Məhkəmə qərarları › İş №2(110)-636/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-636/2020

28.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-636/2020 28.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X2 üçün alimentin 150 (bir yüz əlli) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 2008-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan onların bir övladının- xx xxxxxx 2009-cu il təvəllüdlü X9 dünyaya gəldiyini, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olmadığını, bir-birilərini başa düşmədiklərini, aralarında narazıçılıqlar olduğunu, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, 2018-ci ildə nikahlarının pozulduğunu, birgə nikahdan olan uşağının onun himayəsində olduğunu, nikahları pozulduqdan bir müddət sonra onun icra şöbəsinə ərizə verərək alimentdən imtina etdiyini, lakin haliyyədə uşağın saxlanmasında çətinlik çəkdiyini, cavabdehin onun maddi vəiyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, onun heç bir yerdə işləmədiyi üçün uşağın təminatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin nə işlə məğul olduğu və qazancı barədə məlumatının olmadığını qeyd edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2009-cu il təvəllüdlü X2 üçün alimentin 150 (bir yüz əlli) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsaslanaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlamış, teleqramın məzmunundan görünür ki, oğlu X10 göndərdiyi alimentin 80 manatı hər ay göndərəcəyini, ancaq İddiaçı iddiasına görə 150 manat istədiyini, heç bir yerdə işləmədiyini, artıq göndərməyə imkanının olmadığını, bunu nəzərə alınmasını, hər ay 80 manat göndərəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli AZ-İ 176435 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxx 2018-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir və qadına “Seyidova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İİ 335143 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2009-cu il tarixə doğulmuş X9 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-19/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx xxxxx 2008-ci il tarixdə 03 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından olan övladı xx xxxxxx 2009-cu il təvəllüdlü X9 anası X3 yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 584 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X6 kəndində anasının himayəsində yaşayır. İş materiallarında olan Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli İcra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında Qərarın surətindən görünür ki, tələbkar X4 aliment tələbindən imtina etdiyindən Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədinin icrasına xitam verilərək, icra sənədi məhkəməyə göndərilmişdir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən isə bir övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar arasında olan nikah pozulmuşdur, tərəflər arasında nikah pozulduqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. Məhkəmənin qətnaməsi ilə uşağın saxlanması üçün alimentin ödənilməsi müəyyən edilsə də Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “İcra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Qərarın surətindən görünür ki, tələbkar X4 aliment tələbindən imtina etdiyindən Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədinin icrasına xitam verilərək, icra sənədi məhkəməyə göndərilmişdir. Hazırda isə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbində qismən haqlı olması qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «X11» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X11” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, xx xxxxxx 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar