığını və bu məbləğin ölkə üzrə bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan az olduğunu, özünün isə müəllim işləməklə hər gün Qaraburc kəndinə gedib-qayıtmaq məcburiyyətində olduğunu, aldığı əməkhaqqının əksər hissəsinin nəqliyyat xərclərinin ödənilməsinə sərf edildiyini, bu baxımdan aldığı məvaciblə övladlarının tələbatını ödəməkdə çətinlik çəkdiyini, uşaqlarının isə günbəgün böyüməkdə və tələbatları artmaqda olduğunu, övladlarının Şərur şəhəri 2 saylı orta məktəbində təhsil aldıqlarını və onların məktəbdən kənar məşğələlərə də cəlb olunmuşlar ki, hər ay onların qeyd edilən məşğələləri üçün əlavə olaraq 200 (iki yüz) manata yaxın pul tələb edildiyini, onların gündəlik tələbatlarını ödəməkdə yaxınlarının ona köməklik etsə də, cavabdehin uşaqları ilə maraqlanmadığını, onların tələbatının ödənilməsində ona zəruri köməklik göstərməyərək 110 manat aliment ödəməklə öz vəzifələrini bitmiş hesab etdiyini, buna görə də onun hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, cavabdehin uşaqların saxlanması üçün mənə aliment ödəməklə bərabər, onların təhsili və digər xərcləri (səhhəti, əyləncə və istirahəti) ilə bağlı çəkilən əlavə xərclərin ödənilməsində də iştirak etməli olduğunu hesab etdiyini, onun ailə münasibətlərindən irəli gələn aliment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə MediasiyaTəşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək, müvafiq arayış verildiyini, odur ki, onun Cavabdeh qarşı “sabit pul məbləğində aliment” və uşaqlar üçün çəkilən əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də, iddiaçı ilə 2007-ci il tarixdə ailə qurduqlarını, onların bu nikahdan iki övladları – xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahlarının pozulduğunu, övladlarının yaşayış yerinin iddiaçının yanında saxlanılmasının müəyyən olunduğunu, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsinin aliment qismində tutularaq iddiaçının xeyrinə ödənilməsinin qət edildiyini, əvvəlcə uşağın saxlanması üçün iddiaçıya 110 manat məbləğində aliment ödədiyini, sonradan əmək haqqı artığından 2024-cü ilin yanvar ayından iddiaçıya hər ay 160 manat aliment ödədiyini, özünün Şərur rayon Qaz İstismarı İdarəsində fəhlə işlədiyini, 570 manat əmək haqqı aldığını, onun 160 manatını aliment ödədiyini, əlavə olaraq iki bankdan kreditlər götürdüyünü 280 manata yaxın həmin bankların kreditini ödədiyini, nəinki iddiaçının haliyədə tələb etdiyi alimenti ödəməyə, hətta haliyədə ödədiyi 160 manatdan artıq aliment ödəməyə imkanının olmadığını, eyni zamanda iddiaçının hər ay 1300-1350 manat əmək haqqı aldığını, uşaqların təminatını ödəyə bilmirsə uşaqları ona qaytarmasını istədiyini, uşaqlar onunla yaşayacağı təqdirdə iddiaçıdan heç bir xərc və aliment tələb etməyəcəyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Axaməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli AZ İV № 168115 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2008-ci il təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Axaməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli AZ İV № 168116 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X6 valideynləridir; - Şərur rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə iddiaçı Cavabdeh ilə cavabdeh X11 arasında bağlanmış nikah pozulmuş, onların bu nikahından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X12 anasının yanında qalmaları müəyyən edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının üçdə bir hissəsi bu qətnamə qəbul edildiyi tarixdən hesablanmaqla aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X11 arasında bağlanmış nikaha 28 avqust 2018-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 28 avqust 2018-ci il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Rəhimova” soyadı verilmişdir; - Şərur rayon Qaraburc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 782 saylı arayışdan görünür ki, İddiaçı Şərur rayon Qaraburc kəndində qeydiyyatda durur və Şərur şəhərində yaşayır və aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır.

1. X2 xx.xx.2008

2. X4 xx.xx.2011 - Şərur rayon Qİİ-nin xx.xx.2024-cü il tarixli arayışıdan görünür ki, Cavabdeh vəzifə maaşı 570 manatdır. - Şərur rayon Təhsilli Şöbəsi M.Seyidov adına Şərur şəhər 2 №li tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışıdan görünür ki, X9 və X12 2023/2024-cü tədris ilində Şərur şəhər 2 №li tam orta məktəbində təhsil almırlar; - Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində, İddiaçı mənə qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, birgə nikahımızdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində əlavə xərcin məndən tutularaq iddiaçı İ. Rəhimovanın xeyrinə ödənilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Həmnin iddia üzrə iş icraatınızdadır ki, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:45-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxslərin işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişatı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Nəzərinizə çatdırım ki, aramızdakı nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə rəsmi olaraq pozulmuş, bundan sonra biz ayrılmışıq, ayrıldığımız vaxtdan da mən həmişə uşaqlarımın yanında olmuş, onların tələbatının ödənilməsində əlimdən gələni əsirgəməmişəm. bu səbəbdən də hazırki iddia tələbinə etiraz edirəm. Belə ki, mənə qarşı qaldırılmış iddia əsassız olmaqla mənim maddi vəziyyətimə uyğun deyildir. Mən özüm Şərur rayonu Qaz İstismar İdarəsində sürücü vəzifəsində işləməklə vəzifə maaşım 570 (beş yüz yetmiş) manat təşkil edir ki, mənim bundan başqa heç bir əlavə gəlirim yoxdur. Aldığım əməkhaqqının vergi və digər ödənişlər tutulduqdan sonra qalan üçdə biri yəni 160 manat hissəsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsinə sərf edilir ki, aliment məbləği də tərəfimdən vaxtlı-vaxtında hər ay iddiaçıya ödənilməkdədir. Bundan başqa özüm və valideynlərim tərəfindən də uşaqların saxlanılmasında iddiaçıya imkan olduqca əlavə köməklik göstərilir. Həmçinin imkan düşdükcə uşaqların istirahət və əyləncələrinin təmin edilməsi məqsədilə tez-tez iddiaçı ilə bərabər Naxçıvan şəhərinə səfərlər edirik ki, bu zaman da bütün xərclər mənim tərəfimdən ödənilir. Bildirirəm ki, son 3 ayda uşaqların mənimlə görüşməsinə icazə verməyib bu barədə mənə köməklik göstərəsiniz. Bundan başqa qeyd edim ki, iddiaçının məndən hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində əlavə xərc tələbi də əsassız və yalandır. Belə ki, uşaqlar iddia ərizəsində göstərildiyi kimi Şərur şəhəri, 2 saylı orta məktəbdə deyil, Şərur rayonu Qaraburc kəndində təhsil alırlar. (Bu barədə ərizədə yalan məlumat yazmışdır). Bu zaman da onlar anaları ilə birgə gedib-gəlirlər ki, həm təhsil, həm də nəqliyyat üçün əlavə xərc tələb edilmir. Onların rayon mərkəzində yaşayıb əlavə xərc çəkmələrinə zərurət də yoxdur. Belə ki, Qaraburc kəndində yaşamaqla bu xərclərdən azad ola bilərlər. əlavə olaraq bildirirəm ki, iddiaçı özü hər ay 1300-1350 manat əmək haqqı alır. Uşaqları dolandıra bilmirsə özümə versin. Mən ondan heç bir xərc və aliment tələb etmirəm. odur ki, ərizəmdə göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsi və Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(10)-124/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməyinizi xahiş edirəm. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh qazancının üçdə bir hissəsi aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı alimentin dəyişdirilməsi tələbi ilə yenidən məhkəməyə müraciət edərək, cavabdehin ödədiyi alimentin uşaqların tələbatı üçün yetərli olmadığını və bu məbləğin ölkə üzrə bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan az olduğunu, özünün isə müəllim işləməklə hər gün Qaraburc kəndinə gedib-qayıtmaq məcburiyyətində olduğunu, aldığı əməkhaqqının əksər hissəsinin nəqliyyat xərclərinin ödənilməsinə sərf edildiyini, bu baxımdan aldığı məvaciblə övladlarının tələbatını ödəməkdə çətinlik çəkdiyini, uşaqlarının isə günbəgün böyüməkdə və tələbatları artmaqda olduğunu, cavabdehin uşaqları ilə maraqlanmadığını, onların tələbatının ödənilməsində ona zəruri köməklik göstərməyərək 160 manat aliment ödəməklə öz vəzifələrini bitmiş hesab etdiyini, buna görə də onun hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, cavabdehin uşaqların saxlanması üçün mənə aliment ödəməklə bərabər, onların təhsili və digər xərcləri (səhhəti, əyləncə və istirahəti) ilə bağlı çəkilən əlavə xərclərin ödənilməsində də iştirak etməli olduğunu hesab etdiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, valideynlərin uşaqlar üzərində bərabər hüquqlara malik olmaqla onları saxlamağa borclu olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin dəyişdirilməsi hissəsində qismən təmin olunaraq, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Həmçinin qeyd olunmalıdır ki, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Eyni zamanda o da qeyd olunmalıdır ki, cavabdeh hər ay banka kredit müqavilələrii üzrə borc ödədiyini qeyd etsədə, bu hallara dair sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X10 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehdən alimentin müəyyən hissə kimi tutulması haliyədə iddiaçının mənafeyini əhəmiyyətli dərəcədə pozur və alimentin hazırda cavabdehin ödədiyi miqdarda saxlanması üçün qanuni əsas yoxdur. Eyni zamanda məhkəmə iddiaçının aylıq gəlirinin yüksək olması barədə cavabdehin göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halın mövcud olması ilə əlaqədar cavabdeh hər hansı sübutunu məhkəməyə təqdim etməmiş və həmin halın mövcudluğu belə alimentin cavabdehin qazancının üçdə bir hissəsi miqdarında saxlanılmasına əsas ola bilməz Eyni zamanda məhkəmə iddia tələbinin Cavabdeh uşaqlarının təhsili, səhhəti, əyləncə və istirahəti ilə bağlı çəkilən əlavə xərclərdə iştirakının təmin olunması, əlavə xərclərə görə yəni hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etsədə əlavə xərclərə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının sübut etmədiyi halları mövcud olmayan hal kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə tərəfindən valideynlərdən birinin əlavə xərclərdə iştirakı məsələsi həll edilərkən ilk növbədə Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması halı müəyyən edilməlidir. Lakin qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur və hazırki iddia tələbi üzrə də bu hallar mövcud deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı izahatında cavabdehin ona hər ay 160 manat aliment ödədiyini bildirdiyindən, hazırkı iddianın artırılmış məbləği 120 manat olur ki, bu da il ərzində 1440 manat (12x120) təşkil etdiyindən buna müvafiq olaraq da 34.40 (otuz dörd manat qırx qəpik) manat (1440- 1000=440/100*1=30+4.4=34.4) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar