Məhkəmə qərarları › İş №2(110)-680/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-680/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-680/2021 29.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi“ nə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı 27.01.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində olmaqla alimentin tutularaq ona ödənilməsi barədə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 06 aprel 2016-cı il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində (82-ci səhifədə qeyd edilmişdir) nikah qeydiyyatından keçərək ailə qurduqlarını, bu nikahdan bir övladının 27.01.2016-cı il təvəllüdlü X3 doğulduğunu, ailə qurduqdan sonra Cavabdeh valideynləri ilə birlikdə Şərur rayon Yengicə kəndində yaşadıqlarını, ilk zamanlar ailə münasibətlərinin yaxşı olduğunu, ailə-məişət zəminində hər hansı bir mübahisələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, daha sonra Cavabdeh valideynlərinin müdaxiləsi səbəbindən tez-tez ailə-məişət zəminində mübahisə etməyə başladıqlarını, bu səbəbdən də ailə münasibətlərində soyuqluq yarandığını, axırıncı dəfə 2020-ci i8lin dekabr ayının 6-dan aralarında olan mübahisədən sonra azyaşlı övladı ilə birlikdə Şərur rayon Şəhriyar kəndinə valideynlərinin yanına qayıtdığını, həmin vaxtdan ayrı yaşadıqlarını, bu müddət ərzində cavabdehin onlarla maraqlanmadığını, hər hansı bir maddi cəhətdən köməklik göstərmədiyini, bütün tələbatlarını valideynlərinin qarşıladığını, uşaq azyaşlı olduğundan özünün heç bir yerdə işləyə bilmədiyini, uşağı təkbaşına saxlamağın onun üçün çətin olduğunu, ona görədə cavabdehin azyaşlı övladının yetkinlik yaşına çatana qədər ona aliment ödəməli olduğunu hesab bildirərək, Cavabdeh azyaşlı övladı 27.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində olmaqla alimentin tutularaq ona ödənilməsi barədə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında 2020-ci ilin dekabr ayından uşağı ilə birlikdə atasının himayəsində yaşadıqlarını, atası işlədiyindən, onların bütün təlabatlarını ödədiyindən indiyədək cavabdehdən aliment tələb etmədiyini, artıq atası işdən çıxdığı üçün uşağının tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini, cavabdehin özünəməxsus təsərrüfatının olduğunu, bazarda al-ver etdiyini, eyni zamanda hərbi xidmət keçdiyi dövrdə xəsarət aldığı üçün 2-ci qrup əlil kimi pensiya aldığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək izahatında həqiqətəndə İddiaçı ilə 06 aprel 2016-cı il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində nikah qeydiyyatından keçərək ailə qurduqlarını, bu nikahdan 27.01.2016-cı il təvəllüdlü X3 doğulduğunu, ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, sonradan tədricən münasibətlərinin soyuduğnu, iddiaçının onunla yola getmədiyini, səbəbsiz olaraq tez-tez uşağıda götürərək valideynlərinin evinə getdiyini, axırıncı dəfə dekabr ayında evdən getdiyini, dəfələrlə cəhd etsədə iddiaçının geri qayıtmaq istəmədiyini, tələb etdiyi alimentinin isə həddən çox olduğunu, 100 manat aliment ödəyə biləcəyini, əvvəlki nikahından himayəsində bir azyaşlı uşağının da olduğunu, təsərrüfatla məşğul olduğunu, artıq bazardan çıxdığını, 2-ci qrup əlil kimi 390 manat pensiya aldığını, başqa qazancının olmadığını, uşağı üçün hər şey edəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, Cavabdeh ilə X2 arasında 06 aprel 2016-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə 82 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Şəmilova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 may 2016-cı il tarixli AZ-İİİ № 534031 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş sürətindən görünür ki, iş üzrə tərəflər 27 yanvar 2016-cı il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 342 nömrəli, 27 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Şərur rayon Şəhriyar kəndində anası ilə birlikdə yaşayır. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 06 aprel 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən 1 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar, tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, 27 yanvar 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 172.2-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir; - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. 01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, 27.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar