Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-680/2024 10.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmadan ailə həyatı qurduqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən doğum haqqında şəhadətnamə verildiyini, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir mübahisələrinin olmadığını, bir müdət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə yola gedə bilmədiklərini, buna görə də xx.xx.2022-ci il tarixdə uşağı ilə birlikdə valideynlərinin yanına qayıtdığını, həmin tarixdən ayrı yaşadıqlarını, ayrı yaşadıqları müddətdə cavabdehin köməklik etsə də bu uşağın gündəlik tələbatını qarşılamağa kifayət etmədiyini, bunu cavabdehə bildirəndə məhkəməyə müracət etməyini və məhkəmə qətnaməsi ilə müəyyən olunan alimeti ödəyəcəyini bildirdiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbi ilə bağlı mübahisənin məhkəmədənkənar həlli məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə cavabdehə məlumat bildirilsə də onun mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını göstərmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, hər ikisinin ikinci evlilikləri olduğunu, lakin onunla nikaha daxil olmadığını, cavabdehin uşağın saxlanması üçün köməklik etsə də uşağın saxlanması üçün yetərli olmadığını, cavabdehin məhkəmə tərəfindən təyin olunacaq alimenti ödəməyə razı olduğunu bildirdiyini, onun imkanının yaxşı olduğunu, Türkiyədə usta işlədiyini, özünə aid torpaq sahələrinin olduğunu, bura gələn zaman da təsərrüfatla məşğul olduğunu, özünün isə heç bir yerdə işləmədiyini, böyrəyində xəstəliyinin olduğunu, cavabdehin isə heç bir xəstəliyinin olmadığını, onun tələb etdiyi alimenti ödəməyə imkanının olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, cavabdehin qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədi qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmiş, icra nümayəndəliyinin arayışına əsasən məhkəmə sənədi cavabdehin anasına təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Az-l № 240919 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Az-lV № 628211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Yengicə kənd İƏDN-in arayışından görünür ki, X3 anası İddiaçı ilə birlikdə Şərur rayon Yengicə kəndində yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə X3 doğulmuş və uşağa atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaq iddiaçı ilə birlikdə yaşayır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehin mülkiyyətində **********04 və **********05 reyestr nömrəli torpaq sahələri olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaya heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirləri barədə heç bir məlumat olmasa da mülkiyyətində torpaq sahələrinin olmasını, iddiaçının cavabdehin gəlirləri ilə bağlı izahatını nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 48,20 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Kəngərli rayon Çalxanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 48,20 manat (qırx səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-680/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-680/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver