Məhkəmə qərarları › İş №2(110)-60/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-60/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-60/2022 10.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı 12.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını, keçmiş 9 (doqquz) ayın alimentinin bərpa edilməsi və Cavabdeh Mediasiyaya çəkilən 50 manat xərcin alınıb verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 2010-cu il tarixdə evləndiklərini, 2011-ci il tarixdə nikaha daxil olduqlarını evləndiklərini, birgə nikahdan 12 iyun 2011-ci il tarixdə X1 anadan olduğunu, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birilərini başa düşsələrdə aralarında mübahisələr baş verdiyini,yoldaşının heç bir yerdə işləmədiyi, dolanışıqlarının yaxşı olmadığı üçün Türkiyə Respublikasına gedərək orada yaşamağa məcbur olduqlarını, Türkiyədə hər ikisinin işləməli olduğu üçün bir müddət uşağı kəndə atasının –anasının yanına göndərməli olduğunu, bir müddət atasıgilin yanında qaldığını, son üç ildirki uşağı da Türkiyə Respublikasına apardıqlarını, Türkiyədə uşağı məktəbə qoyduqları üçün uşağa özünün baxmalı olduğunu, həm də işlədiyi üçün bütün yükün onun üzərinə düşdüyünü, çox əziyyət çəkdiyini, uşağı məktəbə aparıb gətirməyin onu yorduğunu, işləməklə məşğul olsa da uşağa da baxmağa çalışdığını, uşağın tələbatını ödəməyin çətin olduğunu, yoldaşının nə uşaqla nə də onunla maraqlanmadığını, bir yerdə yaşasalarda bir ildriki ailə münasibətlərinin pozularaq tamamilə kəsildiyini, son zamanlar eyni evdə yad insanlar kimi yaşadıqlarını, yalnız özünün yetkinlik yaşına çatmayan uşağının qayğısına qaldığını, yeməkləri və gündəlik ehtiyacları qarşılamağa çalışdığını, cavabdeh onlarla eyni evdə yaşasa da uşağa maddi və mənəvi heç bir dəstək göstərmədiyini, təkbaşına çətinliklərin öhdəsindən gələ bilmədiyi üçün 26.11.2020-ci il tarixində övladıyla kəndə atasının yanına gəldiklərini, övladını kənddə məktəbə qoyduğunu, zəif oxuduğu üçün yoldaşlarına çatması üçün 50 manat verərək hazırlığa qoyduğunu, 9 aydır ki kənddə valideynlərinin himayəsində yaşadığını, cavabdehin Türkiyə Respublikasında yaşadığını, orada işlədiyini orta aylıq gəlirinin 600 manat təşkil etdiyini qeyd edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı 12.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını, keçmiş 9 (doqquz) ayın alimentinin bərpa edilməsi və Cavabdeh Mediasiyaya çəkilən 50 manat xərcin alınıb verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.12.2011-ci il tarixli AZ-l № 603221 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2011-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 307 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Hüseynova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.02.2012-ci il tarixli AZ-lİ № 665568 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 12 iyun 2011-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 36 nömrəli arayışdan görünür ki, Hüseynov İlkin Zülfəli oğlu anası İddiaçı ilə birikdə yaşayır. İş materiallarında olan Mediator tərəfindən verilmiş 15.11.2021-ci il tarixli, 2021-007155 nömrəli İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışından məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasından iştirak etməmişdir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 27 dekabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən 1 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 16.11.2021-ci il tarixdən hesablanmaqla, 12 iyun 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin İddiaçı tərəfindən Mediasiyaya çəkilən 50 manat xərcin əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda məhkəmə iddiaçının iddia tələbinin “keçmiş 9 (doqquz) ayın alimentinin bərpa edilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək cavabdeh tərəfindən uşağın saxlanması üçün ona alimentin ödənilməsinə dair hər hansı tədbirlər görməsinə, eyni zamanda cavabdehin aliment verməkdən boyun qaçırmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin “Mediasiyaya çəkilən 50 manat xərcin alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədədə əsaslıdır. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhz qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə müvafiq olaraq da, İddiaçı tərəfindən Mediasiyaya çəkilən 50 manat xərcin əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. - 9.4-cü maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 1800 manat (150x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. 16.11.2021-ci il tarixdən hesablanmaqla, 12 iyun 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən Mediasiyaya çəkilən 50 manat xərcin əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar