Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-704/2024 31.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşağa görə 235 ( iki yüz otuz beş) manat olmaqla iki uşağa görə hər ay 470 ( dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə xx.xx.2010-cu il tarixdə el adət-ənənələlərinə uyğun olaraq ailə qurduqlarını, nikahlarının xx.xx.2015-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində nikah haqqında akt qeydləri kitabında 254 № ilə rəsmi nikah qeydiyyatına alındığını, birgə nikahda yaşadıqları dövrdə iki övladlarınınxx.xx.2011-ci il tarixdə X1, xx.xx.2013-cü il tarixdə X2 doğulduğunu, ailə qurduqdan sonra ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, ailə təsərrüfatını birgə idarə etdiklərini, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə yola gedə bilmədiklərini, tez-tez ailə məişət zəminində mübahisələr etməyə başladıqlarını, bu da ailə münasibətlərində soyuqluğun yaranmasına səbəb olduğunu, axırıncı dəfə xx.xx.2024-cü il tarixdə aralarında olan mübahisədən sonra cavabdehin iki azyaşlı övladıyla birlikdə onu evdən çıxarıb Şərur rayon Oğlanqala kəndində yaşayan valideyinlərinin yanına göndərdiyini, həmin tarixdən onların cavabdehlə ayrı yaşadıqlarını, cavabdehin bu müddət ərzində bir dəfə də olsun onlarla maraqlanmayıb, gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi köməklik göstərmədiyini, tək qadın olaraq uşaqların gündəlik zəruri tələbatını qarşılamağın onun üçün çətin olduğunu, cavabdehin birgə nikahdan doğulmuş iki azyaşlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona aliment ödəməsini istədiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının vaxtı və yeri cavabdehə bildirilsə də onun sessiyada iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞN/24-Ə- 00786 saylı arayış verildiyini, bu səbəbdən Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini cavabdehin ailəsi ilə maraqlanmadığını, onların ehtiyaclarını qarşılamadığını, qayınatasının sağlığında ailəsinə baxdığını, lakin o vəfat etdikdən sonra onlara baxmadığını, cavabdehin təsərrüfatla məşğul olduğunu, onu və uşaqlarını işlətdiyini, lakin qazandıqlarını özü üçün xərclədiyini, onların ehtiyaclarını qarşılamadığını, uşağın gözündə problem olduğunu, onu əməliyyat etdirmək istəsə də, cavabdehin buna razı olmadığını, uşağa görə 200 manat pensiya və ona baxım üçün 100 manat aldığını, lakin bu məbləğin uşaqların saxlanması üçün yetərli olmadığını, onunla ailə olaraq barışmadığını, ona çox əziyyət verdiyini, onu çox ötüşdürdüyünü bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, aralarında elə bir ciddi problemin olmadığını, toya getmək məsələsinə görə aralarında mübahisə olduğunu, onun valideyninə bu barədə məlumat verdiyini və onu anasıgilin evinə apardığını, ondan sonra özü və qohumları getsə də, qayıtmaq istəmədiyini bildirdiyini, özünün ailəsinin həmişə yanında olduğunu, onların bütün ehtiyaclarnı qarşıladığını, bunu bütün kənd camaatının bildiyini, yoldaşı ilə barışıb yenidən bir ailədə yaşamaq istədiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, təsərrüfatla məşğul olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli Az-lİ № 068275 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2015-ci il tarixdə 254 № ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Az-lİ № 531653 nömrəli və Az-lİ № 531652 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasındakı nikah xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Birgə yaşadıqları müddətdə 2 uşaqları doğulub. Tərəflər ayrı yaşayır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya uşaqların saxlanması üçün heç bir köməklik etmir. İş üzrə iddiaçı cavabdehin gəlirləri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh fərdi təsərrüfatla məşğul olur. İddiaçı uşağa görə 200 manat pensiya və ona baxım üçün 100 manat alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirləri barədə sübutun olmadığını, cavabdehin təsərrüfatla məşğul olmasını, iddiaçının aylıq 300 manat müavinət almasını və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 160 manat olmaqla, ümumlikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 52 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumlikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Oğlanqala kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 52 (əlli iki) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-704/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-704/2024
31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver